QHT müzakirələri: Erkən nikahlar

post-img

“XQ”də “QHT müzakirələri: Erkən nikahlar” mövzusunda keçirilən “də­yirmi masa”nın budəfəki qonaqla­rı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İSMAYILOVA, “Vəfa” Sosial Problem­lərin Həllinə Dəstək İctimai Birliyi­nin sədri Fatma HACIYEVA, “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri Kəmalə MURADLI, “Din və Qa­dın Hüquqları” İctimai Birliyinin sədri Tünzalə QARDAŞOVA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin analitik təhlil və informasi­ya şöbəsinin müdiri, hüquq üzrə fəl­səfə doktoru Elgün SƏFƏROV idi. 

Tədbiri giriş sözü ilə açan Baş redaktor Əflatun Amaşov bildirdi ki, “XQ”də bu mövzunun davamlı olaraq işıqlandırılması, “dəyirmi masa”lar keçi­rilməsi təsadüfi deyil. Çünki Azərbaycan cəmiyyətində erkən nikah ağrılı prob­lemlərdən biridir. Belə ki, bəzi ailələrdə qızların öz istəkləri, yaxud valideynlərin təzyiqi, habelə digər səbəblərdən erkən nikahlar baş verir. Təbii ki, ölkədə müşa­hidə olunan belə şərait cəmiyyətdə ciddi narahatlıqla qarşılanır və medianın mü­zakirə mövzularından birinə çevrilir. Əl­bəttə, hökumət strukturları da məsələyə biganə qalmır, müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxış yolları axtarılır. 

Əflatun Amaşov qeyd etdi ki, indiyə­dək “XQ”nin iştirakı ilə keçirilən “dəyirmi masa”larda ekspertlər, dövlət strukturları nümayəndələri tərəfindən erkən nikah hallarının aradan qaldırılması istiqamə­tində bir sıra tədbirlərin reallaşdırılması zərurəti vurğulanıb. Problemə həssaslıq­la yanaşmaqla zamanın tələbinə uyğun qanunvericiliyə müəyyən əlavə və dəyi­şikliklər edilməsi, bu yöndə rastlaşılan neqativ halların qarşısının alınması və cəzalandırma ilə bağlı mövcud qanun­vericilik bazasının təkmilləşdirilməsi, ha­belə nikah yaşının azaldılması ilə bağlı istisnanın aradan qaldırılması təklif olu­nub. 

Baş redaktor qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək vur­ğuladı ki, redaksiyanın fəaliyyətində ölkə­nin sosial həyatının bütün sahələrindəki müəyyən çətinliklər, eləcə də erkən nikah problemi ilə bağlı məqalələrin verilməsi, “dəyirmi masa”ların keçirilməsi prioritet istiqamətdir. Bugünkü “dəyirmi masa” da həmin silsilənin, bir növ, davamıdır. Bu gün məlum problemə başqa aspektdən yanaşmışıq. Qarşıya qoyduğumuz məqsəd QHT sektoru ilə bağlıdır. Görək, QHT-lər erkən nikahla bağlı təqdim et­dikləri layihələri necə həyata keçirirlər? Bu layihələrin cəmiyyətə nə kimi xeyri olacaq? Suallara aydınlıq gətirmək üçün isə mövcud sahədə daha çox iş aparan qurum olduğu üçün AQUPDK-dən nü­mayəndə, eyni zamanda fəal QHT rəh­bərləri kimi sizi də dəvət etdik. 

Nailə İSMAYILOVA: 

– QHT Dövlət Dəstəyi Agentliyinə təqdim etdiyimiz layihə “Erkən nikahın fəsadları” adlanır. Bu mövzu bizim üçün yeni deyil. Belə ki, 7–8 ildir ki, erkən ni­kah, məişət zorakılığı, insan alveri, uşaq hüquqlarının qorunması ilə bağlı layihələr həyata keçiririk. Bunlar bir-birilə zəncir­vari əlaqədə olan ailə münasibətlərində yer tutur. Erkən nikah deyəndə məişət zorakılığını, həm də, bu amillə bağlı in­san alverini unutmamalıyıq. 

Son vaxtlar erkən nikahla bağlı apar­dığımız maarifləndirici layihələrlə əlaqə­dar bölgələrdə oluruq. Bu dəfə həyata keçirəcəyimiz “Erkən nikahın fəsadları” adlı layihə isə 3 ay müddətində Saat­lı, Sabirabad və Goranboy rayonlarını əhatə edəcək. Sosial Xidmətlər Agent­liyinin bizə verdiyi sosial sifarişi Sabira­badda Günərzi qayğı mərkəzində həyata keçirən zaman həmin rayonda və Saat­lıda erkən nikah statistikasının yüksək olduğunu müşahidə etmişdik. Ona görə də sözügedən layihə əsasında məhz o rayonlarda tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda, gerçəkləş­dirəcəyimiz layihələrdə valideynlərin də iştirakını zəruri hesab edirik. Çünki ötən tədbirlərdə qızlardan çox valideynlərin maariflənməyə ehtiyacı olduğunu gör­müşdük.

Qeyd edim ki, may ayından başlaya­raq hər 3 rayonda erkən nikahlarla bağ­lı sorğu keçirəcəyik. 100 nəfərin iştirakı nəzərdə tutulan sorğunun ikitərəfli apa­rılmasını planlaşdırmışıq. Erkən nikaha valideynlərin, eyni zamanda qızların münasibətinin öyrənilməsi qarşıya əsas məqsəd olaraq qoyulub. Bu məsələ ilə bağlı fikirləri öyrəndikdən sonra anala­rın və qızların iştirakı ilə “dəyirmi masa”­lar təşkil edəcəyik. Bu yolla ailə ilə bağlı mövcud stereotipləri sındırmağın, maa­rifləndirmədə səmərəliliyə nail olmağın mümkünlüyünü düşünürük. 

Ailə qurarkən tərəflərin düzgün se­çim etməməsi, erkən nikaha qərar veril­məsi bu cür ailələrdə narahatlıq doğu­ran fəsadların yaranmasına, körpələrin sağlamlığında ciddi problemlərin üzə çıxmasına səbəb olur. Bir çox hallarda həmin ailələr dağılır. Belə düşünülməmiş evliliklərdən ən çox ziyan çəkən isə dün­yaya gələn uşaqlar olur. Ailə məsuliyyəti­ni düzgün dərk etməyən, özü hələ uşaq ikən dünyaya uşaq gətirən qızlar son­radan çox ciddi problemlərlə üzləşməli olurlar və bunun öhdəsindən gəlməyə çox vaxt gücləri çatmır. Təhsildən ayrı­lan, heç bir peşə-sənətə malk olmayan, hüquqlarını blməyən qadınlar üzləşdikləri çətinlikləri aradan qaldırmaq iqtidarında belə olmurlar. 

Bu gün erkən nikaha girən, rəsmi nikah qeydiyyatında olmayan, ailəsi da­ğılan çox sayda qadın, ana var ki, hət­ta həmin izdivacdan dünyaya gəlmiş övladlarına soyad belə ala blmirlər. Heç bir sənətə sahib olmayan belə xanımlar sonradan maddi ehtiyaclarını təmin et­məkdən məhrum olurlar. Bu da cəmiyyət­də sosial problemli insanların artmasına gətirib çıxarır. 

Aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq hələ də erkən nikah­lar bağlanır. Bu faktın özü belə bir prob­lemin hazırda nə qədər aktual olduğunu göz önünə gətirir. Gənclərimizə, xüsusilə də, yeniyetmə qızlarımıza bu sahədə kömək etmək çox vacib məsələdir. Bu­nunla bağlı aparılan maarifləndirmə təd­birləri yeniyetmə və gənclərin gələcək həyatlarının düzgün qurulmasına, vaxtın­da və düzgün seçim etmələrinə müsbət təsir göstərə bilər.

Fatma HACIYEVA: 

– Erkən nikahlarla bağlı adları müxtə­lif olsa da bir neçə layihə (“Erkən ni­kah–Yarımçıq qalmış arzular”, “Zorla ərə verilmə, erkən nikah” və s.) rəhbəri olmu­şam. Hətta bir dəfə narkomaniya ilə bağlı layihə həyata keçirdiyimə baxmayaraq, erkən nikah mövzusu qəlbimə yaxın ol­duğu üçün bu istiqamətdə işləməyi daha çox düşünmüşəm. Çünki müəlliməm, ye­niyetmələrlə işlədiyimdən onların tələblə­rini yaxşı bilirəm. 

Bakı şəhərində regionlarla müqayisə­də erkən nikah hallarına az rast gəlinir. Ona görə də müəyyənləşdirdiyim la­yihələri bölgələrdə həyata keçirmişəm. Bir neçə il İsmayıllı və Abşeron rayonla­rının kəndlərində maarifləndirici tədbirlər gerçəkləşdirmişəm. Erkən nikahın və ni­kahdan kənar uşaq evliliyinin qarşısının alınması məqsədilə Abşeronun bir neçə kəndində layihə icra etmişəm. 

Onu da deyim ki, bölgələrimizdən Masallı və Biləsuvar rayonlarında erkən nikaha daha çox rast gəlinir. O bölgələrin əksər kəndlərində qızlar 5-ci, uzağı 6-cı sinifdən məktəbdən çıxarılır. Etiraf edim ki, özüm də erkən (çox gənc yaşda) nikah qurbanı olmuşam. Belə ki, 18 yaşımda tələbə olaraq ailə qurmuş, bir il sonra isə körpə dünyaya gətirmişəm. Erkən nikaha görə günahı həmişə özümdə görmüşəm. Düzdür, sevib el adəti ilə ailə qursam da, erkən nikaha görə çox çətinlik çəkmişəm. O zaman elə bilirdim ki, hər şey son dərə­cə gözəl olacaq. Amma ailə nədir, hansı vəzifələri var, uşağa necə qulluq etmək olar kimi sualların cavabından xəbərsiz idim. Öz toyumda gəlin paltarı geyməyin ən böyük səadət olduğunu düşünürdüm. Özüm belə tez ailə qurduğum, bu səbəb­dən çox əziyyət çəkdiyim üçün erkən ni­kaha cəlb edilənlərin əziyyətini də daha yaxşı anlayıram. 

Bu mövzu ilə bağlı keçirdiyim la­yihələrin müsbət nəticəsi olduğundan təkrarən erkən nikahlarla bağlı “Qadın­ların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” adlı layihə təqdim et­mişəm. Əvvəlki layihələrdən sonra çox sayda telefon zəngləri almışam. Hətta bir layihənin icrası zamanı bir xanım mənə yaxınlaşıb dərdini danışdı. Onun nara­hatlıq doğuran bu problemini medianın köməyi ilə aradan qaldırdım. Yaxud Ab­şeronda 15 yaşlı bir qızın nişanlanması ilə bağlı informasiya aldım. Valideynlər bu məlumatı gizlətməyə çalışsalar da, uşaq faktı təsdiqlədi. Abşeron Rayon İcra Hakimiyyəti nəzdində İctimai Şura­nın köməyi ilə hadisəyə müdaxilə etdik. Mərasim baş tutmadı və qızın məktəbə qayıtmasına nail olduq. 

Hazırkı layihəmlə bağlı Sabirabad, Salyan, Masallı və Biləsuvar rayonları­nın erkən nikahların sayı daha çox olan kəndlərində tədbirlər keçirəcəyik. Əsas məqsədim erkən nikah qurbanlarına dəstək olmaqdır. Qadınların heç olmasa bir sənətə yiyələnərək cəmiyyətə adapta­siyasına kömək etmək istəyirəm. Təhsil almaq istəyənlərin arzusunu gerçəkləş­dirməyə dəstək olmaq fikrindəyəm. 

Erkən nikahlar fərdin psixi-mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Evlilik şəx­sin seçim edə biləcəyi bir hadisə olduğu halda, erkən evlilik onun seçim haqqı­nın əlindən alınmasıdır. Erkən nikahlar uşaqların həmin yaş dövrünü əllərindən almaqla, ailə, ev, uşaq baxımı kimi mə­suliyyətlər daşımaqla şəxsi inkişafına mane olur. Həmin fərdlər təhsildən uzaq­laşır. Uşaq evliliyi qız uşaqlarının həyat yoldaşlarından asılı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliyinin yaranmasına gətirib çıxarır. 

Qadınların təhsilinin və maddi vəziy­yətinin məhdudluğu, tərəflər arasında yaş fərqinin və güc balansının olmama­sı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsası­dır. Adətən, erkən evlilik halları ailələ­rin razılığı ilə baş tutduğundan, nikaha cəlb edilənlərin 71 faizi evlənməmişdən öncə bir- birlərini görmürlər. Ailə plan­laşdırılmasını dərk etmirlər və beləliklə, dünyaya gətirilən uşaqların sayında və sağlamlığında ciddi problemlər meyda­na çıxır. Depressiyaya düşənlərlə bağlı dünya statistikasnda 10–17 yaş arasında evlənənlərin daha çox intihara meyilliliyi müşahidə olunur.

Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qə­dər təhsilli, dünyagörüşlüdürsə, onun ye­tişdirdiyi övlad da bir o qədər savadlı, cə­miyyət üçün faydalıdır. Bunu nəzərə alıb gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.

Kəmalə MURADLI: 

– Rəhbərlik etdiyim qurum QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erkən nikahlar uşaq hüquq­larının pozulmasıdır” adlı layihəni həya­ta keçirməyə hazırlaşır. Təşkilat olaraq 1998-ci ildən etibarən müxtəlif layihələr həyata keçirmişik. Hazırkı layihəmiz 1 may 2024-cü il tarixindən başlayacaq və Masallı, Lənkəran, Cəlilabad və Neftçala rayonlarını əhatə edəcək. Layihənin əsas məqsədi isə əhali arasında məlumatlan­dırma yolu ilə erkən nikahların azaldılma­sı, qadın və uşaq hüquqlarının qorunma­sıdır.

Layihəni 2 ay ərzində başa çatdıraca­ğıq. Dərslər bitənə qədər yuxarı siniflər­də təhsil alan qızların iştirakı ilə tədbirlər həyata keçirəcəyik. Peşə məktəbləri, kolleclər və orta məktəblərlə əlaqələr ya­radacağıq. Yeniyetmələri erkən nikahlar, məişət zorakılığı ilə bağlı məlumatlandı­racağıq. Tədbirlərimizə qadın müəllimlə­ri, bələdiyyə üzvlərini, əlaqədar qurumla­rın nümayəndələrini dəvət edəcəyik.

Problem ondadır ki, qızların erkən ərə verilməsi ilə bağlı qeydiyyat aparılmır. Dövlət orqanları və ictimaiyyət bu fakt­dan gənc qızların doğuş vaxtı ölməsi və ya az yaşda doğum evinə daxil olarkən xəstəxana qeydiyyatı zamanı xəbər tu­tur. Bölgələrdə faktların böyük əksəriy­yəti gizlədilir. Erkən nikahlar qızların qul kimi satılmasına, reproduktiv sağlamlı­ğına zərbə vurulmasına, uşaq hüquqla­rının pozulmasına səbəb olur, psixoloji və mənəvi sarsıntılar yaradır. Qadınların ictimai fəallığına, təhsilinə və ixtisas se­çiminə mənfi təsir göstərir. Bu isə bütöv­lükdə cəmiyyətin milli-mənəvi dəyərlərinə ağır zərbə vurur, psixoloji gərginlik yara­dır. Erkən nikahlarda doğulan uşaqlarda müxtəlif xəstəliklər aşkar olunur.

Erkən nikahlara qarşı ən səmərəli mübarizə əhali arasında maarifləndirmə, belə nikahların uşaqların sağlamlığına, ictimai fəallığına və qadın hüquqlarının pozulmasına mənfi təsir göstərdiyini izah etmək, məlumatlığı artırmaqdır. Həyatı dərk etmədən nikaha girənlər sosial-iqti­sadi cəhətdən zəif olur və belə ailələrdə boşanmalar daha tez baş verir. Qızlar özlərini maddi cəhətdən təmin, müdafiə edə bilmirlər. Onlar təhsili, peşəsi, ixtisa­sı olmadığından ömür boyu kişidən asılı vəziyyətdə qalır, ailədaxili zorakılıqla, is­tismarla üzləşirlər. 

Valideynlər uşaqların mənəvi inki­şafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddar­lığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelə­rinə zərər verən valideynlər qanunverici­liklə müəyyən olunmuş qaydada məsuliy­yət daşıyırlar. 

Tünzalə QARDAŞOVA:

– 2017-ci ildən etibarən Dilarə Əli­yeva adına Azərbaycan Qadınları Hüquqlarının Müdafiəsi Cəmiyyətinin Cənub nümayəndəsiyəm. “Din və Qa­dın Hüquqları” İctimai Birliyimiz 2021-ci il noyabrın 22-də dövlət qeydiyyatına alınsa da, fəaliyyətə bir neçə il öncədən başlamışıq. Məqsədimiz dini radikalizmlə mübarizə və qadınların hüquqlarını qo­rumaqdan ibarətdir. İndiyədək QHT-yə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 3 qrant layihəsinin qalibi olmuşuq. Hə­min layihələrin mövzusu müxtəlif adlar­la qadınların hüquqlarının qorunmasına yönəlmişdir.

Toxunduğumuz mövzular aktuallığı ilə seçildiyindən hər zaman ictimai müza­kirələrdə böyük maraq doğurub. Erkən nikahlara gəldikdə isə bu yalnız cənub zonasında olan problem deyil, ölkənin müxtəlif ərazilərində bu kimi hallar baş verir. Buna görə də “Erkən və qohumlar arasında nikahın qarşısının alınması” adlı layihənin həyta keçirilməsinə üstün­lük vermişik. 

Əvvəlki illərlə müqayisədə cənub ra­yonlarında erkən nikahlar nisbətən azalıb və təhsil alan qızlarımızın sayı üstünlük təşkil edir. Hesab edirik ki, apardığımız maarifləndirmə tədbirləri, gördüyümüz işlərin nəticəsi az da olsa, öz bəhrəsi­ni verməkdədir. Amma maarifləndirmə tədbirlərimizi davam etdirilməli, xüsusən ucqar ərazilərdə yaşayanlar arasında bu məsələ xüsusilə diqqətdə saxlanılmalıdır. 

Tədbirlərimizi, əsasən, qızların təh­sil almaları və peşələrə yiyələnmələri məsələsinə həsr edirik. Düşünürük ki, təhsil almağa maraq artdıqca erkən ni­kahlar mütləq şəkildə azalacaq. Erkən nikahların qarşısını almaq üçün maa­rifləndirmə ilə yanaşı, qanunvericilikdə cəza tədbirləri də sərtləşdirilməlidir. Təc­rübəmizdə dəfələrlə olub ki, məktəb yaş­lı qızın nişanlanıb. Ailə söhbət zamanı buna qanunla müdaxilə edə bilməyəcə­yimizi bildiyi üçün məsələyə laqeydliklə cavab verib: “Qızımı nişanlamışam, toy etmirəm”. Qızlar bəzi hallarda xaricdə, xüsusilə Rusiya Federasiyasında yaşa­yan və işləyən oğlanlarla nişanlanır, bir müddət sonra müalicə və ya müxtəlif ad­larla valideynləri tərəfindən ölkədən çıxa­rılıb evləndirilir. 

Əvvəllər rayonlarda dövlət qurumla­rında QHT ilə əməkdaşlığa böyük maraq göstərilir. QHT nümayəndələri və cəmiy­yətdə nüfuzu ilə diqqət çəkən, problem­ləri bilən şəxslərlə əməkdaşlıq daha sıx şəkildə olmalıdır ki, onlar da dövlətimizə, Vətənimizə bacardıqları qədər dəstək olsunlar, çətinliklərin aradan qaldırılma­sı istiqamətində tədbirlər həyata keçirib cəmiyyətin inkişafına öz töhfələrini ver­sinlər.

Elgün SƏFƏROV: 

– Ailə münaqişə məsələlərinin həlli­ni tapması ayrı-ayrı dövlət qurumlarının deyil, ən yuxarı instansiyaların mara­ğındadır və dövlət siyasətinin bir hissə­sidir. Dövlət qurumları nümayəndələri­nin bildirdiyi fikirlər cəmiyyətdə başqa cür qarşılanır, ictimaiyyətdən, kənddən, məktəbdən, rayondan olan insanların söylədikləri isə vətəndaşlar tərəfindən ta­mamilə fərqli şəkildə qiymətləndirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hər rayonda məişət zorakılı­ğı üzrə komissiyası var və bu çərçivədə 11 dövlət qurumu fəaliyyət göstərir. Hə­min qurumların məlumatlarına əsasən biz yerlərdə olan hadisələrlə bağlı mə­lumat alırıq və bilirik ki, erkən nikahın özü məcburetmə olduğuna görə, məişət zorakılığının bir növüdür. Burada fiziki ol­masa da, psixioloji məcburetmədən söh­bət gedir. Komitə heç bir fakta laqeyd qal­mır. Yalnız AQUPDK-nin dəstəyi ilə ötən il 30-dan çox uşaq nikahının qarşısı alınıb. Bu, 11 rayonda yerləşən uşaq və ailələrə dəstək mərkəzindən alınan fakt­dır. Ümumi say yəqin ki, daha böyükdür. Dünyada 750 milyondan çox qadın, uşaq nikahına məruz qalıb. Bu say, ən çox Af­rika ölkələrində, Asiyada, Hindistan və Pakistandadır. 

Azərbaycanda 2011-ci ildə erkən ni­kahlardan doğulan uşaqların sayı 5 min­dən, uşaq nikahların sayı isə 2 mindən çox idi. Aparılan maarifləndirmə, görülən tədbirlər nəticəsində 2022-ci ildə uşaq ni­kahların sayı 270, belə nikahdan doğu­lan uşaqların sayı təxminən 2 min olub. Deməli, ictimai təşkilatların, dövlət qu­rumlarının, medianın apardığı birgə işin müsbət nəticəsi var. Ötən illərdə həyat, təhsildən yayınma açıqlanmırdı. Amma indi təhsildən yayınma hallarını müəy­yənləsdirmək 20 il əvvələ nisbətən çox asandır. 

Yaxşı olardı ki, hər bir QHT rəhbəri bu layihələri həyata keçirərkən hər la­yihədə olmasa da, bəzilərində yalnız qız­larla yox, həm də oğlanlarla birgə işləsin. Çünki reprodiktiv sağlamlıqla bağlı maa­rifləndirməyə onların da ehtiyacı var. Ke­çirilən görüşlərdə qızlarla bərabər, həm də oğlanlar iştirak etməlidirlər.

AQUPDK hər kəslə əməkdaşlığa hazırdır. Ayrı-ayrı qeyri - hökumət təşki­latları gördükləri işlərin hesabatlarını ko­mitəyə təqdim etməklə problemin həllinə, bununla da cəmiyyətə daha çox fayda verər. Redaksiyanın resurslarından isti­fadə edib “XQ”, “Xalq TV” və podkastlar vasitəsilə maarifləndirməni daha geniş şəkildə həyata keçirmək olar. Çünki re­daksiya sizə dəstəyə hazırdır. Bu sahə­də hər birinizə uğurlar arzulayıram.

Vaqif BAYRAMOV,
Zərifə HÜSEYNOVA,
Elşən AĞALAR (foto)
XQ













Sosial həyat