Samuxda Məhərrəm ayı ilə əlaqədar olaraq könüllü qanvermə aksiyası təşkil olunub. B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samux Mərkəzi Rayon Xəstəxanasında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların işçiləri iştirak edib.
Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Sakinlər gün ərzində Mərkəzi Rayon Xəstəxanasına yaxınlaşaraq qan veriblər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu