Ekranda əbədiləşmiş hünər nümunəsi

post-img

Nizami Kino Mərkəzində Birinci Qarabağ savaşının igid döyüşçüsü, Milli Qəhrəman Fazil Mehdiyev haqqında çəkilmiş “El təəssübü, Vətən məhəbbəti” adlı sənədli filmə ictimai baxış torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş qeyrətli soydaşlarımızın xatirəsinə sonsuz hörmət və ehtiramın daha bir ifadəsi oldu.

Filmin nümayişindən əvvəl bu sənədli ekran əsəri də daxil olmaqla, milli qəhrəmanlar barədə 20 filmin sse­nari müəllifi, Əməkdar mədəniyyət iş­çisi Rəfiqə Məsud Qarabağ savaşının cəngavər oğullarının kinosalnaməsinin yaradılmasının tarixi önəmindən və bu vətənpərvərlik örnəklərinin yeni nəsillərə ötürülməsində xronikal lentlərin təsirli vasitə olmasından söz açdı. Kinema­toqraf-publisist bildirdi: “Ermənistanın ölkəmizə hərbi-siyasi təcavüzünə və iş­ğalçılıq siyasətinə qarşı xalqımızın 30 il davam etmiş dirənişi, mübarizəsi, itkiləri və dözümü, nəhayət, Vətən müharibə­sində qazanılan Zəfər, Xankəndi xun­tasının tör-töküntüsünə qarşı antiterror əməliyyatı ilə zirvəsinə ucaldı. Bu misil­siz qələbələr müstəqil dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bər­pası ilə sona çatdı”. 

Rəfiqə Məsud milli tariximizin bu ən böyük rəşadətinin qazananılması uğrun­da 33 il əvvəldən başlamış döyüşlərdə misilsiz hünər göstərərək həlak olmuş Fazil Mehdiyev barədə “Yaddaş” stu­diyasında çəkilmiş filmin necə ərsəyə gəlməsi barədə də məlumat verdi: “Re­jissor Zamin Məmmədov və prodüsser Cavid İmaməliyevlə birgə qəhrəmanın Vətən sevgisi, döyüş yolu və düşmənə vurduğu zərbələr barədə bütün incəlik­ləri ekrana gətirmək üçün çağdaş kine­matoqrafın imkanlarından qədərincə yararlanmağa çalışmışıq. 25 yaşında əbədiyyətə qovuşmuş qəhrəman artıq sənədli xronikanın yaddaşında yaşayır, tanınır, sevilir. Fazil kimi qəhrəmanlar, həqiqətən ölmürlər. Onların yüksəldiyi şəhidlik zirvəsi soydaşlarımızı həmişə Vətəni sevməyə, el təəssübü çəkməyə çağıracaq. Biz də filmimizlə bunu demək istəmişik”.

Milli Qəhrəmanın anası Şövkət Meh­diyeva dedi ki, oğlunun dünyaya göz aç­dığı Laçın obası Xalq qəhrəmanı Sultan bəy və onun qardaşı, AXC liderlərindən olmuş Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovlar kimi qeyrətli oğullar yetirmişlər: “Fazil evimizdə on­lar barədə əfsanəyə çevrilmiş söhbət­ləri sevgi ilə dinləyərək böyümüşdü. Qarabağın başı üstünü qara buludlar alanda Fazil də qeyrətli həmyerlilərinin mübarizə yolunu davam etdirdi. Dedi ki, Sultan bəyin, Xosrov bəyin həmyerlisi düşmənin qabağından qaça bilməz. O təkcə bir evin yox, bir elin, bir xalqın da başını uca edən oğul oldu. Qəhrəman anası olmağımla fəxr edirəm. Oğlumun xatirəsini əziz tutanlara və ona ekranda ölməzlik gətirənlərə dərin razılığımı bil­dirirəm”.

Milli Qəhrəmanın qardaşı Azər Meh­diyev, qazi qurumlarının rəhbərlərindən Saleh Qarayev və Seymur Abdullayev, Fazil Mehdiyevin döyüş yoldaşları onun qorxmazlığından, cəsarətindən, mərd­liyindən, yurd sevgisindən söz açdılar. Onlar milli qəhrəmanlar haqqında çəkil­miş filmlərin telekanallarda davamlı ola­raq göstərilməsinin, belə videodisklərin geniş yayılmasının vacibliyini söylədilər.

Sonra “El təəssübü, Vətən məhəb­bəti” filmi nümayiş etdirildi. Qəhrəmanın doğmaları, dostları, həmyerliləri və icti­maiyyət nümayəndələri ekran əsərinin təsirli epizodlarını həyəcan və öyünclə seyr etdilər, qəhrəmanı daha yaxından tanıdılar.

Xatırladaq ki, Fazil Mehdiyev 1966-cı ildə Laçının Ələçi kəndində doğulub. Ağdamın Gülablı kəndində böyüyüb, orta təhsil alıb. Hərbi xidmətdən qayıdıb sürücülük peşəsinə yiyələndikdən 2 il sonra başlayan Qarabağ münaqişəsinin ilk günlərindən erməni quldurlarının qon­şuluğunda yerləşən Abdal-Gülablının müdafiəsinə qalxıb. 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna daxil olub. Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kənd­lərində gedən qanlı döyüşlərdə iştirak edib, ermənilərə ağır zərbələr vurub. Qaradağlı kəndində ağır yaralanıb. Tez­liklə yoldaşlarının yanına qayıdan Fazil 1991-ci il sentyabrın 24-də Abdal-Gü­lablıya güclü hücumun qarşısını alarkən onlarca qulduru məhv edərək igidliklə həlak olub. 

8 oktyabr 1992-ci ildə Vətənin fəda­kar övladı Fazil Umud oğlu Mehdiyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Paytaxtda park­lardan birində büstü ucaldılıb, adına küçə var. 

Tahir AYDINOĞLU
XQ





Sosial həyat