Mətbuatda insan hüquq və azadlıqları mövzusunda görüş

post-img

Hüquq və İnsan Haqları İnstitutunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirildi. Tədbiri institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə açaraq mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində yeni yaradıcılıq uğurları arzuladı. 

Sonra M.Quluzadə rəhbərlik etdiyi qurumun son illər gördüyü işlər barədə məlumat verərək bildirildi ki, qurumun nümayəndələri müxtəlif sahələrin təmsilçiləri üçün insan hüquq və azadlıqlarının qorunması istiqamətində mütəmadi təlimlər keçir, maarifləndirmə layihələri icra edir, monitorinqlər həyata keçirirlər. Elə bu yaxınlarda institutda “Praktikaya aid siqnallar Sorğusu (PASS)” adlı onlayn platforma yaradılıb. Bu platformanın məqsədi qanunların tətbiqində insan hüquqlarının təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsinə töhfə verməkdir. Platforma hüquqşünaslara və vətəndaşlara qanun və aktların tətbiqi ilə bağlı boşluqlar və üzləşdikləri problemləri vahid mərkəzə bildirmək imkanı yaradır. Təkliflər rübdə bir dəfə institut tərəfindən ümumiləşdirilərək aidiyyəti qurumlara göndəriləcək.

İdarə Heyətinin sədri əlavə etdi ki, hüquq elmi sahəsində fəaliyyət göstərən 63 alim və tədqiqatçının yazdığı əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazası istifadəyə verilib. İnstitut ilə Medianın İnkişafı Agentliyinin birgə təşkil etdikləri mətbuat işçiləri üçün isan hüquq və azadlıqlarının qorunması istiqamətində təlimlərə toxunan M.Quluzadə gələcəkdə belə tədbirlərin davam etdirilməsinin vacibliyini bildirdi. Əlavə olaraq onlayn platformanın yaradılmasının, media işçilərinin həmin platformadan istifadə edərək hüquqi biliklərini artırmaları və sertifikat əldə etmələri üçün imkanlar yaradılacağı da vurğulandı. 

Sonra İdarə Heyətinin sədri jurnalistlərin sual və təkliflərinə münasibət bildirdi. Eyni zamanda, institutla fəal əməkdaşlıq edən jurnalistlərə təşəkkürnamələr təqdim edildi.

Qabil YUSİFOĞLU
XQ







Sosial həyat