Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə tanış olduğum bir neçə həmkarım var ki, onları həmişə xoş xatirələrlə yada salıram və daim belə olacağına inanıram. Onlar tarix elmləri doktoru, rəhmətlik İsrafil Məmmədov (mən dövlət radiosunda çalışanda o, radionun erməni dilində verilişlər redaksiyasında işləyirdi), baş redaktorumuzun köməkçisi, mərhum Cahangir Əliyev, 1973-cü ildən tanıdığım şair Oqtay Rza (o da dünyasını dəyişib), redaksiyamızın əməkdaşları Rəfiqə Əsgərova və indi haqqında söhbət açmaq istədiyim Ələsgər Cabbarovdur.
... Bilmirəm, bizdən qabaqda Əşrəf Hacıyev və Rafiq Ələkbərov kimi tanınmış qələm sahibləri, Əməkdar jurnalistlər olduğuna görə idi, ya nəyə görəsə, Hacallı kənd orta məktəbinin məzunları arasında jurnalistika sahəsində özünü təsdiq edənlər xeyli çox idi. Əlli ildən çox “Xalq qəzeti”ndə (“Kommunist”) çalışmış həmkarımız Telman Heydərov, Ələsgər Cabbarov, Qalib Əhmədov, Akif Hacıyev, Akif Cabbarlı və bu sətirlərin müəllifi məhz həmin məktəbin məzunu olublar.
Ələsgər müəllimin səmimiyyətini göstərən bir xatirə. Doxsanıncı illərin 2-ci yarısında “Xalq qəzeti”ndə mənim “Kəndə getmişdim” adlı 3 yazım verilmiş və maraqla qarşılanmışdı. Bir gün baş redaktorun müavini, rəhmətlik Mahir Nəbili məni öz otağına çağırıb dedi: “Mirzəbəyli, sənin bir rubrikanın elçi daşının üstündə oturan var. “Həri” desən, bu gün möhtəşəm naharımız olacaq”. Məlum oldu ki, Ələsgər müəllim də “Kəndə getmişdim” adlı yazı hazırlamaq istəyir və mənim icazəmi gözləyir. Mat qaldım. O boyda qocaman jurnalist özündən 20 yaş cavan adamdan icazə istəyirdi.
Başqa bir fakt. Ələsgər Cabbarov “Xalq qəzeti”nin Quba zonası üzrə bölgə müxbiri işləyəndə orada mənim köhnə tanışım olan bir iş adamı ilə söhbət eləyibmiş. Sonralar həmin adam mənimlə görüşəndə soruşdu ki, qəzetinizin Quba zonası üzrə müxbiri olan kişi sənin necə qohumundur? Dedim, heç bir qohumluğumuz yoxdur, sadəcə eyni rayondanıq. Dostum inanmaq istəmədi: “Yox, ola bilməz. Mən İttifaq Mirzəbəylini tanıyıram deyəndə, o müxbir sənin haqqında necə danışdısa, mən sizin yaxın qohum olduğunuzu güman etdim. İndi kimsə özgə biri haqqında elə səxavətlə danışmaz”.
...1997-ci ildə Bakıda – Azərbaycan Milli Dram Teatrının qarşısındakı meydanda “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi münasibətilə böyük tədbir keçirilirdi. O şənliyə redaksiyadan mərhum həmkarımız Hüseyn Əfəndi, Təranə Nuriyeva və mən göndərilmişdik. Gedib gördüm Ələsgər Cabbarov da iştirakçılar arasındadır. Onunla söhbət edirdik. Bir də gördüm bəstəkar Tofiq Quliyev kiminləsə söhbət edə-edə bizə tərəf gəlir. Yubiley haqqında böyük bəstəkarın fikirlərini qələmə almaq üçün yaxşı fürsət idi. Ona görə də Cabbarovdan ayrılıb bəstəkara yaxınlaşdım və özümü təqdim edərək məqsədimi dedim. Tofiq müəllim “Baş üstə” dedi və xeyli aralıda dayanan Ələsgər müəllimlə salamlaşmaq üçün bir dəqiqəlik üzr istədi. Sən demə, onlar köhnə tanışlar imiş.
Yeri gəlmişkən, mən üstündə aktyorların oturduğu dəvələri görəndə məşhur mahnıdakı “Kəcavələr düzüm-düzüm düzüldü” sözlərini zümzümə etdim və Ələsgər müəllim yaxşı fikir söylədi: “Elə buradan hazırladığın yazıya da o sərlövhəni verərsən”. Doğrudan da, yazım qəzetdə həmin sərlövhə ilə getdi.
Ələsgər Cabbarovun yaxşı xatirə və lətifə söyləmək qabiliyyəti var idi. Ən çox da Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında işlədiyi illərlə bağlı danışırdı. Orada çox ziyalılarla təmasları olmuşdu. Xüsusilə, böyük şairimiz Rəsul Rza ilə bağlı xatirələri təkrar-təkrar söyləyirdi. Danışırdı ki, həmişə nikbin olmağı bacaran Rəsul Rza Əli Kərimin dəfn olunduğu gün heç cür özünü ələ ala bilmirdi. Çünki Rəsul müəllim bilirdi ki, Əli Kərimin vaxtsız vəfatı poeziyamızın ağır itkisidir. Onu öz oğlu qədər istəyirdi.
... Dəfələrlə mənə demişdi ki, həmkarlarımızın qazandığı uğurların təməlində öz qabiliyyətləri ilə yanaşı, jurnalistika fakültəsində aldıqları təhsil də dayanır. Səninlə mən isə jurnalist təhsili almadan burada nəyəsə nail oluruq. Xatırladım ki, Ələsgər Cabbarov Neft Akademiyasının məzunu olsa da, “Azərbaycan gəncləri” qəzetində, “Elm və həyat” jurnalında, eləcə də Azərbaycan Sovet Ensiklopediyasında çalışmışdı. 1992-ci ildən sonra isə “Xalq qəzeti”ndə işləyirdi.
Sonda. Ələsgər müəllimin mərhum oğlunu Nardaranda dəfn edirdik. Meyit məzara qoyulanda hamının diqqəti mollada və ya qəbirdə olsa da, mənim gözüm Ələsgər müəllimdə idi. Ona görə də onun halının pisləşdiyini mən daha tez gördüm və qolundan tutdum. Mənə baxdı və astadan dedi: “Mənim növbəmi əlimdən aldı”.
Allah hər ikisinə rəhmət eləsin! “Ələsgər müəllimi unutmaqmı olar?”
İttifaq MİRZƏBƏYLİ