Xalqımızın keşməkeşli taleyinin ağrılı səhifələrindən olan 1918-ci ilin mart soyqırımı bədii ədəbiyyatda da geniş əksini tapıb. Ermənilərin əli ilə Bakı, Şamaxı və Qubada Azərbaycan türklərinə qarşı misli görünməmiş qəddarlıqla həyata keçirilən kütləvi qırğınların ağrı-acısı, səbəb və nəticələri, düyünlü məqamları, sovet rejiminin sərt qadağalarına baxmayaraq, bədii ifadələr vasitəsi ilə mümkün qədər işıqlandırılıb.
Azərbaycanda XX əsrin əvvəllərində, eyni zamanda, əsrin sonlarında mülki əhaliyə qarşı həyata keçirilən erməni soyqırımına ilk siyasi-hüquqi qiyməti görkəmli dövlət xadimi Heydər Əliyev verib. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn qəbul etdiyi “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyasına qoşulub. Amma, təəssüf ki, bütövlükdə, son 200 ildə erməni vəhşiliklərinin zirvəsi sayılan soyqırımı cinayətlərini (o cümlədən, Xocalı soyqırımını) beynəlxalq ictimaiyyət biganəliklə qarşılayıb. Konvensiyada qeyd olunan “cəzalandırılma” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən cinayətkar Ermənistana hələ də tətbiq olunmur.
Azərbaycanlıların 1918-ci il mart soyqırımı XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan böyük mütəfəkkir – yazıçı, publisist və ədəbiyyat tənqidçisi Əlibəy Hüseynzadənin dediyi kimi, “qırmızı qaranlıqlar”da görünməz olsa da, faktları, dəlilləri inkar və təkzib etmək cəhdləri alınmayıb. Xalqımıza qarşı törədilən soyqırımı siyasətinə bədii etirazların təməlini isə Mir Mövsüm Nəvvab (“1905–1906-cı illərdə erməni-müsəlman davası”) və Məmməd Səid Ordubadi (“Qanlı sənələr”) qoyublar. Cəfər Cabbarlının “1905-ci ildə” dramı da bu sıradadır.
Mart hadisələri qələm sahiblərimizin həyatında da silinməz izlər qoyub. Tanınmış ədəbiyyatşünas Asif Rüstəmli yazır: “Cəfər Cabbarlı ailəsi ilə erməni bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən azacıq yuxarı, “Ceyran bağçası” deyilən yerdə getdiyindən o, qadınları, uşaqları və qocaları “Qar anbarı” adlanan sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə – Xızıya aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları şəhərdən çıxararkən güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşlar”.
Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, “Mart hadisələri zamanı İsmailliyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim... Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim. Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında saxladığı və yandırmaq istədiyi 4 min nəfər azərbaycanlının içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur. Özünümüdafiə dəstələrinin ermənilərin bəd niyyətlərindən xəbər tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya həyata keçirilməmişdir”.
Üzeyir Hacıbəyli, Məhəmməd Hadi, Mirzəbala Məmmədzadə, İbrahim Xəlil və digər böyük ziyalıların, söz adamlarının mart faciəsinin şahidləri olduqları, bu barədə müxtəlif səpkili əsərlər yazdıqları məlumdur. Cəfər Cabbarlı əsasən Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunan mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün “Dur, ey xar olan millət” adlı mərsiyə də yazıb. Həmin mərsiyə təkcə şəhidlərin yas məclislərində günahsız qurbanlar üçün göz yaşı tökmək üçün deyil, həm də xalqı maskalı düşmənə qarşı səfərbər etmək məqsədilə oxunub:
Gülzari-vətən soldu,
Millət xari-zar oldu,
Hamı payimal oldu,
Dur, ey xar olan millət…
Göründüyü kimi, mərsiyə yas mərasimlərində oxunmaq məqsədilə yazılsa da, dərin ictimai məzmun daşıyır. Böyük dramaturqun “Əhməd və Qumru” hekayəsi də eyni mövzuya həsr olunub. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Asif Rüstəmlinin yazdığına görə, Cəfər Cabbarlının “Bakı müharibəsi” adlı dramının mətni əldə edilməsə də, afişa və qəzet məlumatlarından aydın olur ki, əsərin ilk pərdələri mart faciəsindən, Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs edir. O zamankı qəzetlərdə hiyləgər Stepan Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarını “Bakı müharibəsi”ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir.
Mart soyqırımının ədəbiyyatda bədii əksindən danışarkən “Əli və Nino” romanının da adı mütləq çəkilməlidir. Ötən əsrin 20-ci illərində yazılan bu əsərdə Cümhuriyyət dövrünün siyasi hadisələrinə də toxunulub. Əsərdə bir sıra kölgəli məsələlərə işıq salınıb və Bakı qırğınlarının dəhşətli səhnələri təsvir edilib. Romanın qəhrəmanları Əli xan, Nino, Məhəmməd Heydər, Seyid Mustafa, Əsədulla, İlyas bəy qırğın ərəfəsində şəhəri müdafiə edib, əhalini erməni bandalarının hücumlarından qoruyublar.
Məhəmməd Hadi “Şühədayi-hürriyyətimizin ərvahinə ithaf” şeirində Mart hadisələrinə münasibətini belə bildirir:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey zinəti-cəhani-fəna.
Mir Mövsüm Nəvvab, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırımı mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə ediblər. Mirzəbala Məhəmmədzadə “Bakı uğrunda müharibə” faciəsinin ilk pərdələrini dostu Cəfər Cabbarlı kimi, mart soyqırımına həsr edib. Məhz o, Bakı faciəsini ilk dəfə öz adı ilə – qətliam adlandırıb, caniləri adbaad göstərib. O yazırdı: “Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”. Müəllifin “Əksinqilabçılar” hekayəsi də mart qətliamı mövzusunda maraqlı və ibrətamiz əsərdir...
Ən dəhşətli bəşəri soyqırımı aktlarından olan Xocalı faciəsinin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu əsərlərin yaranması ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac olub. Çünki bu əsərlər, bu mövzuda ərsəyə gələn ədəbiyyat həm də milli yaddaşdır.
Nəriman Həsənzadənin “Beynəlxalq məhkəməyə, bütün millətlərə”, Fikrət Qоcаnın “Hər gecə Хоcаlıdа”, Zəlimxan Yaqubun “O qızın göz yaşları”, İltifat Salehin “Şəhid Xocalı”, Şahmar Əkbərzadənin “Ölü torpaqlara məzar qazılmır”, Söhrab Tahirin “Xocalı qırğını”, “Dörd yaşında gəlin”, “Öldür məni”, Qəşəm Nəcəfzadənin “Хоcаlı mövsümü – fevrаl”, Nurəngiz Günün “Хоcаlı simfоniyаsı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, italiyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı” əsərlərində, eləcə də başqa çoxsaylı kiçik və irihəcmli nümunələrdə Əsrin faciəsi bütün ağırlığı ilə təqdim və təhlil olunur. Mübarizə ruhu və qələbə idealları bu əsərlərdə xüsusi yer alır. Nəriman Həsənzadə öz şeirində Xocalı dəhşətlərindən tək bir hissəni – 2 aylıq bir çağanın ölümünü aparıcı hadisəyə, məğzə çevirir, onunla bütün hadisənin, vəhşilik və qeyri-insaniliyin dərəcəsini göstərməyə müvəffəq olub.
Nəhayət, qeyd edək ki, arxivlərdə, mətbu orqanlarda soyqırımı ilə bağlı kifayət qədər faktlar var. Hadisələrin bədii ədəbiyyatda ifadəsi isə hər zaman aktual olub. Amma yenə də azdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərimizin erməni faşizmini hərtərəfli ifşa etməli olduqlarını xüsusi vurğulayıb: “Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır”. Dövlət başçısının bu sözləri tariximizin qaranlıq səhifələrinə gur işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları, yazıçıları bu istiqamətdə daha da fəallaşmağa səfərbər edir.
Ə.ƏLİYEV
XQ