“Dil zəmisi”nin “alaq otları”

post-img

Mətbu dil bədii dilin tərkib hissəsi və mədəniyyətin bir qoludur. Amma bəzən buna əhəmiyyət verilməməsi, dilin orfoqrafik tələblərinə və leksik qaydalarına, məna çalarlarına laqeyd yanaşılması təəssüf doğurur. Sanki informasiya resurslarında, onlayn mediada çalışanların çoxu fonetika, morfologiya, sintaksisin nə olduğundan xəbərsizdirlər. 

Əgər ana dilimizlə bağlı yazı qüsur­larına saytların, az qala, hər iki xəbərin­dən birində rast gəlməsəydik, bəlkə də bu barədə danışmazdıq. Amma belə de­yil və yazı, ifadə səhvlərinin artan silsilə ilə getməsi ciddi narahatlıq doğurur. Dilə biganəlik göstərən həmkarlarımızın bir qismi bunu xəbərlərin tez-tələsik, necə gəldi, yazılıb yayımlanması ilə izah edir. Deyən gərəkdir: axı dilin nə günahı var ki, sən tələsib, informasiyanı necə gəldi, yazmalı olursan və unudursan ki, bunun­la həm də oxuculara hörmətsizlik göstə­rirsən? 

Oxunmadan, redaktə olunmadan ve­rilən xəbərlər vasitəsi ilə dövriyyəyə sa­vadsız, eybəcər, hətta gülməli mətnlərin buraxılmasına heç cür haqq qazandır­maq olmaz. Çünki məlumatın, fikrin cila­sız ifadəsi oxucu zehnini labirintə salır, əsəb yaradır. 

Son günlərdə bəzi xəbər portalların­da, saytlarda “pinti dil” nümunlərindən sitatları oxucuların diqqətinə çatdırmaq istəyirik:

Teleqraf TV: “Videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu bəyən­məyi unutmayın”(ifadə təkrarı).

Metbuat.az: “Sovetski”de söküntü zamanı bunlar tapıldı” (kompüterdə dil ayarlarını dəyişmək tənbəlliyi üzündən yol verilmiş kobud orfoqrafiya xətaları). 

Publika.az: “Hindistan Pakistan bə­hanəsi...” – “Hindistanın bu qərarına ge­ostrateji narahatlıqlar və Türkiyənin Hin­distanın düşmən hesab etdiyi Pakistanla yaxınlığının təsir etdiyi iddia edilir" (xəbə­rin başlığı anlaşılmazdır və 1 cümlədə 3 “etmək” feili işlənib. 

Apa.az: “Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından müha­fizə bölmələri və təcili tibbi yardım briqa­dası cəlb edilib” (ifadə təkrarı).

Axar.az: “Türkiyə İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə gərgin­liyə son qoymağa çağırış edir (14 sözün 5-i ismin yönlük halında işlənib).

Banker.az: Rubrika – “Ölkə daxı­lı”. (“Ölkədaxili” xəbər mənasındadır). Amma ifadənin tələb olunan kimi, bitişik yazılmaması, üstəlik də saytın adı və "daxıl" sözü bank–maliyyə anlayışı yara­dır. Halbuki, xəbərdə söhbət rayonların birində DYP bölməsinə rəis təyinatından gedir (Biz hələ həmin xəbərlərin heç bir vacib informativ əhəmiyyət daşımadığını demirik). 

Bu cür ürəkbulandıran misallardan çox çəkmək olar. Oxucu hər hansı bir saytda xəbərlərə dilin saflığı baxımından nəzər salsa, nöqsanlara yetərincə rast gələ bilər. 

Gəlin, media məkanını, digər janrla­ra nisbətən, daha çox oxunan xəbərlərin mətnlərini zibilləməyək! Məsuliyyətsizlik səbəbindən bu məkanı basan “alaq otla­rı”nı təmizləyək və qəlbimizin tərcümanı olan dilimizi qoruyaq.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat