Yazda açan, ətir saçan çiçəklər...

post-img

Çiçəklər təbiətin və fəsillərin yaraşığı, se­vincli və kədərli günlərimizin şərikidir. Toy-dü­yündə, ad günlərində, qonaq gedəndə çiçəkdən gözəl hədiyyə tapmaq mümkün deyil. Ən yaxın, ən doğma adamlarımızın məzarı üstünə təzə-tər çiçəklər qoyuruq. Görünür, elə bu səbəblərə görə çiçəklər klassik hədiyyə hesab edilir. 

Alimlər və bioloqlar çiçəklər haqqında ma­raqlı bir fakt üzə çıxarıblar: onlar təkcə estetik zövq predmeti deyil, həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayırlar. Çin alimləri­nin araşdırmalarına görə, nərgiz, novruzgülü, la­vanda və zəfəran kimi çiçəklər bir sıra müalicəvi xüsusiyyətlərə malikdir.

Novruzgülünün tərkibindəki qalantamin mad­dəsi əqli zəiflik və beyin qan dövranının xroniki pozğunluğu zamanı faydalıdır. Həmin maddə nərgizin tərkibində də var. Onun xərçəng əley­hinə xassələrə malik olduğu da güman edilir. Sidneyli alimlər müəyyən ediblər ki, zəfəran gör­mə hüceyrələrinin elastikliyinə kömək edir, la­vanda isə qorxu hissini aradan qaldırır, yuxusuz­luqdan xilas edir, ağrıları və aqressivliyi azaldır. Südləyən gülü də eyni xüsusiyyətlərə malikdir. O həm də beyin hüceyrələrini qocalmadan qoru­yur. Qızılgül güllərin şahı, lalə baharın müjdəçi­sidir, bənövşə isə gözəl gözlərin simvoludur. 

Jasmin gözəlliyi ilə yanaşı məişətdə və tibdə faydalı çəkildə istifadə olunan bitkidir. Fransada onun gövdəsindən fleyta və tütək hazırlayırlar, Çində isə onu çaya əlavə edirlər. Hindistanda jasmini sevginin “Ay işığı” adlandırırlar. Qızlar həmin güldən bəzək və kosmetik vasitə kimi istifadə olunur. Jasminin cavan yarpaqlarından ədva kimi də istifadə edirlər. Onunla gözləri yu­maq çox faydalıdır. Alimlərin fikrincə, bu heyra­nedici gülün ətri beyni canlandırır, yaradıcılığı stimullaşdırır.

Lalə nazənin gözəl bir güldür, yaraşığından əlavə məhsuldarlığın da rəmzi sayılır. Onun qu­tucuğunda 30 min toxum var, ona görə də onu bolluğun və izdivaclıq ilahəsinin simvolu hesab edirlər. Ağ su zanbağı təmiz, durğun şirin su və göl səthində yetişən bitki növü, qeyri-adi bir gül­dür. Rəvayətə görə, ağ su zanbağı su pərilərinin gülüdür. Ondan əsəblərin sakitləşməsində, fikir dağınıqlığının aradan qaldırılmasında istifadə edirlər.

Təbiət ilin bütün fəsillərində öz gözəlliyi ilə valeh edir və ovsunlayır. Baharda açaraq həyatı­mıza gözəllik gətirən çiçəklər həm yüksək ovqat, həm də gözəllik yaradır.

Süleyman QARADAĞLI,
Elşən AĞALAR (foto)



Sosial həyat