Ali təsdiqini tapan qəhrəmanlıq

post-img

Builki Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunanların sırasında Birinci Qarabağ müharibəsinin itkin düşmüş döyüşçüsü Natiq Qasımovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq gö­rülməsi Qalib Ordumuzun Şərəf kitabında daha bir hünəri rəsmiləşdirdi. Haqq işimiz uğrunda qeyrət və sarsılmazlığı ilə nəinki düşməni, hətta xarici media dairələrini heyrətə gətirmiş soydaşımızın qəhrəmanlığının 32 ildən sonra ali təsdiqini tapması bir daha göstərdi ki, Azərbaycan dövləti Vətən yolunda göstə­rilmiş igidliklə bağlı keç kimi və heç nəyi unutmur.

1995-ci il... Bir il idi ki, ölkəmizin çə­tin, arxasız-köməksiz qaldığı günlərdə xilaskar missiyası ilə rəhbərliyə gələn Heydər Əliyevin səyləri sayəsində əldə olunan atəşkəsin nisbi sakitliyini yaşa­yırdıq... Amma işğalçı düşmən atəşkəs razılaşmasına imza atsa belə, atəşi kəsmirdi... Sənətindən-peşəsindən ası­lı olmayaraq hamımız, elliklə cəbhədə işğalçı düşmənə sinə gərib dayanan müdafiəçilərimizə arxa-dayaq olmağa çalışırdıq. O sırada mən də ardıcıl cəb-hədə, səngərlərdə çəkilişlər edib Vətə­nimizin müvəqqəti uğursuzluqdan yor­ğun düşən müdafiəçilərinə dayaq olmaq istəyirdim... Amma köhnə vərdişimdən də qalmırdım. Sovet vaxtı daim abunə olduğum “Komsomolskaya pravda” qə­zetini və onun ən çox sevdiyim əlavəsi olan “Oqonyok” jurnalını da tapıb oxu­yurdum... 

...Və bir gün “Oqonyok” jurnalında iki saqqallı erməni döyüşçünün əhatəsində Azərbaycan Bayrağını əlində məğrurca tutan bir döyüşçümüzün şəklinə rast gəl­dim. Məqaləni oxudum... Jurnalın müxbi­ri erməni tərəfdən cəbhə təəssüratlarını yazsa belə, Azərbaycan Bayrağı əlində olan o döyüşçünün QƏHRƏMANLIĞINI böyük sevgi ilə, təfərrüatı ilə yazırdı. Və indi həmkarım o reportajın müəllifi Kons­tantin Smirnovun hələ o vaxt tərcümə edib AzTV-də efirə verdiyim “AND” proq­ramında səsləndirdiyim təəssüratlarını olduğu kimi yazıram... Erməni təxribatçı­larla, terrorçu qüvvələrlə, “daşnaksütun” xəstəliyinə düçar olanlarla birgə addımla­yan Konstantin Smirnov Natiq Qasımov adlı döyüşçünün qəhrəmanlığını belə canlandırırdı:

“Biz Stepanakertdən (Xankəndi) Əs­gəran tərəfə gedərkən yolüstü üstünə saqqallı “boyeviklərin” yığışdığı zirerhli döyüş maşını ilə rastlaşıb onlara qoşul­duq... Erməni silahlı birləşməsinin bu qrupu bir neçə gün əvvəl xeyli itki verərək tutduqları kəndi təkcə qədim kilsədə qalıb mövqe tutan Azərbaycan döyüşçülərin­dən “təmizləməyə” gedirdilər... Nə həmin gün, nə də səhəri ermənilər həmin döyüş nöqtəsini susdura bilmədilər... Çətin dö­yüşdən sonra üçüncü gün qədim məbəd zəbt olundu və orda döyüşüb hamını heyrətə gətirən azərbaycanlı döyüşçü əlində Azərbaycan Bayrağı əsir götürül­dü. O beş gün ac-susuz qalıb üzərində Azərbaycan Bayrağı dalğalanan məbəd­də təkbaşına döyüşərək bütöv bir ordu hissəsi təəssüratı yaratmışdı... Və son anda BAYRAĞI əlinə alıb ermənilərin üs­tünə yerimişdi...”

Məqaləni oxudum və qısa bir süjet hazırladım o vaxt Natiq haqqında... Onda erməni tərəfdən yazan müxbirə istinad etdiyimə görə məni qınayanlar da oldu. Amma mən nədənsə, QƏHRƏMANIMI fikrimdə, xəyalımda yaşatdım və onun bir gün bütün Azərbaycana şayan olacaq QƏHRƏMANLIĞINA inandım! Və illər sonra fəhmimdə yanılmadığımı gördüm. Qarabağda QƏLƏBƏmizə imza atan Ali Baş Komandan öz döyüşçüsünə böyük qiymət verdi. İyunun 25-də imzaladığı Sərəncamla onu Azərbaycanın Milli Qəh­rəmanı elan etdi...

...İllər sonra müzəffər Ali Baş Koman­danın və xalqının layiqli mərtəbəyə yük­səltdiyi, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Natiq Qasımov haqda hələ 90-cı illərdə yarımçıq qalan jurnalist araşdırmamı davam etdirmək qərarına gəldim. Hələ sovet vaxtı hərbi qəzetdə birgə xidmət elədiyim, indi “Komsomols­kaya pravda” qəzetinin əməkdaşı Dmitri Kozlovdan Konstantin Smirnovu tapmaq­da mənə yardımçı olmasını xahiş etdim. Əsgər yoldaşım, yaxın dostum Dima tez bir zamanda bizi Konstantin Sergeyeviç Smirnovla calaşdırdı... ...Aldığım telefon nömrəsinə zəng vururam məni yorğun, ahıl bir səs salamlayır. “Natiq Qasımovu necə xatırlayırsınız?” sualımın cavabın­da özünün də dediyi kimi çox yaşlandığı­nı etiraf edib yaddaşının onu güdaza ver­diyini desə də bir az fikrə gedib 1992-ci ildə “Oqonyok” jurnalında yazdığı “Strax” (“Qorxu”) sərlövhəli məqaləsini xatırla­yaraq davam edir: “Rahib, dostum, az da olsa xatırlayıram... Mən o vaxt tez-tez Bakıda, Tbilisidə və Yerevanda olurdum və xalqlar arasına düşən nifaqın, düş­mənçiliyin səbəblərini anlamağa, bu haq­da təhlillər aparıb yazmağa çalışırdım... Haqqında soruşduğunuz qəhrəmanı canlı olaraq görməsəm də haqqında da o vaxt eşitdiklərimi qələmə almışam. Çünki o vaxt “Kommersant” qəzetimiz üçün şəkillər çəkmək məqsədilə ora mən fotomuxbirimiz italiyalı Enriko Sarzanini göndərmişdim… Onun lentə aldığı foto diqqətimi çəkdi və Natiq haqda danışdıq­larından təsirlənərək o məqaləni yazdım. Yaxşı yadımdadır, ermənilər də başla­rını itirmişdilər ki, bu oğlan 5 gün ərzin­də ac-susuz təkbaşına onları necə aciz qoymuşdu... Eşitdiklərimin əsasında hə­min o məqaləni yazdım. Səhv etmirəm­sə, “Oqonyok”un 1992-ci il aprel nöm­rəsində dərc olundu “Strax” sərlövhəli o məqaləm...”

Bunları deyən Konstantin Smirnov danışdıqca xatirələri daha da canlanır­mış kimi birdən söhbətinə ara verib “O, sağdır?” deyə soruşur. Sualından başa düşürəm ki, Natiqin sonrakı taleyindən, ermənilər tərəfindən işgəncələrə mə­ruz qalıb öldürüldüyündən xəbərsizdir... “Təəssüf ki, yox!” deyib əlavə edirəm: “Onu erməni “boyevikləri” işgəncə verərək öldürüblər... Bugünlərdə Prezi­dentimizin sərəncamı ilə Natiq Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.” Həm­söhbətim dərindən köks ötürərək “He­yif!.. O oğlanın simasını gözümdə bir daha canlandırdınız və elə o vaxt da ol­duğu kimi onu görmədiyimə çox təəssüf edirəm. O vaxt çox istədim onu görüm. Amma yəqin məni başa düşərsiniz, o qarmaqarışıqlıqda bu cür imkan tapmaq çox çətin idi. Çox təəssüflənirəm indi də... Bəlkə də biz görüşsək, onun həyatını qur­tarmağa yardımçı ola bilərdim”. Telefona sükut çökür bir anlıq. Həmsöhbətim son sözlərini təəssüf qarışıq kədər içində de­yir və sanki nitqi tutulur... Qısa fasilədən sonra davam edir: “Mən ixtiyarsız olaraq o vaxt erməni tərəfdən təəssüratlarımı yazsam da o oğlan ağlıma, düşüncəmə hakim kəsilmişdi deyə məqaləmi onun qəhrəmanlığı üzərində qurdum. Onu Xalq Qəhrəmanı elan etdiyinizi eşidəndə isə tam əminliklə deyə bilərəm ki, Qəhrə­manları tarix müəyyənləşdirir...” 

Bəli, qəhrəmanlar unudulmur... Əbə­diyaşar xatirəsi ilə qəlblərə köçüb əbə­diyaşarlıq qazanırlar. “Heç kəs unudul­mur, heç nə yaddan çıxmır!” Dillər əzbəri olan, bütün zamanlar üçün kəsərli, keçər­li olan bu şüar da, görünür, əbəs yerə yaranmayıb.

Rahib QƏRİB,
hərbi jurnalist



Sosial həyat