Bu ildən yaranmış ənənənin davamı olaraq “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi ilə doğum günü iyun ayında olan şəhidlərin də anım mərasimi keçirilib.
Əvvəlcə Naxçıvan Televiziyasının doğum günü iyun ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən Birinci və İkinci Qarabağ müharibələrin 37 şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəhrəmanlarımızın xalqımıza bəxş etdiyi zəfərdən danışıb. O qeyd edib ki, bu gün ölkəmizdə ordu quruculuğu daha mütəşəkkil şəkildə davam etdirilir. Azərbaycan dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi əməkdaşlıq edir. Bu işlərin davamı olaraq cari ildən Milli Müdafiə Universitetinin hərbi kollecləri fəaliyyətə başlayacaq. Belə kolleclərdən biri də Naxçıvan şəhərində istifadəyə veriləcək. Tarix boyu hərb sənətinə böyük marağı olan naxçıvanlıların bu sahədə də fəallıq göstərəcəyinə əminliyini ifadə edən Fuad Nəcəfli bildirib ki, dövlətimiz şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında şəhidlərin xatirəsinə memorial abidə kompleksləri ucaldılacaq.
Səlahiyyətli nümayəndə şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb.
Mərasimdə şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və şəhid leytenant İbrahim Vəlizadənin atası Səməd Vəlizadə çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini dilə gətirib, onların bəxş etdiyi başucalığından danışıblar.
Sonda “Yeni era” teatrının kollektivi bədii kompozisiya təqdim edib.
Səbuhi HƏSƏNOV
XQ