Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində polis əməkdaşları arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. Məlumatı DİN mətbuat xidməti verib.
Tədbirdə nazirliyin baş idarələri, eləcə də paytaxt Bakı şəhəri də daxil olmaqla, respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər.
Yarışda nazirliyin zonalar üzrə qeyd edilən idman növü üzrə qalıb gəlmiş 86 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Komanda idman növündə Əlahiddə Çevik Polis Alayının əməkdaşları 1-ci, Daxili Qoşunların Baş İdarəsinin komandası 2-ci, Bakı Şəhər Baş Polis İdarəsinin kollektivi isə 3-cü yeri tutub.
Çempionatda qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
P.ƏMİRCANOV
XQ