Dövlət başçısının bölgəyə səfəri yeni önəmli layihələrə meydan açdı
II yazı
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da Ağdama növbəti səfəri zamanı açılışında iştirak etdiyi sənaye müəssisələri, “İmarət” tarixi kompleksi, “Aghdam City Hotel” mehmanxanası, dörd bir tərəfdə sürətlə davam edən bərpa-quruculuq işləri, gerçəkləşdirilən yeni layihələrlə tanış olduqca qürur duymamaq mümkün deyildi. Bütün bunlar o deməkdir ki, Zəngilan, Laçın, Füzuli, Şuşa, Xocalı kimi, tezliklə Ağdamda da həyat əvəlkindən də yüksək səviyyədə axarına düşəcək.
Müasir istehsal sahələri, yeni iş yerləri
Ağdam Sənaye Parkındakı sənaye müəssisələri ilə tanışlığımızın davamında ən müasir avadanlıq quraşdırılmış “Mister Decor” MMC-nin divar kağızları istehsalı zavodunun direktoru Əli Əliyevin verdiyi məlumat isə bizi xüsusən qürurlandırdı:
– Ağdamda divar kağızlarının istehsalına başlanması nəinki Azərbaycanda, ümumilikdə, Cənubi Qafqaz regionunda ilk təcrübədir. Belə ki, dünyanın əksər ölkələrində divar kağızlarından istifadə edilsə də, istehsalçı dövlətlərin sayı azdır. Bu isə zavodun məhsullarını həm yerli, həm də xarici bazarda satışına geniş imkanların mövcudluğunu göstərir. Müəssisə rəhbəri artıq xarici bazara çıxmaq istiqamətində də iş getdiyini, müəssisənin nümayəndəsinin danışıqlar aparmaq üçün qardaş Özbəkistanda olduğunu bildirdi. Hədəf bazar kimi isə, əsasən, Orta Asiya dövlətləri nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusunu almış “Mister Decor” MMC-nin investisiya həcmi 8 milyon manatdır. Alman texnologiyasından istifadə edilən müəssisədə illik 2,1 milyon rulon divar kağızının istehsalı nəzərdə tutulub. Burada ilkin mərhələdə 18 nəfər daimi işlə təmin edilib ki, onların da əksəriyyəti Ağdamın və ətraf rayonların sakinləridir. Ümumilikdə isə 76 nəfər işlə təmin ediləcək. Zavod üçün yeni avadanlıqlar sifariş edilib və 2025-ci ilin mart ayında ikinci istehsal xəttinin işə salınmması nəzərdə tutulub.
Evlərimizin divarlarını bəzəyəcək yüksək keyfiyyətli, zövq oxşayan divar kağızlarının hazırlanmasında iştirak edən işçilərdən biri, rayonun Üçoğlan kəndindən olan Səbuhi Əhmədli məmnunluğunu bizimlə bölüşür:
– Doğma Ağdamımızda belə bir iş yerinin yaradılması haqqında xəbər tutan kimi, müraciət etdim, işə qəbul olundum. Bir müddət işi öyrətdilər. İndi divar kağızlarının rənglənməsi bölməsindəki avadanlıqlar üzrə operator işləyirəm. İnanın ki, həqiqətən sevincimizin həddi-hüdudu yoxdur. Ağdamın yenidən inkişaf etməsini görmək, zavodların açılması, ağdamlıların öz şəhərinə qayıdaraq burada işləməsi hər birimizdə xoşbəxtlik duyğusu yaradır. Bütün bunlar üçün isə, ilk növbədə, dövlətimizin başçısına minnətdarıq.
Ağdam Sənaye Parkında üz tutduğumuz növbəti ünvan “Metkons” MMC-nin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodudur. Müəssisənin direktoru Nicat Hacıyev bildirdi ki, Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu zavodun illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə hazırda əksəriyyəti Ağdam rayonundan olmaqla 47 nəfər işləyir. Yaxın 2 ay ərzində isə ümumilikdə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Zavodda istehsal olunan məhsullar ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulub. Bir daha qeyd etmək yerinə düşər ki, Ağdamda sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının sürətlə icra edilməsinə böyük töhfədir. Çünki işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq layihələrinin icrası zamanı bundan əvvəl tanış olduğumuz zavodların olduğu kimi, “Metkons”-un da istehsal etdiyi məhsullara kifayət qədər tələbat var. Ona görə də, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu ilk olaraq bu tələbatın qarşılanması istiqamətində fəaliyyət göstərəcək.
Eyni sözləri Azərbaycan Prezidentinin Ağdam Sənaye Parkında açılışını etdiyi daha iki istehsal müəssisəsi – parkın rezidentləri “Prof-Dam” MMC-nin dam örtükləri istehsalı və “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodları haqqında da söyləmək mümkündür.
“Prof-Dam” MMC-nin dam örtükləri istehsalı zavodunun direktoru Arif Ataşov bildirdi ki, investisiya dəyəri 8,5 milyon manat olan müəssisə ildə 1,4 milyon kv.metr profilli təbəqələrin, 1 milyon kv.metr metalkirəmit lövhələrin, 1 milyon kv.metr sendviç panellərin, habelə 2 min ton dam aksessuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub. Burada da əksəriyyəti Ağdam və ətraf rayonlardan olmaqla ümumilikdə 40-dək iş yeri yaradılacaq. Tanış olduğumuz sonuncu zavod olan “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunda isə 60 nəfər işlə təmin ediləcək.
Müəssisənin direktor müavini Əhmədiyyə Baxışov məlumat verdi ki, 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan zavodun investisiya dəyəri 8,92 milyon manatdır. İllik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.
Erməni vandalizminin yaraları sağaldılır
Ağdam Sənaye Parkı ilə tanışlığımız xoş təəssüratlarla, ümidverici məqamlarla yadda qaldı. Burada ilkin mərhələdə görülən işlərin, həyata keçirilən layihələrin miqyası həqiqətən də heyrətamizdir. Ağdamın ilk sənaye müəssisələrinin rəhbərlərinə, işçi heyətlərinə fəaliyyətlərində uğurlar arzulayıb, üz tutduq dövlət başçısının bərpadan sonra açılışını etdiyi “İmarət” kompleksinə.
Kompleksin İşçi Qrupunun üzvü Nərgiz Abdullayeva məlumat verdi ki, Ağdam rayonunda erməni vandalizminin qurbanına çevrilərək dağıdılıb talan edilmiş tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu kompleks xanın ilk mülklərindəndir. İşğal zamanı digər tarixi-mədəni və dini abidələrimiz kimi, İmarət də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Nə qədər acı olsa da, Qarabağda və Şərqi Zəngəzurda dinc azərbaycanlılara qarşı insanlığa sığmayan cinayətlər törətmiş erməni faşistləri eyni vəhşilikləri məscidlərimizə, dini-tarixi abidələrimizə, mədəniyyət, təhsil ocaqlarımıza qarşı da nümayiş etdiriblər. Bu vandallığın ən ağlasığmaz nümunəsi isə ermənilərin məscidlərimizdə donuz saxlamaları, müqəddəs ziyarətgahlarımızı təhqir etmələridir. İmarət Kompleksi də işğal dövründə eyni aqibəti yaşayıb. Bu mənada kompleksin bərpası tarixi irsimizə sahib çıxmaq baxımından böyük əhəmiyyətə malikdir.
N.Abdullayeva onu da bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Hazırda isə kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində 213 müsəlman qəbri aşkar olunub. Onlardan 18-i türbələrin içərisində yerləşir.
Kompleks artıq ziyarətçilər üçün də açıqdır. Bura gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə biləcəklər. Gecəni Ağdamda qonaq qalmaq istəyənlər isə İmarətin yaxınlığında yerləşən, yenicə açılmış “Aghdam City Hotel”ə üz tuta bilərlər. Elə biz də otellə tanış olmaq, haqqında ətraflı məlumat almaq üçün yollanırıq səfər marşrutumuzun növbəti dayanacağı olan “Aghdam City Hotel”ə.
Ağdam şəhərinin mərkəzinə yaxın yerdə inşa edilmiş hotelin fəaliyyətə başlaması xüsusilə əlamətdardır. Belə ki, gündən-günə böyüməkdə olan, yeni inkişaf yolu ilə irəliləyən Ağdama işləmək və turizm məqsədilə gələnlərin sayı sürətlə artmaqdadır. Bu isə təbii olaraq, şəhərdə yerləşmə məsələsini aktuallaşdırır. “Aghdam City Hotel”in işə salınması sözügedən məqamın da diqqətdə saxlanıldığını göstərir. Artıq şəhərə gələn qonaqlar gecələmək üçün yer tapmaqda problemlə üzləşməyəcəklər. Üstəlik, hotelin açılışı regionda turizmin müxtəlif növlərinin inkişafı baxımından da mühüm rol oynayacaq.
Mehmanxananın direktoru Murat Kodan söylədi ki, 5 mərtəbədən, 130 nömrədən ibarət olan oteldə qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb, həmçinin restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Onu da öyrəndik ki, oteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.
Dövlət başçısının Ağdama növbəti səfərinin izi ilə üz tutduğumuz budəfəki məkan təməli yenicə qoyulmuş “İmarət” stadionunun yerləşəcəyi ərazidir. İdmansevərlərə yaxşı məlumdur ki, vaxtilə Ağdamın “Qarabağ” futbol komandasının ev oyunlarını keçirdiyi “İmarət” stadionu da işğal dövründə erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb. Bu gün isə Azərbaycan Prezidenti yeni, daha müasir, UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulan stadionun təməlini qoymaqla bütün dünyaya nümayiş etdirir ki, biz mənfur qonşularımız kimi dağıtmaqla deyil, qurub-yaratmaqla, tikməklə, düşmənin darmadağın etdiyi yerləri yenidən cənnətə çevirməklə məşğuluq. Çünki biz bu yerlərin əsl sahibləriyik!
“İmarət” haqqında məlumat verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev bildirdi ki, stadionun inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış unikal layihə əsasında tikiləcək “İmarət” stadionu 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olacaq. Təbii ot örtüklü stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr tikiləcək. Kompleksə əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular da daxildir.
Gələcəkdə şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Ağdam Qayıdışın astanasında
Ağdama səfərimizin son mərhələsi rayonun Xıdırlı və Kəngərli kəndlərində aparılan tikinti işlərinin gedişi ilə tanışlıq oldu. Tikintisi sürətlə davam edən kəndlərin küçə və həyətlərini gəzdikcə əmin olduq ki, çox keçməyəcək biz bu müqəddəs torpaqlarımıza ayaq basanda erməni vəhşiliyinin acı, ürək dağlayan nəticələri ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.
Bizi bu istiqamətlərdə müşayiət edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdaretmə Xidmətinin mətbuat katibi Leyla Sarabi öz doğma sakinlərini qarşılamağa hazırlaşan kəndlərdə görülən işlər barədə ətraflı məlumat verdi:
– Rayonda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri olan Xıdırlı kəndində 5 min 93 nəfərin məskunlaşdırılması planlaşdırılıb. 2022-ci ilin oktyabrın 4-də təməli qoyulan Xıdırlıda bərpa-tikinti-quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Ümumi sahəsi 418 hektar olan ərazinin tam layihələndirilməsi, həmin sahədə 1379 fərdi yaşayış evinin inşası planlaşdırılır.
Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 2 min 951 nəfərin köçürülməsi üçün 2, 3, 4 və 5 otaqlı olmaqla 719 fərdi evin tikilməsi planlaşdırılır. Həmin evlərin hamısının torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Ərazidə, mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun, çoxfunksiyalı bina, ailə-sağlamlıq mərkəzi, bayraq meydanı, klub, icma mərkəzi, məktəb, bağça, xalq sənətkarlıq emalatxanası, satış köşkləri və digər obyektlərin tikintisi də davam etməkdədir.
Kəngərli kəndində də bir-birindən yaraşıqlı evlərin tikintisi və təmiri plana uyğun davam etdirilir. Kəngərlidə 2 min 44 nəfərdən ibarət 632 ailənin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir. Bütün evlərin torpaq, bünövrə və hörgü işləri, həmçinin 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır.
Kəngərli kəndində də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
Səfərimizin sonunda fürsətdən istifadə edib dövlət başçısının bir gün öncə təməlini qoyduğu Eyvazxanbəyli kəndinə də baş çəkirik. Eyvazxanbəylinin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Kənddə 4 min 38 nəfərin məskunlaşdırılması məqsədilə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ağdam rayonunun 212 minə yaxın əhalisindən 162 min 397 nəfəri məcburi köçkün kimi respublikamızın 62 şəhər və rayonunda məskunlaşıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, hazırda Ağdam şəhərində və bir sıra kəndlərində bərpa-quruculuq işləri aparılır və bu ilin sonunadək həmin ərazilərin bir hissəsinə əhalinin köçürülməsi nəzərdə tutulub.
Vətənimizin hər qarışı kimi əziz olan Ağdamın da azad, firavan günlərinin yeni tarixi hesabı açılıb. Artıq 4 ildir ki, müqəddəs torpaqlarımızın bağrını yaran düşmən mərmiləri deyil, traktorların, kənd təsərrüfatı texnikalarının kotanları, malaları, biçin alətləridir. Çünki topraq, Qorqud Dədəmiz dediyi kimi, həm də əkib-becərdikcə Vətən olur! Biz indi bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var.
Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur.
Mahir RƏSULOĞLU
XQ
Ağdam