Yarpaqlı tərəvəzlər, giləmeyvələr və balıqla zəngin qidalanma beyin sağlamlığını qorumağa və onun daha gec qocalmasına kömək edə bilər. Bu barədə ABC News-un yaydığı məlumata görə, “BMJ Neurology” jurnalında dərc olunan yeni elmi araşdırmada bildirilir.
Araşdırma çərçivəsində 1600-dən çox insanın beyinində baş verən dəyişikliklər 12 il ərzində izlənilib. Nəticələr göstərib ki, MIND pəhrizinə daha ciddi əməl edən şəxslərin beyni MRT müayinələrində orta hesabla 2,5 il daha gənc görünür.
MIND pəhrizi Aralıq dənizi və DASH qidalanma modellərinin birləşməsi olub, əsasən yarpaqlı tərəvəzlər, giləmeyvələr, balıq və zeytun yağı kimi məhsulları təşviq edir, qızardılmış yeməklər və qırmızı ətin isə məhdudlaşdırılmasını tövsiyə edir.
Tədqiqat zamanı bütün iştirakçılarda yaşla əlaqədar olaraq beynin həcminin azaldığı müşahidə olunsa da, sağlam qidalanan şəxslərdə bu proses daha ləng gedib. Xüsusilə yaddaş və düşünmə ilə bağlı olan boz maddənin itirilməsi daha az olub, həmçinin beyin damarları ilə bağlı zədələnmələr daha zəif qeydə alınıb.
Mütəxəssislərin fikrincə, bu tip qidalar orqanizmdə iltihabı və oksidləşdirici stressi azaldır. Bu proseslər isə hüceyrələri tədricən zədələyərək qocalmanı sürətləndirən əsas amillərdən hesab olunur.
Araşdırmada bəzi qidalar xüsusi vurğulanıb. Belə ki, giləmeyvələr və quş əti beyin üçün faydalı hesab edildiyi halda, şirniyyatlar və qızardılmış yeməklər beynin daha sürətli kiçilməsinə səbəb ola bilər.
Bununla belə, alimlər bildirirlər ki, təkcə ayrı-ayrı qidalar deyil, ümumi qidalanma tərzi həlledici rol oynayır. Gündəlik olaraq meyvə və tərəvəzlərin daha çox, ultra-emal olunmuş məhsulların isə daha az istehlakı beyin sağlamlığına daha böyük təsir göstərir.
XQ

