İyulun 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Rəsulov Kamil Səttar oğlu Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərov Elçin Əliağa oğlu, 1985-ci il təvəllüdlü İsgəndərov Gülağa Əliağa oğlu və 1989-cu il təvəllüdlü Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.