Sentyabrın 5-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları sakinləri ilə görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara göndərilməsi məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.