Opera və balet səhnəsinə yeni həyat verilir

post-img

113 yaşlı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında əsaslı təmir və bərpaya 2022-ci ildə start verilsə də, işlər hələ tamamlanmayıb. Milli ornamentli, nəfis pannolu hasar teatrı ətrafdan təcrid edir. İstər-istəməz təbii sual yaranır: Görəsən, yeni mövsümə qədər sənət ocağı öz qapılarını teatrsevərlərin üzünə aça biləcəkmi?  

Təmir işləri barədə açıqlama verən teatrın direktoru, Xalq artisti Yusif Eyvazov deyir ki, burada müasir tamaşalar oynamaqdan ötrü səhnə əsaslı şəkildə təmir olunmalıdır: “Hazırda xaricdən dəvət olunmuş mütəxəssislər, bərpaçılar iş başındadırlar. Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin. Əslində, təmirin qısa müddətdə, lap elə yeni mövsümə qədər yekunlaşmasını biz də çox istəyirik. Amma indi gərək teatrımızı elə bərpa edək ki, bundan sonra uzun müddət rahat fəaliyyət göstərsin”. 

Xalq artisti təmir işlərinin davam etməsinə baxmayaraq, mövsüm boyu teatrın fəaliyyətində fasilə olmadığını da vurğuladı: “Teatr mövsümü artıq başa çatıb. Son tamaşa iyunun 4-də oynanılıb. Tamaşa zalı təmir işləri üçün inşaatçılara təhvil verilib”.  Direktor əlavə etdi ki, binanın fasadı artıq yenidən qurulub və damda iki yeni günbəz quraşdırılıb.

Direktor onu da bildirdi ki, adətən, yeni mövsüm sentyabrın 18-də açılır. O vaxta  qədər teatrın daxilində təmir və bərpa işləri yekunlaşmasa, yəqin ki, bizə başqa yerdə müvəqqəti tamaşa zalı ayıracaqlar. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin də fikrini öyrəndik. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işləri davam etdirilir: “Xarici mütəxəssislərin də  cəlb olunduğu təmir prosesi binada akustika və səs sistemi, orkestrin yerləşdiyi hissə, ümumilikdə, interyer və eksteryerin əvvəlki memarlıq üslubu qorunmaqla həyata keçirilir. Binada müasir standartlara cavab verən maddi-texniki baza formalaşdırılacaq. Təmirdən sonra dünyanın ən məşhur opera və balet incilərinin burada yüksək səviyyədə tamaşaya qoyulmasına nail olunacaq. Binanın təmirində tətbiq olunan müasir yanaşmalar səhnə əsərlərinin keyfiyyətinə də öz təsirini göstərəcək”.

Nazirlikdən onu da bildiriblər ki, teatrın binasında aparılan təmir işləri ilə əlaqədar opera tamaşaları Bakı Musiqi Akademiyasının opera studiyasının, eləcə də balet tamaşaları isə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdiriləcək.

P.S. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası XX əsrin əvvəllərində inşa edilib. 1910-cu ildə Bakı milyonçuları Mayılov qardaşlarının təşəbbüsü ilə onun tikintisinə başlanılıb. Memar Nikolay Bayevin qotik üslubda layihələşdirdiyi teatr binasının inşası 1910–1911-ci illərdə – cəmi 10 aya yekunlaşıb. 1928-ci ildə teatra böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Sənət məbədi 1959-cu ildən etibarən Akademik Opera və Balet Teatrı adlanır. Burada son təmir işləri 1987–1988-ci illərdə aparılıb.

Ramilə QURBANLI 
XQ

 



Mədəniyyət