Azərbaycan istənilən ssenariyə hazırdır
Ötən nömrələrimizdə Qərbdə, ilk növbədə ABŞ-də “Qarabağ məsələsinin “diriltmə” prosesinə başlanılması barədə məlumat vermişdik. Bunu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantos İnsan Haqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan haqları” mövzunda keçirilən dinləmələr də təsdiqləyir. Dinləmələrdə sabiq separatçı rejimin nümayəndələri, xüsusən də “artsax respublikasının ombudsmanı” kimi təqdim edilən Geqam Stepanyan da iştirak edib. ABŞ, Fransa və erməniləri siyasi alətə çevirmək istəyən digər ölkələr belə hesab edirlər ki, “Qarabağ məsələsində” Ermənistanı dəstəkləməklə bir tərəfdən Bakıya təzyiq göstərə biləcəklər, digər tərəfdən isə Cənubi Qafqaz bölgəsində mövcudluğunu gücləndirəcəklər.
Ermənilərin çox qucaq dəyişdiklərini rahatlıqla deyə bilərik. Bunu əminliklə deməyə tarixi faktlar da əsas verir. Ermənilərin dönük xislətindən geniş danışmağa ehtiyac duymuruq, bununla bağlı kifayət qədər faktlar, məlumatlar var. Ona görə də, iki əsrdən çox ruslara qulluq etmiş ermənilər indi də Qərbin qucağına atılırlar. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın humanist və postmüharibə sindromundan əziyyət çəkən bir xalqın hökumətinə göstərdiyi anlayışlı siyasətdən sui-istifadə edən ermənilər Qərbdə macəra axtarırlar. Rusiya–Ukrayna müharibəsindən sonra geosiyasi vəziyyətin yaratdığı gərginliyin fonunda Qərbin Cənubi Qafqaz regionunda güclənməyə çalışması tendensiyasını fürsət kimi qiymətləndirən İrəvandakı qüvvələr valı dəyişməyə çalışırlar.
Buna görədir ki, Ermənistan bu yaxınlarda müxtəlif platformalarda və müxtəlif səviyyələrdə bəyan etdi ki, hətta ixtisar edilmiş formada da olsa, hansısa sülh müqaviləsini imzalamağa hazırdır. Xüsusilə də sentyabrın 10-da “İrəvan dialoqları” Beynəlxalq Forumunun açılışında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana sülh müqaviləsinin artıq razılaşdırılmış mətnini imzalamağa dəvət edildiyini bildirərək, sənəddə 13 bəndin və preambulanın tam razılaşdırıldığını, üç bəndin isə qismən razılaşdırıldığını bildirmişdi: “Sülhün və münasibətlərin bərqərar olması ilə bağlı razılaşdırılmış mətni ən qısa zamanda imzalamağa hazır olduğumu təsdiqləmək istəyirəm. Biz artıq razılaşdırılanları götürməyi, imzalamağı, əsas sənədə sahib olmağı və sonra qalan məsələlərin müzakirəsini davam etdirməyi təklif edirik”.
Ermənistan xarici işlər nazirliyinin rəhbəri Ararat Mirzoyan da rəhbərinin dediklərini təkrarlayır. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ilə birgə keçirilən mətbuat konfransında bildirmişdi ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır: “Biz razılaşdırılmış mətni tez bir zamanda imzalamağa hazırıq”.
Maraqlıdır, İrəvanı belə tələsməyə hansı amillər vadar edir? Axı may ayında elə Paşinyan da, Mirzoyan da tam başqa mövqe sərgiləyirdilər. Paşinyan jurnalistlərlə görüşündə qeyd etmişdi ki, müqavilənin imzalanması üçün oradakı bütün prinsiplər razılaşdırılmalıdır. Hələ 2023-cü ildə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan “Azatutyun” radiosunun sualına cavab olaraq bildirmişdi ki, “danışıqlarda belə bir yanaşma var: Əgər hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə razılaşdırılmayıb”. İndi nə oldu ki, İrəvan yarımçıq sülh müqaviləsini imzalamağa razılaşır?
Məsələ ondadır ki, ermənilərin əsas məqsədi razılaşdırılmamış məqamların qaldığı ixtisar edilmiş sülh müqaviləsi ilə Azərbaycanın əl-qolunu bağlamaqdır. Ermənistan rəhbərliyinin ideyasına görə, o, bu natamam sazişi imzaladıqdan dərhal sonra Qərb nəzarətçilərinin dəstəyi ilə öz planının aktiv mərhələsinə keçmək istəyirdi. Yəni bir daha bütün platformalarda beynəlxalq strukturların və ya ayrı-ayrı Qərb dövlətlərinin (məsələn, ABŞ və Fransanın) iştirakı ilə Qarabağ ermənilərinin, onların təhlükəsizliyini təmin edən bədnam təminatların qaytarılması ilə bağlı məsələləri aktuallaşdırmağı planlaşdırırdı.
Təbii ki, Azərbaycan qısa zamanda İrəvanın və onun havadarlarının planını anladı və qabaqlayıcı addım atdı. Bakı açıq şəkildə bəyan etdi ki, Ermənistan hakimiyyətinin razılaşdırılmamış müddəaları istisna olmaqla, sülh sazişi layihəsinin imzalanması təklifini qəbuledilməz hesab edir. Eyni zamanda, o da birmənalı olaraq vurğulandı ki, Ermənistan layihənin mətnindən uyğun olmayan müddəaları çıxarmaqla sülh sazişinin imzalanmasına çağırış edir və bununla da mövcud problemləri növbəti mərhələyə saxlamağa çalışır. Ancaq Azərbaycan dəfələrlə bildirib ki, belə müqaviləni imzalamayacaq. Bununla bağlı Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında vurğuladı ki, razılaşdırılmamış müddəaların sülh müqaviləsindən çıxarılması primitiv və qeyri-adekvat addımdır: “Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq”.
Azərbaycanın mövqeyi reallıqlara adekvatdır. Yəni Bakı istəyir ki, iki ölkə arasında münasibətlərin gələcəyinə gizli minalar qoyulmasın. Ancaq Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır və belə olan halda İrəvan Azərbaycanın ərazi bütövlüyünü sənədlə necə tanıya bilər? Ermənistan və onun müttəfiqləri sülh müqaviləsinin yarımçıq variantı ilə Azərbaycanın əl-qolunu bağlamaq planının baş tutmadığını başa düşdükdən sonra “B” planına keçdilər və “ixtisar olunmuş müqavilə” imzalandıqdan sonra əvvəllər səsləndirməyi planlaşdırdıqları məsələləri açıq şəkildə qaldırmağa başlayıblar. Xüsusən də mövqeyini sərtləşdirən İrəvan Qərbin dəstəyindən ilhamlanaraq getdikcə daha çox “Dağlıq Qarabağ” və “etnik təmizləmə”dən danışır, qisas haqqında getdikcə daha ciddi düşünür.
Vaşinqtonun İrəvanla hərbi təlimlər keçirməsi və bununla da Ermənistan silahlı qüvvələrinin səviyyəsinin yüksəldilməsi bəhanəsi ilə ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığının güclənməsi regionda yeni hərbi münaqişə ehtimalını xeyli artırır. Eyni sözləri Fransa barədə də demək olar. Məsuliyyətsiz bəyanatları və addımları ilə Paris sülhə yox, geosiyasi maraqlarını təmin etmək üçün erməni kartından istifadə etməyə çalışır. Bölgədə sülhün əldə olunmasına kömək etmək istəyinin açıqlanmasına baxmayaraq, Vaşinqton və Fransa faktiki olaraq Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayırlar. Aydındır ki, bu ölkələr və digərləri Azərbaycanın müstəqil şəkildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə barışmaq istəmirlər. Bu səbəbdən də Qərbdə Azərbaycan əleyhinə geniş kampaniya başladılıb.
Ancaq ermənilər sadə bir reallığı unudurlar- keçmişindən dərs götürməyənin axırı fəlakətli olur. Osmanlı dövlətinin ağır günlərində Qərb ölkələrinin əlində alətə çevrildiklərinə görə hansı fəlakətlərlə üzləşdiyini bütün dünya bilir. İndi də ermənilər alət olmağa razılaşırlar. Qərbin təhlükəli planının bir hissəsi olmağa həvəs göstərirlər. Amma bu təhlükəli oyunlar Ermənistana çox baha başa gələ bilər. Azərbaycan rəhbərliyi xəbərdarlıq edir. Prezident İlham Əliyev parlamentdəki çıxışında Bakının sülh gündəminin əsas prioritetlərini bir daha diqqətə çatdırdı. Azərbaycanın real təklifləri ilə razılaşmaq və ya onlardan imtina etmək artıq Ermənistanın öz işidir. Bakı istənilən ssenariyə hazırdır.
S.ELAY
XQ