Masallının ən böyük yaşayış məntəqəsi olan
Ərkivan qəsəbəsində elmə, biliyə və gənclərin gələcəyinə verilən dəyərin daha bir gözəl nümunəsi təqdim olunub. "Ərkivan" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə orada yaz tətilinə gəlmiş tələbələrlə maraqlı görüş keçirilib.
Görüşdə Masallıdan çıxmış elm xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxışında qeyd edib ki, gənclərin təhsili və inkişafı hər zaman diqqət mərkəzindədir. O vurğulayıb ki, ilk dəfə olaraq tələbələrin semestr göstəricilərinə əsasən mükafatlandırılması təşəbbüsü onların daha böyük uğurlara ruhlandırılması məqsədi daşıyır.
Sonra Xeyriyyə Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardınca məclisin fəxri qonaqları – tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, Əməkdar jurnalist və tərcüməçi Zakir Abbas, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, iqtisad elmləri doktoru, professor, şair Rəsmiyyə Sabir, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə veteranlar arasında dünya çempionatının mükafatçısı Elgiz Məmmədov və müəllim Şəfa Məmmədova gənclərə dəyərli tövsiyələr verərək onların uğurlarını yüksək qiymətləndiriblər.
Tələbələr adından çıxış edən, orta məktəbi qızıl medalla bitirən və hazırda Bakı Dövlət Universitetində təhsil alan istedadlı gənc Zəhra Əliyeva bu təşəbbüsə görə dərin təşəkkürünü ifadə edib.
Tədbirin ən yaddaqalan məqamı isə mükafatlandırma mərasimi olub. Gecəsini-gündüzünə qataraq əzmlə çalışan tələbələrin zəhməti layiqincə dəyərləndirilib. 13 nəfər əlaçı tələbənin hər birinə 300 manat, 18 nəfər zərbəçinin hər birinə 150 manat, ölkə miqyaslı tədbirlərdə uğur qazanan 7 şagirdin hər birinə 150 manat və onların müəllimlərinin hər birinə 100 manat pul mükafatı və hədiyyələr təqdim olunub.
Ə.DOSTƏLİ
XQ


