Siqaret – “ləzzətli” zəhər

post-img

31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür

Bər-bəzəkli qutuların üzərində yazılmış xəbərdarlıqlara baxmayaraq, acı tütün tüstüsünü ciyərlərinə sümürənlər bu xoşagəlməz bəlanın girdabından qurtula bilmirlər. Narkomaniya və alkoqol kimi siqaret də təhlükəli vərdiş olaraq çoxlarını özündən asılı vəziyyətə salıb. Təəssüf ki, acı tüstünü acgözlüklə udaraq ciyərlərinə çəkənlər çox vaxt onun səbəb olduğu fəlakətli nəticələri düşünmürlər.

Tütündən istifadə ölümə aparan ən mü­hüm səbəblərdəndir. Statistikaya görə, hər il dünyada 8 milyon nəfər tütün epidemiyasının qurbanı olur. Onların 800 minindən çoxu pas­siv siqaret istifadəçiləridir. Siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Siqa­ret tüstüsündə sağlamlığa zərərli 400-dək müxtəlif maddə var. Siqaret çəkərkən udulan hər nəfəsdə tütün tüstüsü 50 min beyin hü­ceyrəsini məhv edir. Orqanizm siqaret tüstü­sü ilə nə qədər çox qarşılaşarsa, bunun fəsad­ları bir o qədər çox olar.

Təəssüf ki, bir çoxları tütün məmulatla­rından istifadəni həyatının ayrılmaz tərkib hissəsinə çevirib. Bunun səbəblərindən biri tütün məmulatlarının tərkibindəki nikotinin insanda asılılıq yaratmasıdır.

Son illər qəlyan və elektron siqaretlərdən istifadə halları çoxalıb. Lakin onun istifa­dəçiləri nəzərə almırlar ki, bütün növ tütün məhsulu insan orqanizmində ölümcül xəstə­liklərin yaranmasına gətirib çıxaran risk fak­torudur. Həkim və mütəxəssislərin dediyinə görə, elektron siqaretlər və qəlyan yuxarı tənəffüs yollarının və ağ ciyərlərin selikli qi­şasını məhv edir. Gigiyenik tələblərə riayət edilmədikdə, hətta tənəffüs yollarının infek­sion xəstəliklərin yayılmasına gətirib çıxarır. Xüsusilə qapalı məkanlarda qəlyandan istifa­də edilməsi nəticəsində insanlar həm də pas­siv tütünçəkməyə məruz qalırlar. 

Yenə də statistikaya üz tutsaq, hər il dün­yada tütünçəkmə və onun yaratdığı xəstəlik­lər nəticəsində həyatını itirənlərin 1 milyonu passiv tütünçəkənlər, yəni tütün məmulatla­rından istifadə etməyib, onun zərərli təsirinə məruz qalanlardır. Passiv tütünçəkmə nəticə­sində də bir çox xəstəliklər yarana və yaxud mövcud xəstəliklərin ağırlaşmaları müşahidə oluna bilər. 

Eyni zamanda, müxtəlif ürək-damar xəstəlikləri və tənəffüs yolu xəstəlikləri də tütünçəkmənin yaratdığı problemlərdən he­sab olunur. Xüsusilə tütünçəkmə 90 faiz hal­larda ağ ciyər xərçənginin yaranmasına gə­tirib çıxarır. Hesablamalara əsasən, dünyada 700 milyon uşaq havada olan tütün tüstüsü ilə nəfəs alır. Bu isə onlarda xüsusilə tənəffüs yolu xəstəliklərinin yaranmasına və ağırlaş­malarına gətirib çıxara bilər. Beləliklə, siqa­ret çəkənlər özləri ilə yanaşı, ətrafdakıların da sağlamlığı üçün təhlükə yaradırlar.

Əlbəttə, necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Tütündən imtina etmək üçün ən müxtəlif yol və üsullar var. Onlar öz yerində, lakin tütündən birdəfəlik imtina edilməsi, ilk növbədə iradədən asılıdır.

Fikrini dağıtmaq, qüssədən uzaqlaşmaq üçün “qəm tütəyi”ni alışdıran kəs, bəlkə də özünü daha böyük qəm dəryasına atdığını ağ­lına da gətirmir. Lakin nə qədər ki, gec deyil, nə qədər ki, iş işdən keçməyib, ilk növbədə, həmin dəryaya düşməmək, düşəndən sonra oradan üzüb sahilə çıxmaq üçün özündə güc, qüvvət tapmaq lazımdır...

Süleyman QARADAĞLI

Sosial həyat