Professor Nizaməddin Şəmsizadənin türkçülük məfkurəsinə töhfələri
“Ey türk oğuz bəyləri, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!”
Bilgə Kağan (673-732)
Hörmətli oxucu! Bu günlərdə görkəmli ədəbiyyatşünas, professor, Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadənin “Turan: tarixi gerçıklik və müasirlik” kitabı ilə tanış olarkən əsərdəki bir çox dəyərli fikir və mülahizələr məni bu qeydləri qələmə almağa sövq etdi. Dərhal qeyd etməyi özümə borc bilirəm ki, bu monumental elmi, publisistik araşdırmalar Turançılıq fəlsəfəsinə sanballı töhfə hesab olunmağa layiqdir.
Adından da göründüyü kimi, əsərdə, ilk növbədə, Böyük Turançlıq ideallarının mahiyyəti, bu böyü arzu və məramın, ali tarixi missiyanın reallığa çevrilməsi bütün türk xalqları, eləcə də sivil dünya üçün əhəmiyyəti parlaq misallarla izah və şərh edilib. Kitabda çox sayda elmi, bədii və publisistik məxəzlərdən istifadə edilib ki, bu mənada əsər kifayət qədər ensiklopedik və maarifləndirici səciyyə daşıyır.
Qeyd etmək lazımdır ki, kitabın həsr olunduğu mövzu çağdaş dünyanın reallıqları zəminində çox vacib və aktualdır. Bəllidir ki, bu gün planetimiz kəskin siyasi, iqtisadi və hərbi təbəddülatlar burulğanında çalxalanır. Dünya yeni qlobal nizama hamilədir. Belə bir taleyüklü məqamda Turanın siyasi, hərbi, mədəni bir güc mərkəzi olaraq tarix səhnəsinə çıxması və özünü təsdiq etməsi hava-su kimi zəruridir.
Professor Şəmsizadə hesab edir ki, əks təqdirdə türkləri dünyanın siyasi səhnəsindən kənarlaşdırıb, adi bir tamaşaçıya çevirə bilərlər və hətta türkün mövcudluğu təhlükə altına düşər. Türkün növbəti böyük tərəqqi və intibahının qarşısını almaq istəyən qara qüvvələr də var! Amma onlar ilahi ədalətin qarşısında çox cılız təsir bağışlayırlar. Görkəmi dövlət xadimi Turqut Özalın dediyi kimi, axı XXI əsr həqiqətən türk əsridir!
Bəllidir ki, professor Nizaməddin Şəmsizadə strateji düşünən, yüksək fəhmli alimlərdənir. Görünür, elə buna görə də onun bu yöndəki düşüncələrinə bir fəlsəfi müdriklik və nikbinlik xasdır: “Turan birliyi idealdan gerçəkliyə çevrilir. Türkün düşmənləri bunu istəsə də, istəməsə də! Bu, tarixin tələbidir, tarix ən ədalətli hakimdir. Hələ tarixə qalib gələn olmayıb. Bu gün tarixin təkəri türkün xeyrinə işləyir, tarixin hərəkəti türkə şans verib, bu şansı itirmək olmaz”.
Bəs tarixən türkün gücü, qüdrəti nədədir? Professor yeni kitabında araşdırmalarının əsas məğzini daşıyan bu suala geniş, əhatəli və məntiqi cavab verib. Belə ki, alim türkün tarixi uğurlarını, ilk növbədə türk mənəviyyatı ilə bağlayır. Yazır ki, dünyanın heç bir milləti türklər qədər zəngin mənəviyyata malik deyillər. Türk mənəviyyatı Vətən əxlaqı və ailə kultu üzərində bərqərar olur. Türklər hər iki amilə görə tərəddüdsüz ölümə gedərlər”.
Türkçülüyün atası hesab olunan Ziya Göyalp yazıb ki, türk ədəbiyyatı, mədəniyyəti və mənşəyi, türk fatehliyinin, türk əxlaqının realistik və romantik aynasıdır. Həqiqətən də 5000 illik türk tarixi “əxlaqi sərvətlər sərgisidir”. Bəli, bəşəriyyətə türk sivilizasiyası bəxş edən bir xalq zəif ola bilməz. O, qürurludur, möhtəşəmdir, yenilməzdir!
Professor Şəmsizadə tarixi faktlara istinad edərək bu qənaətə gəlir ki, tarixdə türklər işğalçı olmayıblar, fateh olublar. Onlar fəth etdiləri torpaqlara və xalqlara zülm, fəlakət yox, mərhəmət, mədəniyyət, azadlıq və ədalət aparıblar. Bu gün də türk ədaləti, zəkası, mənəviyyat və mədəniyyəti ilə seçilir və sevilir.
Kitab böyük zövqlə, ilhamla qələmə alınıb. Müəllifin Turana və Turançılığa məftunluğu əsərin demək olar ki, hər bir səhifəsində və sətrində hiss olunur. Professor yazır: “Bəlkə də çağdaş türk gəncliyi düşünür ki, Turan imperiyası, Turan dövləti şirin bir xəyaldır. Onlara xatırladıram ki, “Xəyal gerçəkliyə atılan toxumdur” (R.T.Ərdoğan) və bu toxum saf olmasına binaən Allahın izni ilə bu yaxın dövrdə mütləq cücərəcək və böyüyüb bar gətirəcək”.
Professor Şəmsizadə, həmçinin vurğulayır ki, biz təkcə arzu və xəyallarımızı deyil, tarixi əməllərimizi və həqiqətlərimizi Turanın təməlinə qoymalıyıq. Yalnız bu zaman Turan dövləti və Turan imperiyası tarixi bir zərurət kimi bərqərar olacaq. Alimə yüksək motivasiya və güc verən məhz bu inamdır: “Mən buna dərin inam bəsləyirəm. Və bu sadə, adi kitabı böyük inamla yazıram”.
Kitabda qeyd olunur ki, türkçülüyün mərkəzi XIX əsrdə Macarıstan, XX əsrin 20-30-cu illərində Azərbaycan idi. I Türkoloji qurultay 1926-cı ildə Bakıda keçirildi. Bütün dünyanın türkşünasları, türk dövlətlərinin ədibləri Bakıda türkçülüyün elmi-tarixi durumunu, problemlərini və prioritetlərini müzakirə etdilər. Müasir dövrdə türkçülüyün baş qərargahı Türkiyə – İstanbul şəhəridir. Ankara Türkiyənin, İstanbul türkçülüyün paytaxtıdır. Azərbaycan və onun qəhrəman Prezidenti İlham Əliyevin təşəbbüsü və səyləri ilə ilk toplantısı Naxçıvanda keçirilən “Türk Dövlətləri Təşkilatı” (TDT) türksoydan sonra türkləri unikal şəkildə birləşdirən Turan birliyidir. Onun çox böyük tarixi-ictimai perspektivi var”.
Bəli, bu dəyərli kitab professor Nizaməddin Şəmsizadənin doğma türk millətinə məhəbbətindən, Turan idealına sədaqətindən yaranıb. Yeri gəlmişkən, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın redaktorluğu ilə nəşr olunan, türkü sevənlər üçün nəzərdə tutulan bu möhtəşəm əsərin hər bir türk ziyalısının stolüstü kitabına çevriləcəyinə zərrə qədər şübhə etmirik.
Məsaim ABDULLAYEV
XQ