Bioloji aktiv qida məhsulları ilə bağlı monitorinqlər aparılıb, üç məhsulda kənar maddələr aşkarlanıb

post-img

Bioloji aktiv qida məhsullarında kənar maddələrə dair Monitorinq Planına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən bioloji aktiv qida məhsullarının (BAQM) satışı həyata keçirilən apteklərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparılıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, monitorinqlər çərçivəsində 29 ədəd BAQM-dən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında tərkibində qadağan olunmuş kənar maddələrin təyini üzrə müayinələrə cəlb edilib.

Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-a xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkarlanıb.

Bununla əlaqədar, uyğunsuzluq aşkar edilmiş məhsulları idxal edən müəssisələrdə Agentlik tərəfindən yoxlamalar keçirilib. Belə ki, “Kenzo Man” və “Sessoday” əmtəə nişanlı məhsulları idxal edən “Bion Medical” MMC-də keçirilmiş plandankənar yoxlama zamanı sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb və anbarda mövcud olan 1046 ədəd “Sessoday” əmtəə nişanlı BAQM-in satışının qadağan edilməsi, həmin məhsulların dövriyyədən çıxarılması və aptek şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib və icra üçün sahibkara təqdim olunub. Sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb.

Eyni zamanda, “Klavin Platinum” əmtəə nişanlı məhsulu idxal edən “Miral” MMC-də Agentlik tərəfindən plandankənar yoxlamanın aparılması üzrə prosedurlar icra olunmaqdadır.

Bundan əlavə, Agentlik tərəfindən aptek şəbəkələrinin rəhbərlərinə bu məhsulların satışdan kənarlaşdırılaraq idxalçı (təchizatçı) müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Uyğunsuzluq aşkar edilmiş məhsullarla AQTA-nın saytında tanış olmaq mümkündür.





Sosial həyat