İstiləşmə yeni göbələk infeksiyaları yaradır

post-img

Qlobal istiləşmə göbələk infeksiyalarının mutasiyaya uğrayaraq dərmana davamlı olmasına səbəb olur. Bununla bağlı Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları artan temperaturun göbələklərin təkamülünə necə təsir etdiyini araşdırıblar. 

Müəyyən edilib ki, yüksək temperatur göbələklərin genetik strukturunda dəyişikliklərə səbəb olur. Bu isə onların həm yoluxuculuğunu artırır, həm də dərmanla­ra davamlı edir. Mütəxəssislər insanlarda göbələk in­feksiyalarının tez-tez aşkar edildiyini və ciddi fəsadlar yaratdığını nəzərə alaraq bunun, xüsusilə, narahatedici olduğunu bildirirlər. 

Çin xəstəxanalarında aparılan araşdırma ilə tədqiqatçılar yeni göbələk növlərinin meydana gəldiyini və bəzilərinin xəstəlik zamanı istifadə edilən antifungal dərmanlara qarşı müqavimət göstərdiyini də müəyyən ediblər. Bu növlərin aqressiv inkişaf etdiyi və 37 dərə­cəyə, yəni insan bədən istiliyinə məruz qaldıqda belə immunitet sisteminə davamlı olduğu müşahidə edilib. 

Alimlər vurğulayırlar ki, nəticə etibarı ilə qlobal is­tiləşmə artdıqca bu cür göbələklərin daha çox yayılması və təhlükəli hal alması riski arta bilər. Buna görə də yeni antifungal dərmanların hazırlanması və mövcud müali­cə variantlarının təkmilləşdirilməsinə təcili ehtiyac var.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat