Türk musiqisi

post-img

VI yazı 

Türkiyə Respublikası Avropa ilə Asiyanın qovşağında yerləşir. Ərazisinin 97 faizi Asiyada, 3 faizi isə Avropadadır. Çox əlverişli coğrafi və geosiyasi mövqeyə malik olan bu ölkə əhalisinin sayına görə (85 milyon) Ön Asiyanın ən böyük dövlətidir. Sahəsinə görə türk dövlətləri və qurumları arasında yalnız Saxa və Qazaxıstan Respublikasından geri qalır. 

Əsrlər boyu türklərin etnik musiqi mədəniyyətində xalq yaradıcılığı, yəni folklor musiqisi və şifahi ənənəli peşəkar musiqi janrları (ənənəvi və ya klassik) paralel olaraq inkişaf etmişdir. Folklor musiqisi digər türkdilli xalqların musiqisinə yaxın olduğu halda, şifahi ənənəvi peşəkar musiqidə ərəb-fars ənənələri aydın müşahidə edilir. 

Türk musiqi mədəniyyəti zəngin Türkiyə tarixinin təzahürü olaraq mürəkkəb və maraqlı şəraitdə formalaşmışdır. Antik dövr, Bizans, ərəb musiqi ənənələri bu ərazilərdə məskunlaşmış səlcuq türkləri tərəfindən assimilyasiyaya uğramışdır. Qədim türk şəhərlərindən olan Konya artıq XI əsrdə iri musiqi mərkəzi idi. Bu şəhərin Dəməşq və Bağdadla sıx əlaqələri vardı. XII əsrdən etibarən türk sultanlarının sarayında peşəkar musiqinin intensiv və fəal inkişafı başlamışdı. 

Xalq mahnılarının əsasında duran pentatonika, təqribən, 17 və 24 pərdəli məqamlarla əvəz olunmuşdu. Musiqi təcrübəsində 25 əsas və 60 əlavə məqam istifadə olunurdu. Dəstgahı xatırladan klassik musiqinin iri formaları yaranırdı. Sonrakı dövrlərdə hərbi-orkestr musiqisi – mehtər musiqisi çiçəklənməyə başladı. Avropada yanıçar musiqisi kimi tanınan bu orkestrlərdən avropalılar piatti və böyük barabanları əxz etdilər. Ritmik ostinato prinsipi də məhz türk marşından götürülmüşdür. 

XVI əsrdə Türkiyə sultanlarının sarayına Avropa musiqisi nüfuz etməyə başladı. Hətta 1831-ci ildə İstanbula italyan bəstəkarı Cüzeppe Donisetti (məşhur bəstəkar Qaetano Donisettinin qardaşı) dəvət olunmuşdu. Sultan sarayında musiqi məktəbi açılmışdı. Beləliklə, Türkiyədə musiqi saray və xalq musiqisi kimi iki istiqamətdə inkişaf etdi. Onu da qeyd edək ki, türk folklor musiqisinin toplanması ilk dəfə olaraq Rauf Yekta Bəy tərəfindən həyata keçirilmişdir. 

Türk xalq musiqi yaradıcılığı özündə digər xalqların folklor musiqisini, vokal, instrumental, mahnı-rəqs musiqisini cəmləşdirir. 

Türklər xalq musiqisinə türkü, melodiyaya isə ezgi deyirlər. Türkü sözünün kökü, göründüyü kimi, “türk” sözüdür. “Türk” sözünə “i” şəkilçisi əlavə edilərək türkə xas, türkvari mənasını verən “türki” sözü əmələ gəlmişdir. Belə ehtimal olunur ki, bu ifadəni türk xalqlarının musiqi nümunələrinə əcnəbi xalqlar vermiş, yəni özlərinə aid olmayanı ən qısa sözlə “türki” kimi ifadə etmişlər. Bu söz xalq arasında ağızdan-ağıza keçərək “türkü” kimi tələffüz olunmağa başlamışdır. 

Türkülərdə xalqın həyatı, dünyagörüşü, acısı və sevinci öz parlaq əksini tapıb. Unison ifa edilən türkülər obraz zənginliyi, melodiya, ritm və məqam müxtəlifliyi ilə fərqlənir. Əslində, türkü termini vaxtilə Azərbaycanda da işlək olmuş, lakin tədricən bütövlükdə mahnı termini ilə əvəzlənmişdir. 

Anadolu türküləri mövzu baxımından belə təsnifatlandırılır: lirik, satirik, olay (tarix), törən və mövsüm, iş və məslək, pastoral, didaktik və oyun türküləri.

Türk xalq musiqisini üslubuna görə iki yerə – kırık və uzun havalara ayırırlar. Kırık havalar türk xalq musiqisində bəhr­li janrlara verilən addır. Kırık havaların bir çoxu, eyni zamanda, oyun havasıdır. Karşılama, Halay, Bar, Horon, Bengi, Zeybek, Semah, Teke Zotlaması onlara aiddir. Bunların hamısı melodik və oxunuş baxımından regional özünəməxsusluğa malikdir. 

Uzun havalar müəyyən qəlib və qaydalara görə reçitativ tərzdə ifa edilən bəhrsiz havalardır. Hoyrat, maya, kesik, kayabaşı, aydost, yanık və s. adını alanlar bəhrsiz havalardır. Regional özünəməxsusluqlara malik olduqlarına görə kiçik bir səhv onların orijinallığını korlaya bilər. Şərqi, Cənub-Şərqi Anadoluya məxsus olan bu cür bəstə formaları ustad sənətkarların yanında məktəb keçdikdən sonra öyrənilə bilər. Bu isə o deməkdir ki, uzun havalar şifahi ənənəvi peşəkar musiqi növünə aid edilə bilər. Bunların icrası vaxtı instrumental ifanın improvizasiya ilə yaratdıqları melodik cümlələrə “yol göstərmə” və ya “açış” deyilir. Bunun da xüsusi mizrabı, üslub və rəftarı vardır. 

Türk xalq və eləcə də sənət musiqisində üsul anlayışı vardır (biz bu anlayışa uyğur və özbək musiqisində artıq rast gəlmişik). Üsullar türk musiqisinin ritm əsasını təşkil edən ritmik şəkillər və formullardır. Türk xalq musiqisindəki üsulların əksəriyyəti sənət musiqisindəki sadə üsullarla oxşardır. Bunların daxilində qərb musiqisindəki üsullara bənzərləri də vardır. Bir qrupu isə heç bir oxşarı olmayan xalq musiqisinə məxsus ritmik şəkillərdir. 

Ritmik şəkillər türk sənət musiqisində 3 yerə ayrılır. Bunlar ana üsullar, birləşik üsullar və karma üsullardır. 

Türk xalq musiqisində kırık hava və uzun hava üslubunda olan müxtəlif janr­lar vardır. Bunlar aşağıdakılardır: Ağıt, Aydost, Bar, Bengi, Bozlak, Divan ayağı, Güvəndə və Gözəlləmə. 

Anadolu rəngarəng xalq rəqsləri ilə məşhurdur. Türkiyə türkləri “Halay” rəqsini xüsusi şövqlə ifa edirlər. Bu, orta əsr­lərdən bəri gələn və xüsusiyyətinə görə əyləncə oyunlarından tamamilə fərqlənən ayin rəqsidir. “Halay” xalq rəqsi Şərq, Cənub-Şərq və Orta Anadoluda geniş şəkildə yayılmışdır. Orta Anadoluda “Halay” davul-zurna çalınaraq halqavari formada oynanılır. 

“Halay” –“alay” sözünün “toplantı” mənasında istifadəsi anlamına gəlir. “Alay” türkcə izdiham”, “mərasim”, hərbi “alay” mənalarında istifadə edilir. 

Bəzi mənbələrdə halay ən geniş yayılmış sıra rəqsi kimi təqdim olunur. Bu rəqs ritmik cəhətdən zəngindir. Əsasən davul, zurna, kaval, sipsi, cığırtma, bağlama alətlərinin müşayiəti ilə xalq musiqisinin oxunması və çalınması ilə ifa edilir. 

“Halay”ın Sivas, Erzurum, Elazığ kimi bölgələrdə daha gözəl növləri vardır. Bəzi bölgələrdə isə bu rəqsin sayı azalmış, sadələşmiş “alay” adını almışdır. “Halay”ı ifa edərkən oyunçular halaybaşının əmrinə tabe olaraq hərəkət edirlər. Onlar bir-birinin kiçik barmaqlarından tutaraq, qol-qola girərək, ya da çiyinlərindən tutaraq sıraya düzülürlər. 

Müasir türk sənət musiqisinin formalarını əsasən iki şaxəyə ayırmaq mümkündür: instrumental və vokal musiqi. Vokal musiqi də öz növbəsində iki əsas hissəyə ayrılır: dini və dünyəvi musiqi. 

Türkiyə makam sənəti Şərq peşəkar musiqi mədəniyyətinin qədim və orta əsr­lər tarixində özünəməxsus yerə malikdir. Ənənəvi musiqinin məqam (lad) və forma təşkilinin əsasını makamlar tutur. Türkiyə makamları öz nəzəriyyəsinə, bədii forma və məzmununa, musiqi-quruluş təşkilinə, interval səs sisteminə, bədii-estetik təsir imkanlarına, ifaçılıq ənənələrinə görə olduqca zəngin və müxtəlifdir. Türkiyə sənət musiqisində (ənənəvi professional musiqi sənətində) makamlar 3 yerə bölünür: bəsit, sed və mürəkkəb. 

Türk etnik musiqisində istifadə olunan çalğı alətləri bir sıra şərq, o cümlədən türk xalqlarının musiqi təcrübəsində geniş intişar tapmış alətlərdəndir. 

Zərb alətləri arasında davul xalq musiqisinin ən səciyyəvi ritmlərini üzə çıxaran alət kimi geniş yayılıb. Anadolunun bir çox yerlərində bu alətə “Meytər” deyirlər. 

Davul kiçik, orta, böyük olmaqla üç növə ayrılır. Ən böyüyünün diametri 80-90 santimetr, orta davul 70 santimetr, kiçiyi isə 60 santimetrdir. 

Türk xalq musiqisində, həmçinin dəf, darbuka, zilli maşa, kaşık, şaksak kimi alətlər də geniş istifadə edilir. 

Lalə HÜSEYNOVA,
Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 



Sosial həyat