Bu gün dünyanı bürüyən qloballaşma fırtınası qarşısında sivilizasiyalar yenidən öz köklərinə söykənərək performanslar göstərirlər. Multikulturalizm erası başlanır və bu artıq Avropanın assimilyasiya siyasətinin çökməsi deməkdir. Mədəniyyətlərin də qabarıb-çəkilmə dövrləri olur. Bu, təbii ki, tarixi proseslərlə, imperiyaların yüksəlişi və çökməsi ilə birbaşa bağlı olaraq periodik yerdəyişmələrin nəticəsi kimi meydana çıxır. Əsrlər boyu davam edən mübarizələr nəticəsiz qaldı; Qərb Şərqi məğlub edə bilmədi.
Şərq fəlsəfəsinin və ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən biri də budur ki, o insanı mənəvi-ruhi rahatlığa qovuşdurur. Bu gün gənclər arasında Qərb fəlsəfəsinə, Qərb ədəbiyyatına həddən ziyadə aludəçilik onlarda ruhi tarazlığın pozulmasına və bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur ki, bu da beyindəki sağlam düşüncəni virus kimi dağıdır. Ekzistensializm xaosunda mənəvi mutasiya yaranır və ağlın gücü müxtəlif hissələrə parçalanaraq zəifləyir. Seneka deyirdi ki, “şərin mənbəyi şeylərdə deyil, ruhdadır”. Qərb fəlsəfəsinin də hədəfi məhz Ruhdur.
Siz dünya ədəbiyyatında elə bir yazıçı tanıyırsınızmı ki, öz xalqının dəyərlərinə arxa çevirsin? Bu, mümkün deyil. İstər klassik, istərsə də müasir dövrün yazıçılarının əsərlərinə nəzər salın. Məsələn, Lermontov haqqında deyirdilər ki, o, təkcə rus xalqının deyil, bəşəriyyətin vicdanıdır. Eyni sözləri Tolstoy haqqında da deyirdilər. Bəşəriyyətin bədii təfəkkür tarixində böyük iz buraxmış bu yazıçılar hər şeydən əvvəl rus xalqının mənəvi dəyərləri üzərində pərvəriş tapmışdılar, rus xalqının, rus insanının taleyini, məişətini, mənəvi inkişaf yolunu öz əsərlərində böyük sənətkarlıqla əks etdirirdilər. Onları güclü edən də bu dəyərlər idi. Əks halda onlar dünya ədəbiyyatının klassikinə çevrilə bilməzdilər. Milli ədəbiyyat olmasa, o bəşəriyyətin tərkib hissəsinə çevrilə bilməz.
Hər bir xalqın böyüklüyü, mənəvi zənginliyi onu başqa xalqlar arasında fərqləndirən başlıca xüsusiyyətdir. Təsəvvür edin ki, dünyada təkcə bir rəng mövcuddur. Bunu təsəvvür edə bilirsinizmi? Rənglərin çoxluğu, əlvanlığı dünyanı maraqlı edir, nəsnələri, əşyaları seçməkdə bizə yardımçı olur. Hər bir xalqın mənəvi dəyərləri bizə həm də dünyadakı sərhədləri müəyyən etməkdə kömək edir.
Harriyet Biçer Stounun “Tom dayının daxması”, Harper Linin “Bülbülü öldürmək”, Solomon Northupun “12 illik köləlik” romanları qaradərililərin hüquqları uğrunda hərəkatın başlanmasına start verdi. “Tom dayının daxması" əsəri qələmə alınan illərdə ABŞ-da ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi. Məhz bu əsərdən sonra Amerikada köləliyə qarşı savaş başlandı. Martin Lüter Kinqi məhz bu ədəbiyyat yetişdirmişdi. Bu əsərlər qaradərililərin öz dəyərlərinə, gələnəklərinə, kimliklərinə sahib çıxmasına təkan verdi.
Azərbaycan xalqının, ümumiyyətlə, Şərq xalqlarının milli-mənəvi dəyərləri, adət-ənələri, folkloru həmişə dünya üçün cəzbedici olub. Böyük alman şairi və mütəfəkkiri Volfqanq Höte məşhur “Şərq-Qərb divanı”nda özünün Şərqə böyük heyranlığını ifadə edir. Avropanın inqilab və savaş çirkablarında çabaladığı dönəmlərdə üzünü Şərqə tutur. Höte Avropada suallarına cavab tapa bilmir, bu cavabları Nizami poeziyasında tapır. “Şərq-Qərb divanı”nı bizim dilə tərcümə etmiş Xalq şairi Sabir Rüstəmxanlı kitaba yazdığı ön sözdə qeyd edir ki, bu əsərin bir çox parçaları Şərq hikmətindən və Qurani-Kərimdən iqtibas təsiri bağışlayır. Şərqin təsiri məzmunla yanaşı “Divan”dakı bəzi şeirlərin formasında da müşahidə edilir.
Bu yaxınlarda bir maraqlı fakta rast gəldim. Dünya poeziyasında modernizmin yaradıcılarından olmuş Nobelli Amerika yazıçısı Tomas Eliotdan soruşurlar ki, necə oldu şeir yazmağa başladınız? O, belə bir cavab verir: “Mən uşaq vaxtı Fistceraldın tərcüməsində Ömər Xəyyamın rübailərini oxudum və bu rübailər məni heyrətə gətirdi. Bu şeirlər məni sehrlədi və mən şeir yazmağa başladım”.
Bu faktın özü Qərbin tarix boyu Şərq estetikasına, Şərq təfəkkürünə sonsuz marağının sübutudur. Şərq fəlsəfəsinin tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfi məktəblər, cərəyanlar meydana gəlib formalaşmışdır. Bu dövrlərdə Şərqin dini-mifoloji dünyagörüşündən fəlsəfi dünyagörüşünə keçidi prosesi yaşanırdı. Hindistanda Budda, Çində Dao təlimi yarandı və bu da fəlsəfi fikrin formalaşmasına güclü təkan verdi. Qədim misirlilər insanı mifoloji düşüncəyə əsasən öyrənməyə başladılar, dünyaya miflərin prizmasından yanaşaraq çox maraqlı nəticələrə gəlib çıxdılar. Bu gün dünyada ən qədim mədəniyyətlərdən biri də Misir mədəniyyətidir. Babilistdanda günümüzədək gəlib çıxmış gil lövhələr sübut edir ki, hələ o dövrdə burada təbabət, astronomiya inkişaf etməyə başlayıb. “Pifaqor teoremi” şumerlilərin yaratdığı cəbr və həndəsənin əsasında yaradılmışdır.
Hegelin fəlsəfəsi sovet dövründə konyukturaya uyğunlaşdırılmışdı, bir çox qərb filosofları SSRİ məkanında qadağan olunsa da materializmin banisi K. Marksın Hegelə rəğbəti ona qarşı loyal münasibətə səbəb olmuşdu. Marks Hegelin dialektik metodunu qəbul edirdi, amma onun ideyalarla bağlı tezisini maddiyatla əvəz edirdi. Sosializm ideoloqları Hegeli redaktə etməklə kobud şəkildə təhrif edirdilər. Hegel Tanrının varlığına şübhə ilə yanaşırdı və Şərq fəlsəfəsinin istinad nöqtəsi hesab olunan Tanrı ideyasını “mütləq ruh” ideyası ilə əvəz edirdi.
Dövrümüzün yaşayan canlı klassiki Milan Kundera özünün “İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi” essesində yazır ki, xalqın və ya sivilizasiyanın özünüdərki və şüuru bizim “mədəniyyət” adlandırdığımız məfhumda cəmlənir. Hegelin “insan tərəfindən yaradılmış ikinci təbiət” adlandırdığı mədəniyyət sözünün ilkin mənası “əkib-becərmək” deməkdirsə, digər mənası da Mədinə sözündən yaranıb “şəhər salma” anlamına gəlir. Bu sözün başqa bir mənası da təhsil, maarifçilikdir. Mədəniyyət təkamülün bəhrəsidir və insan ruhunun təzahürüdür.
Belə bir məntiqi sual ortaya çıxır: Allah insana düşünmək qüdrəti verməsəydi, təkamül necə baş verəcəkdi?! Şərq fəlsəfəsi bu suallara cavab verir. X-XI əsrlərin böyük Şərq filosofları Fərabi, İbn Sina, Bəhmənyar, Biruni və bir çox başqaları yunan fəlsəfəsindən qaynaqlanaraq özlərinin fəlsəfi təlimlərini yaradıblar. Bu təlimlər onların teoloji risalələrində öz əksini tapıb. Pifaqorun, Aristotelin, Evklidin, Platonun əsərləri VII əsrin sonlarından başlayaraq ərəb dilinə tərcümə olunmağa başladı və sonralar orta əsr Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərdi . Ərəb dilli filosoflar Aristoteli özlərinin birinci müəllimi hesab edirdilər. XI-XII əsrlərdə isə Şərqdə sufilik nəzəriyyəsi geniş yayılmışdı ki, bu nəzəriyyənin də ən görkəmli nümayəndəsi özünün sufi məktəbini yaratmış Azərbaycan filosofu Əbu Həfs Sührəvərdi olmuşdur ki, onun “Mərifətlərin töhfələri” əsəri sufizm dərsliyi kimi qəbul edilib. Qərb fəlsəfəsi bu gün də bu təlimdən bəhrələnməkdədir.
Deməli, Şərq fəlsəfi fikri bəzilərinin düşündüyü kimi heç də pritça, nağıl səviyyəsində olmayıb. Yuxarıda adlarını sadaladığım filosofların hər biri öz nəzəriyyəsini yaradıb. Əksər hallarda Şərq fəlsəfəsini dərindən bilməyən adamlar Qərb fəlsəfəsinin böyüklüyü haqqında danışırlar. Necə ki, İbn Sinanı, Fərabini, Bəhmənyarı oxumayan, onların fəlsəfi təlimlərindən bixəbər adamlar Volteri, Nitşeni oxuyub ateist olurlar.
Rus ədəbiyyatının nəhəngi L. Tolstoy islam fəlsəfəsini öyrəndikdən sonra “Din nədir?” adlı kitab yazdı. Tolstoy ölümündən bir neçə il əvvəl Məhəmməd peyğəmbərin Qurana daxil olmayan kəlamlarını toplayıb nəşr etdirmişdi. Orda belə bir kəlam yer alır: “Allah insanın qəlbindədir”. Qəzali nə deyirdi? “Qəlb insanın ruhudur”.
Qərb fəlsəfəsi uzun müddət Şərq fəlsəfəsini öyrənib və ondan bəhrələnməklə həm də onu təhrif edib. XVIII yüzilliyin fransız maarifçi-filosofu Volter yazır ki, “ruh bizə özümüzü idarə edə bilmək üçün verilmiş bir saat mexanizmidir, ancaq onu düzəldib bizə verən usta (Tanrı – K.H) bu mexanizmi işlədən yayların nədən düzəldildiyini bizə deməmişdir”. Şərq fəlsəfəsi min il əvvəl bu fikri daha mükəmməl bir formada dilə gətirib. Bədən ruhun örtüyüdür, Nizami deyirdi ki, “biz sözük, bu bədənsə eyvanımızdır bizim”.
Kənan HACI,
yazıçı-publisist