“Anan boyuna qurban…”

post-img

Şaquli santimetrlər nə deyir?

Bu günlərdə tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət işçisi Firuz Mustafa “Facebook”da “Bəzi adamların böyük şöhrəti onların boyunu da uca göstərir” sərlövhəsi ilə maraqlı paylaşım edib. Dəyərli ziyalımız “Kimin boyu nə qədərdir? Optimal boy həddi neçədir? Ən ucaboy xalq hansıdır?” kimi suallara cavab tapmağa çalışıb. 

Beləliklə, müəllif yazır: 

“Birdən xatırladım ki, bir neçə gün əvvəl, yəni 12 aprel Yuri Qaqarinin kosmosa uçan günü idi. Düşündüm ki, görəsən, ilk kosmonavtın boyu nə qə­dər olub? 

Verilən məlumatlara görə, Qaqarin­ni boyu 1 metr 57 santimetr olub. 

Təəccüblənməyə ehtiyac yoxdur. Kosmonavtların və tankçıların mütləq əksəriyyətinin boyu, adətən, o qədər də uca olmur. Yəni onlar bəstəboy olurlar. Məsələ burasındadır ki, həm kosmonavtlar, həm də tankçılar öz işlə­rini, yəni peşə fəaliyyətlərini məhz dar “lükdə” icra edirlər. Elə bu səbəbdən də onların bədən quruluşunun yığcam ol­ması zərurətdən irəli gəlir. 

Mən özüm keçmiş tankçı kimi deyə bilərəm ki, bizim alayda boyu 1 metr 75 santimetrdən uca olan kimsə yox idi. Yeri gəlmişkən, məşhur tankçımız, So­vet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov da bəstəboy olub.

Əlbəttə, boyun ucalığı və ya qey­ri-ucalığı çox az şeyi dəyişə bilər. Uzaqbaşı, boy-buxun məsələsi gənc sevgililərin şəxsi baxışında, fərdi dün­yagörüşündə müəyyən rol oynaya bilər.

Əslində dünyadakı ən istedadlı və görkəmli adamların əksəriyyəti ortaboy və bəstəboy olub. Məsələn, makedoni­yalı İsgəndərin boyu 150, Əmir Teymu­run boyu 145, XIV Lüdovikin boyu 156 santimetr olub. Napoleon, II Yekateri­na, Puşkin də bəstəboy olublar. 

O ki qaldı sənət adamlarına, məsələn, Ledi Qaqanın boyu 155, Şa­kiranın boyu 157 santimetrdir. Bu siya­hını, əlbəttə, uzatmaq da olar. 

“Böyük adamlar” sırasında ucaboy­lulara da təsadüf olunur. Məsələn, I Pyotrun və I Nikolayın boyu 204, Avra­am Linkolnın boyu 193 santimetr olub. Bill Klinton və Donald Tramp uzunboy­ludurlar. 

Konkret adamlardan başqa, boyu yüksək və kiçik olan xalqlar da var. Məsələn, niderlandlar planetin ən uca­boylu adamlarıdır. Belə ki, holland ki­şilərinin orta boy həddi 182, almanlarda isə bu göstərici 180 santimetrdir. Qar­daş türklərin, daha doğrusu türkiyəlilə­rin orta boyu 176 santimetrdir. Hə, boy­ca kiçik olan xalqlar da var. Məsələn, İndoneziya tərəflərdə yaşayan Şərqi Timor adamlarının, sakinlərinin boyu ortalama 1,55 metrdir. Mərkəzi Afrika ölkələrinin əksər sakinlərinin (məs., Qabon, Kamerun, Konqo, Ruanda) boyu da aşağıdır. Nədənsə çoxları elə bilir ki, yaponlar qısaboydur. Yox, elə deyil. Onların orta boyu 172 santimetr­dir. Yəni bizdən bir az ucaboydurlar.

Boyu oyrənən alimlər də var. Onla­rın dediyinə görə, ən optimal boy həddi 173 santimetrdir.

Deyəsən, mənimlə həmboy olan kəsləri nəzərdə tutublar.

Hər nə isə...

Əslində bunları elə-belə yazdım.

Amma bir məsələni xüsusi qeyd et­mək istəyirəm. Zənnimcə, bizim ölkə­mizdə boy məsələsi qənaətbəxş deyil. Məlumatlara görə, kişilərin boyu 170, qadınların boyu isə 163 santimetrdir. Bax bunu, elə-belə yazmadım”.

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat