Yağ ey yağış, ruhumuzu paklandır!

post-img

(Yaşantı)

Yaz yağışlarından sonra ilk dəfədir ki, novalçalar aşıb-daşır, yağış suyu günəşin yandırıb-yaxdığı, qovurduğu hər yanı yuyub-təmizləyir. Nar, heyva ağacları leysanda yuyunduqca daha da gözəlləşirlər. Qoca məcnun söyüdlər suya həsrətlilər kimi qol-budaqlarını asta-asta yelləyir, sanki O gözəgörünməzə dua edirlər. Quşlar ağacların köğuşlarında, evlərin damında qurduqları yuvalarda təbiətin bu çağını diqqət və narahatlıqla seyr edirlər. 

Axı onlar bu gün yem dalınca uça bilməyəcəklər, ətcə balalar isə yem gözləyir. Sosializm yarışının bayraqdarları, yorulmaq bilməyən qarışqalar, həyatları boyu yalnız eyni nəğməni oxuyan cırcıramalar da yəqin ki, bu gün işə çıxmayacaqlar.  Həyətimdəki boz dovşan da haradasa çəkilib yağışı seyr edir. Bəlkə də, qulaqlarını oyaq saxlayaraq yuxulayıb. Çünki bu anlar onun üçün ən təhlükəsiz məqamdı.

Yağış evimin damını döyəclədikcə, elə bil yeni melodiya bəstələyir və məni axşamdan yarımçıq yuxumu  yenidən görmək üçün yatmağa sövq edir. Bu ilin yazında qapıya əkdiyim çiçəklər, həmişəyaşıl kollar bəlkə də, ilk dəfədir ki, doyunca su içirlər...Mənsə, eyvanda oturub çoxdan gözlədiyim bu yay yağışına baxdıqca qəlbən rahatlanıram. Yağış yağdıqca dünyaya bir həzinlik  yayılır. Ağacların ilk sarı yarpaqları budaqlara “əlvida” deyib, torpağa sərilir. Demək, yarpaq tökümü başlanır... Yadıma yaxınlar, uzaqlar, tənhalar, təklər, qərib ellərdə doğma yurd üçün ürəyi göynəyənlər düşür...

Bu fikirlər, duyğular xəyalımı çəkib heç vaxt görmədiyim o yerlərə aparır...

Yağış yenə öz dəmindədi, sanki göy üzünə tül çəkilib. Ürəyimdən köhnə iş yoldaşım, dostum, illərlə Füzuli torpağının həsrətini çəkən, “kənd” deyəndə gözləri yaşaran Loğmanın bu misraları keçir:

Bu yağış yağanda yol qırağında
Bir qara daş kimi, bir ağac kimi,
İslanmağım gəlir, qalmağım gəlir.
Bütün günahları, bütün səhvləri,
Nədənsə boynuma almağım gəlir...

Bəli, bu saatlarda, bu dəmlərdə dünya təkcə hisdən-pasdan, tozdan təmizlənmir, elə ürəklər də qara-quradan, kin-küdurətdən, ağrı-acıdan qurtulur, arınır. Nə gözəl!

Yağ, ey yağış,  ruhumuzu ovundur, dünyamızı təmizlə! 

Səməd Məlikzadə

 

Sosial həyat