Prezidentin nitqi: Müstəqil dövlətçiliyin manifesti

post-img

I MƏQALƏ

Əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmi­zin hərtərəfli inkişafına öz töhfə­sini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Parlamentdən dünyaya mesaj və xalqa müraciət

Prezident İlham Əliyev elə liderlər­dəndir ki, hər bir situasiyada əsas olan məqamları məharətlə dinləyicilərə və ma­raq göstərənlərə izah edə bilir. Aktual olan məsələləri gündəmə gətirir, dərin təhlilini aparır və əsaslı proqnozlar verir. Azərbay­can dövlətçiliyinin inkişafı, müstəqil xarici siyasət və bütövlükdə, yeni tarixi mərhələ kontekstində ifadə etdiyi fikirlərin hər biri üzərində düşünmək zərurəti yaranır. Onla­rın kompleks halda yaratdıqları semantik, siyasi, ideoloji və geosiyasi mənaları isə fəaliyyətin başlıca istiqamətlərinin mani­festi təsiri bağışlayır. 

Milli Məclisdəki son nitqində vurğula­nan özəlliklərin hər biri xüsusi qaydada yer almışdır. Burada mövcud vəziyyəti izah et­məklə Azərbaycan dövlətçiliyi üçün fayda­lı olan fəaliyyət istiqamətlərinin müəyyən edilməsi üzvi surətdə birləşmişdir. Bu priz­mada Prezidentin nitqinin bir sıra məqam­ları üzərində dayanmaq lazım gəlir. 

Müstəqillik dövrü seçkilərində bir ilk 

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan edəndən bu yana bütün ərazisində seçki keçirmək imkanına ma­lik olmamışdı. Ermənistan havadarlarının ciddi yardımı ilə ölkə ərazisinin müəyyən hissəsini işğal etmişdi və geri çəkilmək fikrində deyildi. Bu təcavüzün zərərli nə­ticələrindən biri müstəqil Azərbaycanın tam ərazisində dövlətimizin seçki keçir­məsi imkanının əldən alınmasından ibarət idi. Həmin dövrdə yaradılmış ATƏT-in Minsk Qrupu isə məhz bu kimi, beynəlxalq hüquqa uyğun olmayan təzadı aradan qal­dırmaq əvəzinə, müxtəlif bəhanələrlə hüquqsuzluğun ömrünü uzatmaqla məş­ğul oldu. Yaradılan andan düz 30 ilə yaxın müddətdə həmin bədnam qrup və onun həmsədrləri tutduqları yanlış yoldan dön­mədilər. 

Bununla Cənubi Qafqazda geosiyasi və hüquqi paradoks vəziyyəti bir növ “nor­maya” çevrildi – Ermənistan və havadar­ları özlərini inandırdılar ki, “elə belə də olmalıdır”. Ancaq real politika məntiqi ilə düşünənlər bu vəziyyəti nonses kimi qiy­mətləndirdilər və onun bütövlükdə, daimi olmayacağına inandılar. 

Lakin bu geosiyasi və hüquqi paradoks II Qarabağ savaşına qədər qaldı. Həmin müddətdə Azərbaycanın tam ərazisində seçki keçirmək imkanından məhrum edil­məsinin beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiyməti verilmədi. Beynəlxalq təş­kilatların işi ancaq separatçı ermənilərin və rəsmi İrəvanın işğal ərazisində təşkil et­dikləri süni seçkini sözdə qınamaq olurdu. Onu tanımırdılar, lakin olmaması üçün də real addım atmırdılar. Bu da onu göstərirdi ki, beynəlxalq güclər gizli olaraq təcavüz­karı dəstəkləyir və məsələni ədalətli həll etmək fikrində deyillər. 

İkinci Qarabağ savaşı və tam suverenlik

Vətən savaşı hər şeyi tamamilə dəyişdi. Azərbaycan cəmi 44 günə “seçki paradok­su”nu aradan qaldırdı. Bütün bunlara görə, Prezident İlham Əliyevin parlamentdəki nitqində söylədiyi aşağıdakı fikirlər tarixi təsdiqedici əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dün­yaya öz əyilməz ruhunu göstərmişdir”.

Deməli, Milli Məclisin hazırkı tərkibi faktiki olaraq Vətən savaşının yaratdığı yeni regional geosiyasi reallığın və ta­rixi uğurların birbaşa məntiqi nəticəsidir. Burada Prezidentin vurğuladığı ərazi bü­tövlüyü, tam suverenlik, xalqın əyilməz ruhu və lider-xalq birliyi millət vəkilləri­nin fəaliyyətlərinin başlıca stimulverici və istiqamətləndirici “mayaklar”ı olmalıdır. Dövlət başçısı parlamentə daşıdığı məsu­luliyyəti incəliklə anladır. 

“Seçki paradoksu”nun həlli

İlham Əliyevin Milli Məclisə seçkinin ümumi geosiyasi və siyasi özəlliyini də hə­min kontekstdə gözəl ifadə etmişdir. Döv­lət başısı vurğulamışdır: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisə­dir... Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.

Birincisi, 2024-cü il Azərbaycan ta­rixində iki mühüm məqama görə qalacaq­dır: Prezident və parlament seçkiləri qısa ara ilə ardıcıl keçirilmişdir. 

İkincisi, müasir müstəqillik tariximiz­də ilk dəfə olaraq ölkənin bütün ərazisində keçirilmişdir. Bu iki məqam birgə 2024-cü ilin dövlətçilik tariximizdə yeri və rolunu rəmzləşdirmişdir. Bu tarixi milli yaddaşın vacib elementinə çevirmişdir. 

Buradan fəlsəfi anlamı olan iki aspektdə bütövləşmə hadisəsi ilə bağlı qənaət əldə edə bilərik. Seçkidə prezident və par­lament növlərinin vahid strateji xətt üzrə bir-birini tamamlaması mühüm hadisə­dir. Bununla Azərbaycan müstəqil dövlət olaraq seçkinin tam ərazidə hüquqa və suverenliyə xidmət etməsinə regionda ilk nail olan dövlət kimi tarixə düşdü. Qonşu dövlətlərdən heç biri buna hələlik nail ola bilməmişdir. Gürcüstanın iki bölgəsi işğal altındadır, Ermənistan isə özünə aid olma­yan ərazidə “özünə aid olan seçki” keçir­məyə cəhd göstərməklə, ümumiyyətlə, müstəqil dövlət anlayışına xələl gətirmiş­dir. Özü üçün bu anlayışın gerçəkçi məz­mununu geosiyasi və siyasi saxtalaşdırmış və hüquqi baxımdan mənasızlaşdırmışdır. 

Müstəqil dövlət kimi Azərbaycan pre­zident və parlament seçkilərini tam ərazi­sində demokratik qaydada keçirməklə həm də müasir müstəqil dövlət obrazını dünya­ya təqdim etmişdir. Azərbaycan dövlətçilik ənənəsində tarixən mövcud olan üç qanun (hüquq) növünün ikisini ardıcıl olaraq real­laşdırmışdır. Onlardan biri dövlət başçısı­nın legitim seçilməsi ilə rəhbər miqyasın­da qanunların inklüzivliyi və legitimliyini təmin etməkdir. Digəri isə parlament seç­kisinin legitim keçirilməsi ilə xalq təmsil­çilərinin qəbul edəcəkləri qanunların ink­lüzivliyinə nail olmadır.

Müstəqillik və suverenliküç qanunun işığında

Dövlətçilik ənənəsi baxımından məsələnin digər vacib qanuni tərəfi Prezi­dentin ifadə etdiyi “xalqın güclü iradəsi”, “birliyi” və “dövlətin gücü” anlayışlarının təmsil etdiyi “xalqın əyilməz ruhu” anlamı ilə bağlıdır. Burada faktiki olaraq Azərbay­can toplumunun özünüformalaşdırması, özünüinkişafı və öztəkamül üsulu ifadə edilmişdir. Bununla Prezident Azərbaycan dövlətçiliyində üç mühüm qanun (hüquqi) aspektini vəhdətdə təqdim etmişdir: dövlət başçısı (lider) – parlament (xalqın təmsil­çiləri), toplumun özünü yaratma fəlsəfəsi (toplumsal özünütəşkil qanunu). 

Bunlar Azərbaycan parlamentinin ta­rixi rolunun çox vacib ideya və feili təməl­ləridir. Burada İlham Əliyev müstəqil dövlətçiliyimiz üçün strateji əhəmiyyət kəsb edən iki məqamı da parlamentarların diqqətinə çatdırmışdır. Həmin məqamlar Prezidentin “Yeni dövr, yeni çağırışlar” səslənişinin məzmun və məqsəd özəlli­yindən qaynaqlanır. Onlar suverenlik gü­nünün təsis edilməsi və Qərbi Azərbaycan istiqamətində fəaliyyətin yeni səviyyəyə yüksəldilməsidir. 

Yeni dövr, yeni çağırışlar: Dövlət suverenliyi günü

Ləyaqətli toplumlar və müstəqil döv­lətlər həmişə tarixi saydığı hadisələri sim­vollaşdırmaqla onu xalqın yaddaşının bir elementinə çevirir. Azərbaycan müstəqil dövlət olaraq bu məsələyə ciddi diqqət yetirir. Ölkə Prezidenti sentyabrın 20-ni “dövlət suverenliyi günü” kimi rəmzləş­dirməklə müstəqil dövlətçilik kontekstin­də tarixi addım atmışdır. Bununla bağlı Prezidentin Milli Məclisdə ifadə etdiyi aşağıdakı fikirlər çox maraqlıdır: “Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik”.

Sentyabrın 20-nin suverenlik günü kimi yaddaşlara həkk olunması statik olay deyildir. Prezident nitqində bunun üçün başlıca şərti də açıqlamışdır. Yəni suve­renlik gününün rəmzləşməsi arxayınçılıq üçün, yaddaşda belə bir tarixin varlığı ilə ancaq qürur duymaq üçün deyildir. Yəni “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşa­dacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında du­ran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təh­lükəsiz həyatını təmin edək”.

Buradan Prezident tərəfindən müstəqil dövlətçiliyə aid hər bir simvolun, rəmzləş­mənin və onların yaddaş elementinə çev­rilmələrinin əhəmiyyətli bir cəhəti ilə bağlı nəticə çıxara bilərik. Suverenlik günü rəmz kimi Azərbaycan vətəndaşlarını daim döv­lət və milli maraqlar naminə fəallığa səs­ləyir. Azərbaycan vətəndaşları bu mənada, yaradıcı olmalı və ölkənin yeni uğurlar əldə etməsi istiqamətində çalışmalıdırlar. Bunun ilk nümunəsini isə Prezident özü göstərir.

Müstəqil Azərbaycanda bu prosesin getməsi əlamətdar hadisədir. Bu o demək­dir ki, Azərbaycanda müstəqil dövlət qu­ruculuğu tam siyasi varislik prinsipi çərçi­vəsində davam edir. Xatırlayaq: Ulu öndər Heydər Əliyev keçirdiyi görüşlərin birin­də bəyan etmişdi ki, Azərbaycan yalnız müstəqil dövlət kimi mövcud olacaq, heç kimin əsarəti altına düşməyəcək, kimsənin təsiri altında olmayacaq. Bütün bunlar tam suverenliyin əlamətləridir. Prezident İlham Əliyev Suverenlik Günü təsis etməklə iki məqamı qabartmışdır. 

Birincisi, Azərbaycan tam suverenliyi­ni Vətən müharibəsi və antiterror tədbirlə­rində əldə edilən qalibiyyətlər sayəsində təmin etmişdir. Bu baxımdan suverenlik haqqında danışmaq Azərbaycanın təbii haqqı və hüququdur. 

İkincisi, Azərbaycan dövləti tam su­verenlik anlamını tarixi yaddaş elemen­tinə çevirməklə bu istiqamətdə əbədi irəliləmək, yəni kimsənin əsarəti altına düşməmək iradəsini ortaya qoymuşdur. 

Nəhayət, Prezident İlham Əliyev bütün bunları 2024-cü ildə formalaşmış parla­mentdə bəyan etməklə müstəqil dövlətçili­yin qanunyaradıcı ruhda inkişaf etdiriləcə­yi əzmini nümayiş etdirmişdir. Azərbaycan parlamenti bundan sonra da dövlətçiliyə aid mühüm bəyanatların yeri, yaddaşı və qanunyaradıcı ruhu olacaqdır! 

Suverenliyin tarixi yaddaş və fəaliyyət motivasiyası kimi daha geniş kontekstdə mənası Prezidentin vurğuladığı Qərbi Azərbaycan istiqamətinin prioritetliyi priz­masında daha aydın dərk edilir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət