Qaranlığa qalib gələn nurlu insan

post-img

Qadın yaradılışın mənbəyi kimi insanlıq tarixi boyunca hər zaman xüsusi mövqe və münasibət qazanıb. Dünyada ən böyük kəşflərə, imperiyalara, hərbi və iqtisadi gücə malik xalqlar var ki, onların tarixində iz buraxmış ya bir qadın faktoruna rast gəlmək olar, ya da, ümumiyyətlə, belə nümunə yoxdur.

Amma Azərbaycan tarixinə ötəri nəzər salsaq, xalqımızın taleyində müstəsna rol oynamış, istər elm, istər ədəbiyyat, istərsə də siyasət sahəsində lider xanımlarımıza rast gəlmək olar. Bu baxımdan tam qətiyyətlə söyləmək olar ki, akademik Zərifə xanım Əliyeva tariximizdə silinməz iz buraxmış qadın şəxsiyyətlərimizin bütün müsbət cəhətlərini özündə əks etdirən ümümxalq qadın obrazıdır. O, alim kimi Azərbaycan qadınının elmi üstünlüyünü, ictimai xadim kübarlığını, tariximizin ən böyük qurtuluşçu liderin həyat yoldaşı kimi xanımlığını, iki övlad böyütmüş şərəfli ana kimi ucalığını əbədi olaraq təsdiq etdi.

Butün bunlarla bərabər Zərifə xanımın xarakterindəki humanizm, ədalət və vətənpərvərlik kimi unikal dəyərlər peşəsindən, fəaliyyətindən asılı olmayaraq hər birimiz üçün örnək olaraq qalacaq.

Zərifə xanım akademik səviyyəsinə qədər yüksəldiyi oftalmoloji sahədə əldə etdiyi elmi  nailiyyətlərlə bütün dünyaya yeni bir Şərq qadınının obrazını göstərdi. Bu obraz göz xəstəlikləri ilə bağlı mühüm elmi kəşflərə imza atmaqla bərabər, milli elmimizi dünyaya tanıtdırması ilə nəticələndi.

O yalnız elmi araşdırmaların və yeniliklərin ortaya çıxarılması ilə kifayətlənməyib, həm də bunu praktik tətbiq edərək çoxlu sayda insanı dünya işığına qovuşdurmuşdu.

Azərbaycan tibb elmini şərəfləndirən və yeniliklər gətirən Zərifə xanım Əliyevanın elmi fəaliyyəti, tibb üçün hadisə olan əhəmiyyətli araşdırmaları dünyanı, onun rənglərini dəyişdi. Cahanı eyni rəngdə görən göz xəstəliyindən əziyyət çəkənlər Zərifə xanımın fundamental elmi araşdırmalarından, tibbi yeniliklərindən sonra şəfa taparaq dünyanın heç də qaranlıq yox, rəngbərəng olduğunu gördülər!
Bu, intellektli, mükəmməl, mütərəqqi bir alim olan Azərbaycan qadınının tibb, bəşər qarşısında danılmaz xidmətidir.

Akademik Zərifə Əliyeva vaxtilə oftalmologiyanın problemlərinə aid  sanballı tədqiqatların,  “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik, dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında misilsiz xidmətlər göstərən Zərifə xanım traxoma kimi infeksion xəstəliyin tam müalicə olunmasında əldə etdiyi nailiyyəti ilə tibbin oftalmologiya sahəsinə novatorluq gətirdi.

Zərifə xanım yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmayıb, həm də ölkəmizin gələcəyinə işıq saçan gəncliyə ana qayğısı göstərib. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir!
Akademik Zərifə Əliyeva alim, həkim, müəllim və ictimai xadim olaraq Azərbaycan ictimai-siyasi tarixində nə qədər müstəsna, əhəmiyyətli mövqe tutsa da, onun böyük hərflərlə yazılan Azərbaycan qadını obrazını iki mühum faktor müəyyənləşdirir. Bunlardan birincisi Zərifə xanımın xalqımızın xilaskar lideri və müstəqil dövlətimizin qurucusu olan böyük öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmasıdırsa, ikinci məqam 2 əsrlik tariximizə ilk dəfə olaraq Zəfər yazaraq ümumxalq sevinci yaşadan qalib Komandanın anası olmasıdır. Bu gün Azərbaycan xalqının dünya durduqca minnətdar olacağı, çağdaş dünya siyasi düzəninin qətiyyətli lideri olaraq qəbul etdiyi şəxsiyyətin – Prezident İlham Əliyevin yetişməsində ana olaraq Zərifə xanımın xidmətləri əvəzsizdir.

Bu gün Şuşada, Xocalıda, Laçında, Xankəndidə və digər işğaldan azad olunmuş Vətən torpaqlarında dalğalanan Azərbaycan bayrağının üzərində həm də övladı ilə qürurlanan müqəddəs, pak ana ruhu dolaşır.

İlahi tərbiyyə budur!

1985-ci il aprel ayının 15-də Azərbaycanın elmi, ictimai həyatında Zərifə xanımın timsalında böyük itki oldu. Azərbaycan qadını zirvəsini tam şəkildə fəaliyyətində yaşadan bir şəxsiyyət– akademik Zərifə Əliyeva fiziki cəhətdən xalqımızla vidalaşdı. Amma cismən aramızda olmasa da, Azərbaycan mentalitetində ən üstun məqam olan ailə prinsiplərinin qoruyucusu, səhiyyəmizin inkişaflnda elmi xidmətlərinə görə hər zaman xalqın qəlbində yaşamaq hüququ qazandı.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Sosial həyat