Mayın 24-də Quba şəhərində yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə regional müşavirə keçirilib. Məlumatı FHN mətbuat xidməti verib.
Müşavirədə Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Kənd Təsərrüfatı Nazirliyinin, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı, Abşeron və Sumqayıt şəhəri üzrə yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları, idarə və müəssisələrin, bələdiyyələrin məsul şəxsləri və fermerlər iştirak ediblər.
Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində yanğın təhlükəsziliyinin etibarlı təmin olunması istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Vurğulanıb ki, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməməsi, texnikaların hərəkət hissələrinin və detallarının dağılması və biçilmiş sahələrin yandırılması ciddi fəsadlara səbəb olur.
Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
P.ƏMİRCANOV
XQ