Ağdaşda restoranda aparılan yoxlama zamanı saxta məhsullar aşkarlanıb

post-img

Ağdaşda “Ağdaş Palace” restoranında yoxlama zamanı qanun pozuntusu qeydə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan yoxlama zamanı müxtəlif istehsalçılara məxsus 20-dən çox əmtəə nişanlı, 325 ədəd məhsulda uyğunsuzluq və saxtalaşdırma halları aşkar olunub.

AQTA-nın Mərkəzi Aran Regional bölməsinin aparıcı məsləhətçisi Məhəmməd Həsənli AZƏRTAC-ın müxbirinə bildirib ki, yoxlama zamanı ictimai-iaşə müəssisəsinin anbar sahəsində çoxlu sayda spirtli içki məhsulları aşkar edilib və həmin məhsulların orijinallığı ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, bəzi məhsulların qablaşdırılması və etiketlənməsində orijinal qablaşdırılmış içkilərdən fərqli olması müəyyənləşib.

“Həmçinin saxta olmasına aşkar şübhələr yaranmış spirtli içkilərin qida təhlükəsizliyi sahəsində müvafiq müşayiətedici sənədləri tələb olunsa da, məhsulların keyfiyyət və təhlükəsizliyini təsdiq edən heç bir sənəd təqdim edilmədi. Qeyd olunanlara əsasən, ictimai-iaşə müəssisəsinin vəzifəli şəxsi barəsində inzibati protokol təqdim edildi, şübhəli məhsullardan nümunələr götürüldü və laborator analiz nəticələri məlum olana qədər məhsullara toxunulmaması barədə müvafiq akt tərtib olundu”, - deyə o əlavə edib.

Araşdırma zamanı aksiz markası olmayan və saxtalaşdırılma halları aşkar edilən müxtəlif əmtəə nişanlı spirtli içki məhsulları, habelə saxtalaşma halları vizual olaraq aşkar olunmayan, lakin məhsulun sağlamlığını təsdiq edən sənəd və qaimə fakturaları təqdim edilməyən məhsullar da müəyyən olunub.

“Ağdaş Palace” restoranın vəzifəli şəxsi barəsində aşkar olunmuş nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib. Həmçinin restoranın vəzifəli şəxsi gələcək fəaliyyətində bu kimi halların bir daha təkrarlanmaması üçün yenidən məlumatlandırılmaqla, icrası məcburi olan göstərişlər verilib.

Sosial həyat