İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan “Reveos” avtomatlaşdırılmış qan emalı avadanlığı və “Spectra Optia” qan separatoru yüksək standartlara cavab verən qan komponentlərinin hazırlanmasını və pasiyentlərin keyfiyyətli qan komponentləri ilə təminatını həyata keçirəcək.
Agentlikdən bildirilib ki, “Reveos” inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında bütöv qanın avtomatlaşdırılmış emalını təmin edən ən müasir tibbi avadanlıqdır. 20 dəqiqə davam edən müddətdə bütöv qandan 3 vahid qan komponenti - plazma, trombosit və eritrosit kütlələri kimi yüksək keyfiyyətli qan komponentləri tədarük olunur. Avadanlıq il ərzində 18000 vahid bütöv qandan qan komponentləri emal etmək gücünə malikdir.
Hazır qan komponentləri qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən şəxslərə, uşaqlıqdan kənar hamiləlik, doğuşa qədər, doğuş zamanı və ya sonra qanaxma ağırlaşmaları olan qadınlara, cərrahi əməliyyatlar keçirən pasiyentlərə, qan itkisi ilə müşayiət olunan kritik hallarda - yol nəqliyyat hadisələri, istehsalat travmaları, yanıqlar zamanı zərərçəkmiş şəxslərə köçürülür.
“Spectra Optia” qan separatoru terapevtik aferez, plazmafarez, leykositlərin kənarlaşdırılması, eritrositlərin dəyişimi, sümük iliyi işlənməsi kimi bir sıra prosesləri həyata keçirir.
Bu prosedur sümük iliyi transplantasiyasında qandan kök hüceyrələrinin toplanması məqsədilə tətbiq olunur. Terapevtik aferezdən, həmçinin sümük iliyi transplantasiyasından sonra meydana gələn ağırlaşmaların, maddələr mübadiləsinin pozulması və autoimmun xəstəliklər, leykoz, qaraciyər çatışmazlığında və bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Avadanlığın idarə olunması üçün minimum vaxtın tələb olunması pasiyentə daha çox vaxt ayırmağa imkan verir.
Almaniya istehsalı olan 2 ədəd “Reveos” və aferez üçün 4 ədəd “Spectra Optia” avadanlığı Yeni Klinikada quraşdırılıb.