Türk dünyasının baməzə müdriki

post-img

Hoca da, Molla da, Xacə də ağşəhərli Nəsrəddindir

Onun adı çəkiləndə insanların çöhrəsinə təbəssüm qonur. Bütün türk xalqları onun irsini özünün mənəvi sərvəti hesab eləyir. Bu şəxs isə hansısa uydurma obraz deyil, tarixi şəxsiyyətdir.

Yəqin söhbətin Molla Nəsrəddindən getdiyini anladınız. Qardaş Türkiyədə, Ağşəhərdə onun məzarı var. Ümumiyyətlə, bu şəhərdə onunla bağlı çox şeylər qalır.

Kimliyi az bəllidir

Onun 1208-ci ildə (bəzi mənbələrdə isə 1308-ci ildə) anadan olduğu bildirilir. O, Sivrihisarın Xorto şəhərində doğulub, lakin Ağşəhərdə yaşayıb. Atası Abdulla əfəndi imam olub, lakin çox yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirib. Bundan sonra onunçün kənddə qalmaq çətin olub.

1237-ci ildə Nəsrəddin Ağşəhərə gəlib və bölgə qazisi kimi işləməyə başlayıb. Bu vəzifədə işlərkən ona “Nəsrəddin Xoca” deyə müraciət ediblər və o, bu adla da tarixə düşüb.

Türkiyədə onu Nəsrəddin Hoca adlandırırlar. (Hoca “müəllim”, “ustad” deməkdir). Biz Molla Nəsrəddin deyirik, Türküstanda, yəni Özbəkistan və Türkmənistanda isə Xacə Nəsrəddin kimi tanıyırlar. Bəlkə də digər türk xalqlarında bir başqa cür tanınır, amma bunların hamısı eyni şəxsi göstərir. 

Tarixin elə məqamları olub ki, bütün türk dünyasının ortaq mənəvi sərvətləri olub, yəni “sənin”, “mənim” olmayıb, “bizim” olub. Əslinə qalanda, təkcə Molla Nəsrəddin deyil, Məhəmməd Füzuli də, Yunus Əmrə də, Nəsimi də, Əlişir Nəvai də hansısa bir türk xalqının deyil, bütöv türk dünyasının övladları və mənəvi sərvətləridir.

Dünyanın ortası

Ağşəhər meydanının ortasında yerə bərkidilmiş yekə bir lövhə var. Həmin lövhədə yazılıb ki, bura dünyanın ortasıdır. Bu nişanənin öz tarixçəsi var. Belə ki, bir gün Molla Nəsrəddindən soruşurlar ki, dünyanın ortası haradır?  Molla da bir qədər aşağı-yuxarı, sağa-sola baxandan sonra gəlib meydanın ortasında dayanır və deyir ki, dünyanın mərkəzi bax, buradır. İnanmayan ölçsün. Kim idi onun dediyini təkzib eləyə bilən. Bu, bir zarafat olsa da, çox düşündürücü və məntiqli  cavabdır. Şəhərin ortasındakı o dəmir lövhə də elə mollanın oturduğu yerdə durur.

Eşşək belində dərs

Molla Nəsrəddin el arasında sevilən, savadlı şəxs olub. Belə deyirlər ki, dərsi başa çatsa belə, şagirdləri molladan əl çəkməz, onun dalına düşüb, sorğu-suala tutardılar. Mollanın eşşəyin belində tərsinə oturması da bununla bağlıdır. Yəni Molla eşşəyə tərsinə minib dalınca gələn şagirdlərlə söhbət edər, onlara çox şeylər öyrədərdi və beləcə, onun dərsi evə çatana qədər davam edərdi.

Məzar zarafatı

Molla Nəsrəddin Ağşəhərin rəmzi hesab olunub. Burada çox şey onu xatırladır və onun adı ilə bağlıdır. Avtobus vağzalında, şəhər meydanında, restoranda ya onun heykəlini görə bilərsiniz, ya şəklini, ya da onu xatırladan iki-üç kəlməlik bir sözünü. Qəribədir ki, insanlar Molla Nəsrəddin xarakterinin əsas cizgisi olan zarafatı onun məzarı başına da daşıyıblar. Belə ki, onun məzarı üstündə 6 sütunlu geniş bir günbəz tikilib, sadəcə iki sütun arasında bir qapı var, qalanları isə açıqdır. Həmin o qapı da möhkəm bağlanıb və üstünə yekə bir kilid vurulub. Baş daşının üzərinə Molla Nəsrəddinin ölüm tarixi də tərs yazılıb. Molla Nəsrəddin hicri-qəməri, yəni müsəlman təqvimi ilə 683-cü ildə (1284-85) vəfat etdiyi halda, lövhəyə rəqəmlərin yeri tərs yazılıb – 386.

Birdən tutdu...

Molla Nəsrəddinin çox geniş yayılmış zarafatlarından biri gölə maya çalmasıdır. Məlumdur ki, südə maya qatırlar ki, qatıq olsun. Molla da, yəqin ki, varlanmaq üçün gölə maya vururmuş. 

İndi Mollanın Ağşəhər gölünün kənarında oturmuş halda heykəli var. Əlində də çömçə.

Görənlər yaxınlaşıb soruşurlar:

– Molla, burada təkbaşına oturub nə iş görürsən?

– Gölə maya çalıram, – deyə Molla cavab verir.

Adamlar gülürlər:

– Heç göl maya tutar?

– Tutmayacağını mən də bilirəm...Birdən tutdu.

Düşündürən gülüş

Molla Nəsrəddin lətifələrində çox avam, sadəlövh görünür, bəzən də çox ağıllı. Amma bütün hallarda onun lətifəsi düşündürücüdür. O, sadəcə güldürmür, güldürə-güldürə öyrədir, ağıllandırır.

...7 lətifəsini danışmalısan

Bir vaxtlar bizlərdə uzun payız-qış gecələrində qonşular birinin evinə yığışıb maraqlı söhbətlər edər, qadınlar xalça-palaz toxuyar, nənə-babalar şirin nağıl, rəvayət, lətifə danışardılar. Onda yazılmamış belə qayda vardı ki, kim Molla Nəsrəddinin lətifəsini danışmağa başlayanda Molla Nəsrəddin sözündən əvvəl “Allah rəhmət eləsin!” sözlərini deməyi unutsaydı, 7 lətifəsini danışmalı idi. Bu, təbii ki, Molla Nəsrəddinə xalq sevgisindən irəli gəlirdi.

Səməd MƏLİKZADƏ 

 





Sosial həyat