İndi az adam tapmaq olar ki, əsəbləri və ya təzyiqi qaydasında olsun. Kimi dindirirsən deyir ki, “nevrozam”, yaxud “bu andıra qalmış təzyiq məni yaşamağa qoymur”. Soruşmağa da peşiman olursan, öz ağrı-acısından o qədər danışır ki, əhvalın bir az da pozulur.
O gün bir stəkan çay içib evdən çıxdım. Doğrusu, yuxusuzluq məni gic elədiyindən işə getmək istəmirdim. Qardaş, ilan vuran yatır, mən yata bilmirəm. Ancaq evdə qalsaydım da, dincələ bilməyəcəkdim.
Həyətə düşən kimi diqqətimi ilk çəkən “Mercedes Ağakərim”in çəninin daşması və oradan tökülən suyun blokun ağzında gölməçə yaratması oldu. Axırıncı dəfə suyun pulu qaldırılanda mən yazmışdım ki, nə qədər tozlu olsa da, daha heç kəs küçələrə su səpməyəcək. Az keçmiş bildim ki, hökumətin bu qərarı ağakərimkimilərə az təsir edib. Mənə qaranlıq qalan o idi ki, bu kişinin “şotçik”i blokda göz qabağında, açıq-aydın. İki gündən bir də çəni daşıb tökülür həyətə, oradan da küçəboyu axıb gedir mikrorayonun mərkəzinə. İndi təsəvvür edin. Əgər Ağakərim lap “Mercedes”i də satsa, axıb gedən suyun pulunu ödəyə bilməz. Demək, bu məsələdə mənim bilmədiyim bir “hikmət” var. (Mənə deyən lazımdı ki, bu olayın sənə nə dəxli var, “Azərsu” bilər, Ağakərim kişi bilər...)
Binanın birinci mərtəbəsində yerləşən uşaq bağçasının müdiri Nazəndə xanım həyətdə əli belində dayanıb Ağakərimin ünvanına dişinin dibindən çıxanı deyirdi. Kimsə bildirdi ki, ay xanım, özünü yorma, onlar evdə yoxdurlar, suyu da “podval”dan bağlamışıq, daha bağçaya tökülməyəcək. Xanım bunu eşidəndən sonra toxtadı və bircə onu dedi ki, görüm, onları heç sağ qayıtmasınlar.
Avtobus tez gəldi. Minib bir kənara çəkildim ki, istidən ürəyim sıxılmasın. Çünki bəzən elə olur ki, sarımsaq qatılmış qurutlu xəngəl yeyən “paxmel”in biri gəlib bitir burnunun ucunda. Vallahi, elə səhər-səhər bu qarmaqarışıq iydən beynim çatlayır. Deyən lazımdı ki, zalım balası, vurmusan, yemisən, səhər bir ağzını yaxala, güzgüdə yaraşıqlı sifətinə bax...
Yaxud, avtobusa minib lap arxa oturacaqların birində oturursan, işə gedən çox olduğundan bəzən bir alagöz xanım gəlib durur yan tərəfində və sanki gözləri yol çəkirmiş kimi hansı nöqtəyəsə baxır, baxır. Üstünə tökdüyü ətirin iyi də “dəm” eləyir səni. Qurcuxa-qurcuxa qalırsan və arabir ürəyindən keçir ki, xudaya, bu nə məngənədi keçirmisən məni? Nə sağa baxa bilirsən, nə sola. Deyirsən ki, xanım, lütfən, əyləşin. Oturmur! Otursaydı, bəlkə, birtəhər lap arxa küncə keçərdim.Yox, oturmur...Yazıq canım, bəs neyləyim?
Qəribədi, iki gün əvvəl hava lap payızda olduğu kimiydi - külək, yağış, soyuq. Adama elə gəlirdi ki, günəş tezliklə buralarda görünməz. Amma qəfil istilər düşdü, dünənədək yaşıl olan otlar saralmağa başladı. Çox zaman yayın qızmarını arzulayan mən də istinin təsirindən özümü narahat hiss etdim.
Ötən gün də belə olmuşdu. Başımın ağrısı hələ kəsməmişdi. Avtobusdakı söhbətləri eşitmək belə istəmirdim. Bilirdim ki, hər yersiz deyilən söz, xoşagəlməz hərəkət məni əsəbiləşdirəcək. Elə bu düşüncədə kimsə yavaşca qoluma toxundu.
– Nolub, məni görüb üzünü niyə o yana çevirirsən? Saqqala salam vermirsən? Gözümə birtəhər dəyirsən, ee...
Arvad qohumlarımdan Yaqub idi. Yamanca ilişmişdim. Heç qoymadı özünün verdiyi sualları cavablandırım.Yenə davam elədi:
– Yaxşı qohum deyilsən, bizi itirib-axtarmırsan. O gün, yerin məlum...
Qarşımda oturan oğlan telefonu açan kimi əcayib səslər toplusu səsləndi. “Mahnı”, deyəsən, oğlanın özünə də xoş gəlmədi. Buna görə də kanalı dəyişdi. Bu dəfə meyxana başladı:
– “Bəlkə mən heç düz eləmirəm...”
Yaqub da başladı astaca çırtma vurmağa. Az keçmişdi ki, yanındakı eynəkli kişi oğlanın üstünə qışqırdı:
– Ay bala, söndür o zibilini, baş-beyinimiz gedir...
Oğlan da dilini dinc qoymadı:
– Dayı, niyə zibil olur! 1200 manat pul saymışam, ee, buna. Hansı musiqi desən var. Pulsuz konsert verirəm, sizin “sağ olun”uzdu bu?
Avtobus deyəsən, “probka”ya düşmüşdü. Sərnişinlərin çoxu dilxor olmuşdu.Yaqub vəziyyətimin yaxşı olmadığını görüb tez-tez deyirdi:
– Darıxma, hər şey yaxşı olacaq...
Əslində, onun bu sözləri məni bir az da əsəbiləşdirirdi. İstədim avtobusdan düşüb, yolun qalan hissəsini piyada gedim. Ancaq gec idi.
Oğlan yenə telefonu acdı və bu dəfə illər əvvəl dəbdə olan mahnı səslənməyə başladı:
Qarşını kəsib ağlasam,
Qapını döyüb yalvarsam,
Səndən imdad diləsəm,
Neylərsən mənə, neylərsən?
Eynəkli kişi daha dözmədi:
– Adə, indi o telefonu alıb soxacam...
Kişi sözlərinin dalını gətirmədi, əvəzində əlindəki çəliyi qaldırıb oğlanın başına endirmək istədi. Amma əl ağacı oğlanın başına yox, Yaqubun gicgahına dəydi və zərbə dəyən yer bir neçə dəqiqə ərzində qızarıb yumurlandı.
Qadınların qışqırığı sürücünü də məsələdən agah elədi.
Mən Yaqubun özündən gedəcəyini yəqin etmiş kimi, tez-tez deyirdim:
– Darıxma, hər şey yaxşı olacaq. Yazıq kişi o qədər əsəbiləşdi ki...
Qadınlardan biri dedi:
– Onu xəstəxanaya aparın, birdən yolda yıxılıb eləyər.
Yaqub isə əli gicgahında dedi:
– Əşi, lazım deyil, kişi deyilik, bəyəm. Elə bilərəm ki, dədəm vurub.
Amma kişi Yaqubdan üzr istədi:
– Bağışla məni, oğul. Nanəcibin hərəkətləri əsəblərimi oynatdı.
Sonra avtobusda sükut yarandı.
Sanki hamı xoş söz eşitmək istəyirdi. Birdən sürücü dedi:
– “Probka” açıldı, gedirik!
Mənim gözümYaqubda idi. Artıq o, danışmırdı. Eynəkli kişi isə əsəb içində qovrulurdu. Deyəsən, o, fürsət tapıb ağacı konsert verən oğlanım başına endirmək istəyirdi.
Mən də bir qədər əsəbiləşmişdim. Arada özümü sakitləşdirmək üçün deyirdim:
– Darıxma, hər şey yaxşı olacaq!
O gündən sonra dost-tanışdan kimsə mənə dərdini danışanda, hər nədənsə əsəbiləşəndə Yaqubun sözlərini təkrarlayıram:
– Darıxma, hər şey yaxşı olacaq!
PS. Əziz dostlar, siz də hər hansı problemlə üz-üzə qalsanız Yaqubun sözlərini təkrarlayın. Sizlərə bol ümidli, daha xoş günlər arzulayıram!
Səməd MƏLİKZADƏ