Gəncədə hansı küçəyə, parka, meydana gedirsən, qarşına belə gözəl tər çiçəklər, güllər çıxır. Hara baxırsan bütün günü şəhər gülçülük təsərrüfatının işçiləti yolların, səkilərin kənarlarında iş başındadırlar, gözəllik yaradırlar…
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin ekoloji tarazlığının qorunması, həmçinin yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyasını davam etdirir. Qurumun Yaşıllaşdırma şöbəsi tərəfindən bu dəfə "Avropa Gənclər Paytaxtı" parkında, həmçinin, Nizami Gəncəvi prospektində yerləşən yolayrıcı dairələrində, küçə və prospektlərin kənarlarına, şəhərin Baş Meydanına mövsümü dekorativ gül-çiçəklər əkilib. Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib. Ərazidə mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Adıçəkilən ərazilər ömrünü başa vuran ağac və kollardan təmizlənib.
Yaşıllaşdırma şöbəsinin müdiri Elmar Əzizovla bu barədə söhbət edərkən dedi:
- “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən aksiyanın məqsədi şəhər əhalisinin və qonaqların mənalı istirahətinin təmin edilməsi ilə yanaşı, Gəncənin ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.
Bir məsələni də qeyd edək ki, şəhərdə təmizliyin və yaşıllıqların qorunması istiqamətində son illər Gəncədə xeyli iş görülsə də əhalinin belə aksiyalarda yaxından iştirak etməsi çox vacibdir. Təəssüf ki,bəzən kommunal təsərrüfatı işçilərinin zəhmətinə laqeyd qalanlar, şəhəri zibilliyənlər, məişət tullantılarını hara gəldi boşaldanlar da tapılır. Bu məsələdə izahat-təbliğat işinin daha da gücləndirilməsinə ehtiyac var.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri