Allaha sədaqətin əbədi mükafatı

post-img

Dünya müsəlmanları növbəti dəfə Həzrəti İbrahim əleyhissəlamın dövründən indiyədək gələn  Qurban bayramını qeyd edir. Bu tarixdə kəsilən qurbanların digər adı isə İsmail qurbanıdır. Allaha sədaqət, əhdə vəfa rəmzi olan bu bayramın keçirilməsinin ibrətamiz hekayəti var.

“Xəlil” elə dosta deyilir ki, onun məhəbbətində heç bir nöqsan olmasın, şübhə yeri qalmasın.  Qurani-Şərifin “Ən-Nisa” surəsinin 15-ci ayəsində buyrulur: “Həqiqətən, Allah İbrahimi Özünə xəlil dost seçmişdir”. Yəni İbrahim (ə.) Allahın dostlarını özünə dost, düşmənlərini isə düşmən bilmişdir. Uca Yaradan da öz xəlili olan İbrahimə (ə.) düşmənlərə qarşı mübarizəsində kömək etmişdir. Məsələn, onu Nəmrudun dəhşətli tonqalından xilas edərək, alovu sərinləşdirmiş və soyutmuşdur.  Yaxud, onu Misir padşahından qorumuş və camaatın imamı, rəhbəri seçmişdir...

Təsadüfi deyildir ki, Allah taala peyğəmbərlər arasında yalnız İbrahim əleyhissalamı “Xəlilullah” məqamı ilə zinətləndirmişdir. İbrahim öz xalası qızı Sara ilə evlənmişdi. Amma aradan uzun illər ötsə də onların övladı olmamışdı. Belə nəql eləyirlər ki, Sara həyat yoldaşının övlad arzusunda olduğunu duyub, ona təklif edib ki, mən kənizim Hacəri sənə bağışlayıram, onunla evlən, bəlkə Allah taala sənə övlad nəsib etdi və öz arzuna çatdın.

İbrahim Hacər ilə evləndi. Allah taala ona Hacərdən bir oğul nəsib etdi. Adını İsmail qoydu. Bu hadisə Şamda baş verib. İmam Cəfəri Sadiq (ə.) buyurur ki, İsmail dünyaya gəldikdən sonra Sara Hacəri əliuşaqlı gördüyünə və özünün bundan məhrum olduğuna görə çox kədərlənib, qəm-qüssəyə batıb. Bu, İbrahimin də narahatlığına, əzab-əziyyətinə səbəb olur. Xəlilullah Allahdan bu çətinliyin yoluna qoyulmasını təvəqqe edir. Allah taala ona vəhy yolu ilə buyurur: “Hacər ilə İsmaili Saranın yanından götürüb başqa bir yerə apar”. İbrahim soruşur: “İlahi, onları hara aparım”.  Allah Taala: “Əmin-amanlıq olan hərəmə, məkana və elə bir yerə ki, Yer üzündə birinci oranı yəni Məkkəni yaratmışam.”

Bunun ardınca Allah taala Cəbrailə göstəriş verir ki, İbrahimi müşayiət edib yol göstərsin və Bürraq adlanan miniyi də onun üçün aparsın. İbrahim Hacərlə İsmaili götürüb yola düşür. Yolda harada bir yaşıllıq, çəmənlik, ağaclıq, suyu olan gözəl mənzərəli bir yerə yetişəndə İbrahim Həzrəti Cəbraildən soruşurdu: “ Ey Cəbrail, burada onları düşürdümmü? ” Cəbrail: “Yox, irəli get” deyir. Nəhayət, Məkkə vilayətinə yetişirlər və onları Kəbə evinin yanında düşürürlər.

İbrahim Saraya söz vermişdi ki, Hacərlə İsmaili mənzil başına çatdıran kimi, minikdən düşməyib geri  qayıdacaq. Peyğəmbər xalası qızı ilə vədələşdiyi kimi, geri dönərkən Hacər ondan soruşur: “ Ey İbrahim, bizi bu kimsəsiz biyabanda qoyub hara gedirsən ” İbrahim: “O kəs ki, sizi bura gətirməyi mənə əmr edib, özü sizin qayğınıza qalacaq”– deyib yola düşür.

Günəş günortaya yaxınlaşdıqca dözülməz istilər düşür. İsmail  susuzluqdan ağlamağa başlayır, gətirdikləri su artıq tükənmişdi. Hacər əlacsız qalıb Səfa və Mərvə təpələri arasında haray çəkərək su axtarmağa başlayır: “Bu vadidə bir insan yoxmu ” səsinə səs verən olmur. Səfa təpəsinin üstünə çıxıb ətrafa göz gəzdirir. Heç kəs gözə dəymir. Bir qədər aralıdakı təpə səmtdə gözünə su görünür. Sevinərək həmin səmtə– Mərvaya doğru qaçır. Heç nə yox idi, demə, ilğım imiş. İlğım ananı su üçün yeddi dəfə (4+3) Səfa və Mərva arasında qaçmağa məcbur edir. 

Haşiyə: Sonralar bura Həcc ziyarətinə gələnlər Hacər ananın övladına su tapmaq üçün Səfa və Mərva dağları arasında qaçmasını vacib “Səy” əməli kimi icra edirlər.

Ana kor-peşman halda ağlamaqdan səsi batmış körpəsinin yanına qayıdır. Əvvəlcə gözlərinə inanmır, İsmailin ayaqlarının altındakı qum yaş halda idi. Güman eləyir ki, bəlkə körpə özü isladıb. Gəlib yaş qumu əli ilə eşməyə başlayır. Bu vaxt həmin yerdən su fəvvarə vurur. Buz kimi bulaq suyu boş yerə axıb getməsin deyə, ətrafında qumdan tirə çəkir. Həmin yer sonradan Zəmzəm bulağı adlandırılır.

Haşiyə: Həcc ziyarətinin vacib əməllərindən biri də əmzəm suyundan içib bulağın yanında iki rükət namaz qılmaqdır.

Zəmzəm bulağının çağlaması Hacərlə körpəsinin bəzi qayğılarını yüngülləşdirir.  Quşların bulaq üzərində  dövrə vurması yaxınlıqdan keçən karvanların diqqətindən yayınmır. Yaxınlaşıb burada  çox şəfalı bir bulağın çağladığını görürlər. Buradan  götürdükləri suyun müqabilində bu bulağın sahibi olan Hacər anaya yemək, geyim əşyaları verirlər. Beləliklə də, bütün karvanlar yollarını buradan salır və çox vaxt onlar üçün düşərgə yeri olur. Hətta, bəziləri burada məskunlaşmaq üçün Hacərdən icazə də istəyirlər. Hacər onlara deyir ki, İbrahim gəlsin, icazəni ondan alarıq. 

İbrahim (ə.) Məkkəyə gəlib ailəsinə baş çəkirdi. Belə səfərlərin birində Hacər ona deyir ki, buradan xeyli  aralıda Cərhum qəbiləsi yaşayır. Onların nümayəndələri bizə dedilər ki, etiraz etməsəydiniz, köçüb  burada – sizin yanınızda məskunlaşardıq. İndi sənin qərarını gözləyirlər. Peyğəmbər (ə.) “ Eybi yoxdur,  qoy, gəlib məskunlaşsınlar”, –  deyir.

Bununla, Hacərlə İsmail da tənhalıqdan qurtulurlar.

Onu da deyək ki, Allah  taala sonradan İbrahim peyğəmbərə ə. Saradan da  bir oğul bəxş edir. Adını İshaq qoyurlar. Qardaşlar ayrı-ayrı yerlərdə yaşayırlar – İsmail Məkkədə, İshaq isə Şamda. İsmail həddi-buluğa çatanda İbrahim peyğəmbər ə. bir yuxu görür.  Qurani-Kərim “Əs-Saffat” surəsinin 101–10-ci ayələrində bu  hadisəni belə təqdim  edir:

“Biz də ona həlim  xasiyyətli bir oğlan uşağı İsmail ilə müjdə verdik. O, yüyürüb qaçmaq çağına on üç yaşına çatdıqda İbrahim dedi: Oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör bu barədə nə fikirləşirsən O,  dedi: “Atacan, sənə nə əmr olunursa, onu  da  et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

Qurani-Kərimdən  qaynaqlanan hadisə barədə İmam Cəfər (ə.) yazır ki,  burada məqsəd İbrahimin (ə.) Allah fərmanı qarşısında  dözümünün, səbrinin nə həddə olmasını imtahan edib sınamaq və ona verilən nemətlərə nə qədər  layiq olduğunu bilmək idi. Eyni zamanda, başqaları  da  bundan ibrət alaraq, Allahın hökmlərinə itaət etsinlər. 

Doğrudur, bu, İbrahim (ə.) kimi bir  kişi  üçün çox böyük və ağır imtahan idi. İllər boyu övladsız qalmış, indi isə  Allah ona bir oğul əta etmişdi. Həmin  övlad  boya-başa çatdığı zaman yuxuda ona əmr olunur ki, öz əllərinlə oğlunu qurban kəsməlisən!

Amma İbrahim əleyhissalamın qəlbində Allah sevgisi o qədər böyük idi ki, Rəbbinin bu hökmünü tərəddüdsüz icra  etmək qərarına gəlir.

Ata  gördüyü  yuxunu övladına danışarkən İsmail ədəblə atasına dedi ki,  atacan, peyğəmbərin yuxusu düz və doğru, şeytan vəsvəsəsindən uzaq olur. Sənə əmr olanı icra  elə. İnşallah, mənim səbr edənlərdən olduğumu görəcəksən.

Oğlunun bu qətiyyətindən sonra  İbrahim (ə.) bıçağını itiləyib və  kəndirini götürüb oğlu ilə Minaya yola  düşür.

Məşhur İslam  tarixçilərindən olan Təbəri  nəql edir ki, onlar Minaya gedərkən Şeytan insan cildində zühur edərək bu işə mane olmağa çalışıb. Əvvəlcə İbrahim peyğəmbərə (ə.) yanaşıb onu fikrindən döndərmək istəyib: “Allah  belə əmr etməz Bu,  Şeytan əməlidir. Sonra  peşman olacaqsan!”

İbrahim onu qətiyyətlə qovur. Şeytan sonra  İsmaili yoldan çıxarmaq istəyib: “O, səni öldürməyə  aparır. Rəbbi ona bu göstərişi verib” İsmail belə cavab verir: “Rəbbi göstəriş  veribsə, gərək yerinə yetirsin və mən canla-başla ona təslim olacağam”

Şeytan bundan məyus olaraq, Məkkədə qalmış Hacərin yanına gəlib soruşur: – “Heç bilirsənmi İbrahim oğlunu  hara aparır?

”– Dərədən odun yığmağa” –  deyə Hacər  cavab verir.

– Xeyr, onu apardı ki,  qurban  kəssin.

– Heç vaxt o, bu işi görməz. O, İsmaili çox istəyir.

– Bunu İbrahimə Allah əmr etmişdir.

– Əgər,  bu işi Allah əmr etmişdirsə, onda biz  hamımız ona  təslim oluruq, – deyə Hacər də Şeytanı rədd edir.

İmam Musa ibn Cəfərin (ə.) nəql etdiyi hədisdə buyrulur: “ Zəvvarların Minada Şeytanı daşlamalarının səbəbi budur ki, Şeytan orada  İbrahimin (ə.) , İsmailin, Məkkədə  isə Hacərin gözünə görünüb və orada daşla qovulmuşdur. Sonradan bu, bir  sünnə kimi Həcc ziyarəti əməlinə çevrilmişdir”.

İbrahim peyğəmbərin (ə.) oğlunu necə qurban kəsmək istəməsini isə Qurani Kərimin Əs-Saffat surəsindən öyrənək: “Onların hər ikisi Allahın əmrinə təslim olduğu və İbrahim İsmaili qurban kəsmək üçün üzüstə yerə yıxdığı zaman (103-cü ayə) Biz ona belə xitab etdik: “Ya İbrahim (104) Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Sənə yuxuda  nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur . Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (105). Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi (106).

Bu imtahan ilə həm də İslam aləmində çox  mühüm bir ənənənin əsası qoyuldu. Hər il Həcc ziyarətində Minada, eləcə də, müsəlmanların yaşadıqları dünyanın hər bir guşəsində yüz milyonlarla İsmail  qurbanı kəsilir və ehtiyacı olanlara paylanılır.

Allah qəbul  eləsin!

Hacı Qüdrət PİRİYEV

XQ

 

 

 







Sosial həyat