Əli Tudə – 100
Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi ilə birgə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı ədəbiyyat, elm və mədəniyyət xadimlərinin, yubiliyarın ailə üzvlərinin iştirakı ilə ədəbi-bədii məclis keçirib.
Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru professor Kərim Tahirov Güney Azərbaycan demokratik hərəkatının tanınmış ziyalılarından olmuş Əli Tudənin mübariz ömür yolundan, zəngin yaradıcılığından söz açıb, poeziyamızın görkəmli nümayəndəsinin 70-dən artıq kitabının anadilli ədəbiyatımızı ideya və mövzu baxımından zənginləşdirdiyini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Aruz Əli Tudə yaradıcılığının özünəməxsusluğundan, şairin yetkin və işıqlı amalından ətraflı söhbət açıb. O, ədəbi-ictimai aləmdə Əli Tudənin həmişə ehtiramla xatırlandığını, 100 illik yubileyi münasibətilə Yazıçılar Birliyinin xatirə medalı təsis etdiyini söyləyib. AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin 1946-cı ildə Güney Azərbaycan Milli hökuməti zamanında Təbriz Filarmoniyasını yaratmasından danışıb, sonrakı illərdə azadlıq mübarizəsini ədəbiyyat cəbhəsində davam etdirrməsini qeyd edib.
Güney Azərbaycan mühacir hərəkatının təmsilçilərindən Əməkdar jurnalist Rəhim Hüseynzadə, Etibar Azəroğlu, Məmmədəli Hüseyni, AMEA Əlyazmalar İnstitunun böyük elmi işçisi Sədaqət Cahani Əli Tudə irsinin milli birliyə və Dünya azərbaycanlılarının həmrəyliyinə ideya-mənəvi təsirindən söz açıblar. Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sona Xəyal, şair-publisist Fəxrəddin Meydanlı və digərləri Əli Tudənin nisgilli həyatından, nikbin yaradıcılığından bəhs edərək, xatirələrini söyləyiblər.
Məclisdə yubiliyar şairin şeirləri səsləndirilib. Milli Kitabxananın Azərbaycanın bütövlük nəğməkarı Əli Tudə barədə hazırladığı “Əli Tudə-100” elektron məlumat bazasının təqdimatı olub.
T.RÜSTƏMLİ
XQ