Fransanın paytaxtında dördilliyin mötəbər idman yarışlarında Azərbaycan təmsilçilərinin çıxışları davam edir.
Paris Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan komandası daha bir medal qazanıb. Dünən taekvondo üzrə yeganə təmsilçimiz Qaşım Maqomedov (58 kq) Oyunlarda uğurla çıxış edərək gümüş medala layiq görülüb.
Avropa çempionatlarının qızıl və bürünc mükafatçısı əvvəlcə Cek Uolleyli (İrlandiya), daha sonra ispaniyalı Adrian Visenteni 2:0 hesabı ilə məğlub edərək “Paris-2024”ün finalına yüksəlib. O, finalda cənubi koreyalı Park Tae-Junla mübarizədə uduzduğu üçün 2-ci yerlə kifayətlənib.
Qeyd edək ki, olimpiadalar tarixində 2-ci dəfə Azərbaycan idmançısı taekvondo üzrə finala vəsiqə qazanıb. Buna nail olan ilk idmançı Radik İsayev olub. O, Rio-2016-da +80 kiloqram çəkidə qızıl medal alıb. Onun komanda yoldaşları Milad Beiqi Harçeqani 80 kiloqram, Patimat Abakarova 49 kiloqram çəkidə həmin yarışda bürünc medallara layiq görülüblər.
Dünən yunan-Roma güləşi üzrə 3 çəkidə medal qarşılaşmaları olub. Millimizin üzvü Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) ilə görüşdə tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib. Cəfərov bu dueldən də qalib ayrılaraq yarımfinala çıxıb. Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayıb. Rəqibə məğlub olan idmançımız bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Yarışda mübarizə aparan 2 qat dünya çempionu Rafiq Hüseynov təəssüf ki, erkən mərhələdə mübarizəni dayandırıb. Tokio-2020-nin bürünc mükafatçısı 1/8 finalda macarıstanlı David Loşontsiyə məğlub olub.
Təmsilçimiz Sənan Süleymanov isə mükafat uğrunda mübarizə aparıb. Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı bürünc medal uğrunda Akjol Mahmudovla (Qırğızıstan) qarşılaşıb. Millimizin üzvü uduzaraq, medalı əldən verib.
Bu gün sərbəst güləş yarışları start götürəcək. Təmsilçilərimizdən 57 kiloqram çəkidə çıxış edən Əliabbas Rzazadə Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə qarşılaşacaq. 86 kiloqram çəkidə mübarizə aparacaq Osman Nurmaqomedov isə monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək. Hər iki güləşçimiz 1/8 finaldan yarışa qatılacaq.
Qeyd edək ki, sərbəst güləş millimiz Olimpiadaya 6 idmançı ilə yollanıb.
Xatırladaq ki, hələlik komandamızın aktivində 4 medal var. Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) gümüş medal qazanıb, boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə, ən azı, gümüş medalı təmin edib.