Gerçək ictimai qınaq, yoxsa linç?

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Sosial şəbəkələrdə nalayiq oldu­ğu bildirilən geyimdə (geyimə qiy­mət vermək istəmədiyim üçün belə yazdım) olan xanımın mağazadan qovulması səhnəsini əks etdirən vi­deogörüntülər yayılıb. Xanımı qına­yanların, sanki növbəyə durduqlarına dair təəssürat var. Bu barədə bir neçə məqama diqqət yetirmək istərdim. 

Bəli, kimsə kiminsə geyimini düzgün saymaya bilər. Hər kəs nalayiq bildiyi ge­yimdə olan şəxsin obyektinə daxil olmağı­na, ümumən orada görünməyinə şərait ya­radıb-yaratmamaqda da sərbəstdir. Ancaq bu durumda düzgün saymadığım məsələ nalayiq kimi qələmə verilən geyimi geyinə­nin görüntülənməsi və həmin görüntünün sosial şəbəkələrdə, ən başlıcası isə ayrı-ayrı media orqanlarında yayılmasıdır. O media orqanlarında ki, cəmiyyətdə ictimai fikri for­malaşdırmaq missiyasını üzərilərinə götür­düklərini bildirirlər. Görəsən, belədirmi?

Qınaqdan danışırdım, axı, ictimai qınaq­dan. Onun yol verilən hədləri var. Əlbəttə, sosial şəbəkə iştirakçıları bu barədə xəbərsiz ola bilərlər. Təəssüf ki, bəzi media qurumla­rı da prosesdə fəal iştirak edirlər. Fikrimcə, ən pisi elə budur. Çünki onların sayəsində hadisə daha geniş təbliğ olunur, ictimai ob­raz qazanır. Müvafiq olaraq ictimai qınaq da əndazəni aşır, ona tünd rəng çalarları əlavə olunur, linç elementləri yaranır. Linç isə ona məruz qalan şəxsi aqressivləşdirir. Həmin şəxs daha əzmlə özünü cəmiyyətə müxalif görməyə başlayır. Hərəkəti səhvdirsə, səhvi­ni daha da dərinləşdirir. Qısaca, "ho ha" var dağa qaldırır, "ho ha" da var dağdan endirir. Buna diqqət edirikmi? Təəssüf ki, yox. 

Digər tərəfdən, biz hüquqi dövlətdə ya­şayırıq. Təsəvvür edin ki, əxlaqından və mənəvi keyfiyyətlərindən asılı olmayaraq, sıravi şəxs özünün icazəsi olmadan görün­tülənir və həmin görüntü yayılır. Adama qarşı təhqirlər bir-birini sıralayır. Budurmu hüquqi dövlət anlayışı? Qəribəsi isə odur ki, bir qay­da olaraq, geyiminə görə kimisə linç edən­lər sonradan özlərinin üzləşdikləri hansısa qanunsuzluqdan söz açırlar. Axı elementar məntiq var: Sən əlinə düşən ilk fürsətdəcə qanuna məhəl qoymursansa, başqasının əlində daha böyük imkanlar olub bunu edir­sə, niyə şikayətlənməlisən? Fikrimcə, ictimai qınaq heç bir halda qanunçuluğu ikinci plana atmamalıdır. Birincidə ikincinin təbiəti mütləq qaydada qorunmalı, hiss edilməlidir. 

Başqa bir məqama diqqət yetirək. Daha doğrusu, indiki halda bu məqama diqqət ye­tirməli olan jurnalist cameəsidir. Nəzərə alaq ki, nalayiq geyimdə olduğu bildirilən xanım vəzifə sahibi deyil, xalqın, millətin taleyinə görə cavabdehlik daşımır. Yəni, videogö­rüntüyə alınaraq ictimai qınaq hədəfinə çev­rilməli olan subyekt sayıla bilməz. Deməli, onun hərəkətinin də cəmiyyətdə mənəvi tərbiyə xüsusunda qiymətləndirilməsi yolve­rilməzdir. Media bu təbliğatda iştirak edirsə, istər-istəməz onun ictimai missiyası arxa plana keçir. Bu halda demək olmaz ki, me­dia sosial şəbəkələrlə rəqabətdə uduzmaq istəmədiyindən dövrün tələbi ilə uyğunlaş­maq məcburiyyətindədir. Çünki jurnalistika heç bir halda cəmiyyət üçün real fayda amili­ni unutmamalıdır. 

Cəmiyyət rəngarəngdir. Onda tərbiyə­li-tərbiyəsiz, əxlaqlı-əxlaqsızlar, şərəfli və şərəfsizlər var. Hesab edək ki, haqqında söz açdığımız xanım nalayiq geyimdə ma­ğazaya daxil olmaqla, ümumən ictimai yer­də görünməklə səhvə yol verib. Məsələnin geniş ictimai müzakirəyə çıxarılması şəxsin səhv addımının təbliğidir. Səhvə yol verən şəxs istər-istəməz kultlaşır, hamı tərəfindən etalona çevrilir. Bu, yolverilməzdir. Həm də ona görə yolverilməzdir ki, cəmiyyətdə ayıb da, ayıb olmayan da bizimdir. Hər ayıb de­yilməməli, haqqında söhbət açılmamalıdır. Bineyi-qədimdən abıra bükülmək kimi bir deyim də var. 

Nəhayət, bir məqamı da vurğulayım. Na­layiq geyimdə olan şəxsi – xanımı görün­tüyə alan və bu görüntünün ictimai qınaq, ümumən diskussiya predmetinə çevrilmə­sinə şərait yaradanlar, o cümlədən, məsələ­ni xəbər kimi yayan media orqanları daha ziyanlıdırlar, nəinki həmin geyimdə yola çıx­mağı özünə rəva bilən şəxs. İstər mənəvi baxımdan, istərsə də hüquqi nöqteyi-nəzər­dən onların hərəkətinə bəraət yoxdur.

Sosial həyat