III yazı
“Xristian türklər” silsiləsindən növbəti yazımız yakutlar – saxalar haqqındadır. Qədim türk xalqlarından olan saxalar (yakutlar) əsasən Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayırlar. Saxa dili türk dillərinin şimali Sibir qrupuna aiddir. Rusiyada bu dildə danışan insanların sayı, təxminən, 500 mindən çoxdur.
Yakut dili, həmçinin Maqadan və Saxalin bölgələrində, eləcə də Taymir və Evenk muxtar vilayətlərində də qorunub saxlanılır. Hakim rus dili ictimai həyatda saxa dilini sıxışdırsa da, 1960-70-ci illərdə bütün SSRİ məkanında başlayan mədəni-mənəvi dirçəliş saxa dili və ədəbiyyatının da nisbətən canlanmasına səbəb olmuşdur.
Hazırda Rusiya Federasiyası ərazisinin beşdə birini təşkil edən Saxa Respublikasının əhalisinin ümumi sayı 1 milyondan artıqdır. Saxaların bu ərazidəki sayında xüsusi çəkisi, təqribən, 50 faiz təşkil edir.
Qısa tarixçə
Saxalar XIII-XIV əsrlərdə monqol əsilli buryatların basqınları nəticəsində Sibirin Baykal gölü bölgəsindən şimala köçmüş türkdilli xalqların törəmələridir. O vaxtdan bölgənin yerli əhalisi, türklərlə müqayisədə sayları dəfələrlə az olan monqollar, even (lamut), tunqus və Qədim Asiya xalqları da saxalarla birləşərək qaynayıb qarışıblar. Hər bir etnosun özünəxas milli fərqləri, özəllikləri ümumi Saxa kültürünün yaranmasına səbəb olub. Bugünkü saxalar 3 fərqli dini inanca sahibdirlər: pravoslavlıq, şamanizm və tenqriçilik.
Şamançılıq və gök tenqri dinləri saxaların ən qədim, pravoslav xristianlıq isə çox sonralar qəbul etdikləri dindir.
Sibir xanlığını darmadağın edərək şərqə doğru irəliləyən çar Rusiyasının missionerlik fəaliyyəti nəticəsində saxaların bir hissəsi xristianlığı qəbul edib. Ancaq məlum rus işğalından sonra da davam edən xristianlığın güclü təbliğatına baxmayaraq, qədim türk dininin izləri saxa xalqının yaddaşının dərinliklərindən hələ də silinməyib. Xalqın bir qismi qədim türk dininin göy tanrının (tenqriizm) adət-ənənələrindən, ibadətindən əl çəkməmiş və bu ənənələri bu günə qədər davam etdirməkdədir. Beləliklə, xalqın hazırkı inancı şərqi pravoslav kilsəsi ilə şaman inanclarının sintezi kimi davam etməkdədir.
Gök tenqri dini saxa türklərinin həyatında mühüm rol oynamışdır. Bu gün də ölkədə şamançılıqla bağlı inanclar, mərasimlər davam edir. Bir vaxtlar repressiyalardan çəkinməyərək şamançılığı yaşadan saxa türk şamanları, artıq şamançılığı peşəyə çevirməkdədirlər. Saxa alimlərinin fikrincə, bugünkü şamanizm qədim türk dininin fəlsəfi, bədii və tibbi cəhətlərini özündə əks etdirir. Saxa şamanizmi haqqında ilk məlumatın XIII əsrə aid olduğu güman edilir.
Fantastik sərvət
Saxa Respublikası faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir coğrafiyadır. Burada 58 faydalı qazıntı növünə aid 1823 qiymətli metal yataqları rəsmi qeydiyyata alınmışdır. Bu yataqlar əsasən almaz (Rusiyanın almaz ehtiyatlarının 82 faizi), stibium (stibium ehtiyatlarının 86 faizi) və uran (uran ehtiyatlarının 61 faizi) yataqlarıdır. Bundan başqa Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47 faizi, təbii qaz və neftin 35 faizi Yakutiyanın payına düşür. Ən maraqlısı isə odur ki, Saxa torpaqlarında 16 mindən çox potensial faydalı qazıntı yatağı hələ də az tədqiq edilmiş və ya tədqiq edilməmiş qalır.
Mədəniyyət və dil
Qədim türk mədəniyyəti izlərinin geniş anlamda hiss olunduğu saxa türklərinin milli-mədəni xüsusiyyətləri bölgədəki digər türk toplumlarının mənəvi irsi, yaşam və kültür tərzi ilə demək olar, eynidir. Saxa türkləri bu günə qədər qədim türk geyim formalarını və həyat tərzini yaşatmağı bacarıblar. Məsələn, həddən artıq soyuq iqlimə malik ərazidə yaşadıqları üçün saxalar qış aylarında maral dərisindən hazırlanmış ayaqqabı geyinirlər.
Saxa bir çox türk dilləri ilə paylaşdığı aqlütinasiya və sait harmoniyası kimi qrammatik xüsusiyyətləri ilə seçilir. Saxa dili cümlə quruluşuna görə, ümumiyyətlə, subyekt-obyekt-predikat sırasına malikdir. Hind-Avropa və Hami-Semit kimi böyük dil ailələrinə məxsus dillərdən fərqli olaraq, qrammatik cinsin (sözlərdə kişi və qadın cinsi fərqi) olmadığı klassik Altay dilidir. Alınma sözlərin bir hissəsi rus, ingilis, fransız, monqol, tunqus, çin kimi xarici dillərdən, eləcə də müxtəlif Paleo-Sibir dillərindən saxa dilinə keçib. Bu dil digər türk dillərindən fərqli olaraq, ərəb və fars dillərinin təsirinə məruz qalmamışdır.
Saxa mətbəxi
Yakut mətbəxinin ənənəvi içkisi kumısdır. Əsas yeməkləri inək, madyan və maral südündən hazırlanmış süd məhsulları, dilimlənmiş, dondurulmuş duzlu balıq – stroqanina, xəmirli ət yeməkləri - oyoqos, geyik ətindən müxtəlif yeməklər, dondurulmuş balıq və darı sıyığıdır. Kuerçex və ya kierçex adlanan desert inək südündən və ya müxtəlif meyvələrlə qarışdırılmış qaymaqdan hazırlanır. Ümumilikdə isə saxa süfrəsini, bir qayda olaraq, müxtəlif balıq növündən hazırlanmış çeşidli balıq yeməkləri bəzəyir.
Murad KÖHNƏQALA,
şair-publisist