Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib

post-img

Bu gün Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecində xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec direktoru dossent İlqar Kubışov tədbiri açıq elan edərək bildirib ki, Novruz  xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır.

Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir.

Kollecin məzunu olmuş şəhid Amal Əhmədovun anası Mehriban Əhmədova çıxışında Novruz bayramının qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb.

O bildirib ki, bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Kollecin mədəniyyət və incəsənət şöbəsinin müəllim və tələbələrin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Bayram şənliyi Kollecin həyətində alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.



















Sosial həyat