Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
Qərar
№ 3-27/3-7-13/2024
Bakı şəhəri 22 iyul 2024-cü il
“Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 8.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının
2024-cü il 22 iyul tarixli 3-27/3-7-13/2024 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən
öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra
bu halla bağlı bütün məlumatların təqdim edilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4.2-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra – Konvensiya) 6 nömrəli Əlavəsinə uyğun olaraq hazırlanmışdır və mülki aviasiya sahəsində hava gəmisinin kapitanı (komanda verən pilotu) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Konvensiyanın 6 nömrəli Əlavəsi ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.3. Bu Qayda ilə tənzimlənməyən müddəalar bu Qaydanın 1.1-ci bəndində qeyd edilmiş sənədlərin tələblərinə uyğun həyata keçirilir.
2. Hava gəmisinin kapitanı (komanda verən pilotu)
2.1. Hava gəmisinin sahibi və ya onun razılığı ilə istismarçısı hər uçuşdan əvvəl bir pilotu hava gəmisinin idarə edilməsinə və uçuş vaxtı təhlükəsizliyinə nəzarət etməsi məqsədilə hava gəmisinin kapitanını (komanda verən pilotunu) təyin edir.
2.2. Hava gəmisinin kapitanı (komanda verən pilotu) uçuşdan əvvəl hava gəmisinin uçuşa yararlı və hazır olmasına, müvafiq heyətlə komplektləşdirilməsinə və yüklənilməsinə əmin olmalıdır.
2.3. Uçuş zamanı hava gəmisində baş verən və ya baş vermə ehtimalı yaranan bütün nasazlıq və uyğunsuzluqlar barədə hava gəmisinin kapitanına (komanda verən pilotuna) hava gəmisinin digər heyət üzvləri tərəfindən dərhal məruzə edilməlidir.
3. Hava gəmisinin kapitanının (komanda verən pilotunun) məlumatlandırma etməli olduğu hallar
3.1. Hava gəmisinin kapitanı (komanda verən pilotu) uçuş zamanı baş verən aşağıdakı hallara dair uçuş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik), hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verməlidir:
3.1.1. hava gəmisinin istismarı ilə bağlı baş verən texniki nasazlıq səbəbindən təhlükəsiz uçuş həyata keçirə bilmədikdə;
3.1.2. sərnişinlərin və hava gəmisinin digər heyət üzvlərinin ciddi xəsarət alması və ya ölümü, yaxud hava gəmisinə və ya baqaj və ya yükə ciddi ziyan vurulması ilə nəticələnən hadisə baş verdikdə;
3.1.3. hava şəraiti ilə əlaqədar təhlükəsiz uçuş həyata keçirə bilmədikdə;
3.1.4. fövqəladə hal və ya qanunsuz müdaxilə aktı baş verdikdə;
3.1.5. obyektiv səbəblərdən və ya hava gəmisinin digər heyət üzvlərinin, habelə özünün sağlamlıq vəziyyətinə görə vəzifələrini yerinə yetirə bilmədikdə;
3.1.6. uçuş zamanı hava gəmisinin kifayət qədər yanacağı olmadığı və buna görə də təyinat yerinə təhlükəsiz çata bilməyəcəyi qərara alındıqda;
3.1.7. uçuşun təhlükəsiz yerinə yetirilməsinə mane olan digər hallar baş verdikdə.
3.2. Uçuş zamanı bu Qaydanın 3.1-ci bəndində qeyd edilən hallara dair məlumatlar hava hərəkətini idarəedən quruma ötürülür.
4. Məlumatın təqdim edilmə qaydası
4.1. Bu Qaydanın 3.1-ci bəndində qeyd edilən hallar baş verən zaman hava gəmisinin kapitanı (komanda verən pilotu) aşağıdakı tədbirləri görməlidir:
4.1.1. qanunsuz müdaxilə aktı baş verdikdə təxirəsalınmadan, digər hallar baş verdikdə isə 72 (yetmiş iki) saat ərzində Agentliyə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat (o cümlədən hava gəmisindəki məlum və ya ehtimal olunan nasazlıqlar barədə) verməlidir;
4.1.2. məlumatlandırma yazılı qaydada (hesabat) həyata keçirilməlidir.
4.2. Məlumatlandırma ilə bağlı prosesin təşkili üçün Agentlikdə, hava gəmisinin sahibində və ya istismarçısında əlaqələndirici şəxs təyin edilməli, eləcə də həmin şəxsin elektron poçt ünvanı və digər əlaqə məlumatları digər tərəflərə bildirilməlidir.
4.3. Dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşlar (“liter” reyslər) zamanı baş verən müvafiq hallarda məlumatlandırma “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
4.4. Hava gəmisinin kapitanı (komanda verən pilotu) sağlamlıq vəziyyəti ilə əlaqədar hava gəmisini idarə edə və ya uçuşu başa çatdıra bilmədikdə bu Qaydanın 4.1-ci bəndində qeyd edilən tədbirlərin görülməsi səlahiyyəti ikinci pilota ötürülür. Bu barədə ikinci pilot təxirəsalınmadan hava gəmisinin digər heyət üzvlərinə, hava hərəkətini idarə edən quruma, uçuş başa çatdıqdan sonra isə dərhal Agentliyə və hava gəmisinin istismarçısına məlumat verməlidir.
4.5. Hava gəmisinin kapitanı (komanda verən pilotu) təcili qərar və hərəkət tələb edən hallarda təhlükəsizlik ilə bağlı olaraq qaydalardan, əməliyyat prosedurlarından və üsullardan kənara çıxa bilər. Həmin hallarla əlaqədar uçuş başa çatdıqdan sonra hava gəmisinin kapitanı (komanda verən pilotu) bu Qaydanın 4.1-ci bəndində qeyd edilən tədbirləri həyata keçirməlidir.
5. Məlumatlardan istifadə qaydası və mühafizə
5.1. Hava gəmisinin kapitanı (komanda verən pilotu) tərəfindən təqdim edilən məlumatlar Agentlik, hava hərəkətini idarə edən qurum, hava gəmisinin sahibi, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısı tərəfindən təyinatı üzrə istifadə edilməlidir.
5.2. Bu Qaydanın 5.1-ci bəndində qeyd edilən məlumatların (o cümlədən məxfi və ya konfidensial olduqda) mühafizəsi, saxlanılması və istifadəsi Azərbaycan Respublikasının “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında”, “Milli arxiv fondu haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına uyğun olaraq təmin edilir.