Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının və dövlətinin müstəqilliyi, inkişafı yolunda böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndərin haqqında yazılan kitablar, tədqiqatlar, dünyanın çox mötəbər şəxsiyyətlərinin söylədikləri də təsdiq edir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Bu sırada Bakı Dövlət Universitetinin professoru İbrahim Zeynalovun “Azərbaycanın milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi: dahi şəxsiyyətin şərəfli ömür yolu” monoqrafiyasının xüsusi yeri və dəyəri var. Bugünlərdə işıq üzü görmüş 655 səhifəlik kitab Ulu öndərin tarixi irsini, həyat və fəaliyyətinin öyrənilməsində mötəbər mənbədir.
Kitabın müəllifi İbrahim Zeynalov zəngin yaradıçılıq yolu keçmiş və tarix elmində böyük uğurlar qazanmış alim kimi tanınır. 7 monoqrafiyanın, 6 dərsliyin, 20-dən çox dərs vəsaitinin, 5 kitabın, 10-dan çox fənn proqramının, ümumilikdə, 300-ə yaxın elmi məqalə və əsərin müəllifidir. Elmi-pedaqoji və ictimai-siyasi sahədəki fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirılib, 3-cü dərəcəli Əmək ordeni, BDU-nun 100 illiyi medalı ilə təltif edilib.
Nəfis şəkildə tərtib olunmuş monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri zəngin arxiv materialları, mühüm əhəmiyyət kəsb edən dövlət və hökumət sənədləri, Ulu öndərin çıxışları, nitqləri, müsahibələri, müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlar, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərdəki faktiki materiallar əsasında araşdırılmışdır. Əsərdə Heydər Əliyevin 1944-1969-cu illərdə dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyəti, Azərbaycana rəhbərliyinin 1-ci dövrünü əhatə edən 1969-1982-ci illərdə qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olması, respublikamızın sosial-iqtisadi böhrandan çıxarılması, tənəzzüldən tərəqqiyə dönüşün, dinamik inkişafın təmin olunması, cəmiyyətdə keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanması, sosial-iqtisadi həyat sahəsində sürətli və hərtərəfli inkişafa nail olunması kimi mühüm məsələlər təhlil olunmuşdur. Həmçinin bu illərdə Azərbaycan xalqının taleyüklü problemlərinin həll edilməsi, təhsilə, elmə, mədəniyyətə qayğı, Azərbaycan dilinin qorunaraq inkişaf etdirilməsi, milli hərbi kadr hazırlığı, Azərbaycanın milli dövlətçiliyinin əsaslarının (1969-1982-ci illərdə) yadarılması və s. kimi ümdə məsələlər elmi-tarixi baxımdan təqdim edilir.
Kitabda Heydər Əliyevin 1982-1987-ci illərdə Sovet İttifaqı rəhbərliyindəki fəaliyyəti, 1987-ci ildə ermənipərəst Mixail Qorbaçovun bədxah münasibətinə görə vəzifəsindən istefa verməsi , siyasi həyatının 1987-1991-ci illəri əhatə edən dövrü, 1991-1993-cü illərdə fəaliyyətinin Naxçıvan dönəmi, Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə respublikamızda demokratik və hüquqi dövlət quruculuğu, ölkəmizin inkişafı, dünya birliyinin nüfuzlu dövlətlərindən birinə çevrilməsi, Qarabağ münaqişəsinin həlli istiqamətində çoxşaxəli fəaliyyəti zəngin materiallar əsasında təhlil edilmiş və nəticələr çıxarılmışdır.
Kitabın elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur.
XQ