Almaniya səfiri Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən fəaliyyət barədə məlumatlandırılıb

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanla görüşüb.

Ombudsman Aparatından  bildirilib ki, görüş zamanı ombudsman qonağa Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

İnsan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva bununla bağlı xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, həmçinin bu təsisatları birləşdirən regional, beynəlxalq assosiasiyalar ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Diqqətə çatdırılıb ki, müasir çağırışlar fonunda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təsisatlar arasında əməkdaşlıq əlaqələrin güclənməsi hüquq mədəniyyətinin inkişafı ilə yanaşı, dünyada sülhün təmin olunmasında da mühüm rol oynayır.

Eyni zamanda, Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edib, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Görüş zamanı Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, ombudsmana müraciət üsulları, eləcə də ombudsmanın məhkumların və onların ailə üzvlərinin çağırışları əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.

S.Əliyeva ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini, tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.

Sosial həyat