Yazda hər səhər açıq pəncərədən yataq otağına dolan qaranquş nəğmələrini kim eşitməyib? Eyvana, pəncərə önünə qonaraq səhəri nəğməsi ilə salamlayan haçaquyruq qaranquşlar baharın müjdəçisi hesab olunur.
Novruzun ilk günlərindən onlara rast gəlmək, səhərlər xoş səslərini eşitmək mümkündür. Mart ayından sentyabr ayına qədər onları Azərbaycanda görə bilərsiniz. Adətən sentyabrda isti ölkələrə uçmağa hazırlaşırlar, oktyabrda isə tək-tək hallarda ona rast gəlmək olar. Qaranquş həşəratlarla qidalanır, yay fəslində orta hesabla yarım milyondan bir milyona qədər mığmığa, ağcaqanad və mənənə ovlayır.
Qaranquş təbiətin ən gözəl və xoş müjdəli quşlarından biridir. Onlar köhnə binalarda, evlərin damında, ağaclarda, taxta dirək və ya bir çardağın altında yuva qururlar, lakin əsasən bayırda olmağı sevirlər. Hava dəyişməsindən, ildırım çaxmazdan öncə qaranquşlar alçaqdan uçurlar. Onların bu hərəkəti yağış əlaməti kimi qəbul edilir. Lap uşaqlıqdan həmişə deyirlər ki. qaranquş yuvasına toxunmayın. Kim ki, onun yuvasına toxunsa, heç vaxt xeyir tapa bilməz.
Məşhur gürcü yazıçısı Nodar Dumbadzenin məhbusların həyatından bəhs edən “Ağ bayraqlar” adlı əsəri var. Yazıçı həmin əsəri qələmə almaq üçün özü iki il könüllü olaraq məhbus həyatı yaşayıb. Məhbəsdə olduğu müddətdə yazıçı müşahidə edib ki, qaranquşlar heç vaxt dustaqxananın ərazisində yuva qurmur. Hətta maraq üçün hündür bir təpənin üzərinə qalxıb görür ki, yaxınlıqdakı kəndin üzərində qaranquşlar uçuşurlar, nəğmə oxuyurlar, yuva qururlar, amma bir qaranquş da dustaqxananın ərzisində yuva qurmur. Dama qalxıb baxır ki, bəlkə, orda yuva qurublar, görür ki, orada da yoxdur.
Sən demə, qaranquş o yerdə, o ağacda, o həyətdə yuva qurur ki, orda xoşbəxtlik var. Adi quşda intuisiyaya bax!
Kaş bütün ocaqlarda, bütün evlərin pəncərələrində, eyvanlarda qaranquşlar yuva qursunlar!
Süleyman QARADAĞLI