Aprelin 24-də Milli Məclisin Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqları Azərbaycan Parlamentində görməkdən məmnunluğunu bildirib və ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərindən danışıb.
Komitə sədri Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal edilmiş 4 kəndinin geri qaytarılması barədə Ermənistanla əldə olunmuş razılaşmanın əhəmiyyətindən söhbət açıb. S.Seyidov, həmçinin Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, dünyada gedən proseslər, Azərbaycanın milli maraqları, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qonaqları maraqlandıran suallara cavab verib, ölkəmizin Birləşmiş Ştatlarla münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Ə.BƏDƏLOV
XQ