Qohum nikahlar – bədbəxtliyin könüllü seçimi

post-img

Maarifləndirmə təsirsizdirsə, ümid qanunun kəsərliyinədir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq qəzeti”nin birgə təşkilatçılığı ilə qohum nikahlarla bağlı keçirilən ictimai müzakirədə Milli Məclisin deputatları, təşkilatçı qurumların rəhbərləri, dövlət orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak edirdilər. 

Qohumlar arasında nikah halları və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlə­rindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məh­dud uşaqların dünyaya gəlməsinə və nə­ticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. 

Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yük­səkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüf ki, Azərbaycanda da yaxın qohumlar ara­sında bağlanan nikahlara rast gəlmək mümkündür. 

Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövlət tərəfindən indiyədək bir sıra addımlar atılıb. Azər­baycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohum­lar arasında nikaha icazə verilməməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, 2015-ci ildə Ailə Mə­cəlləsinə dəyişiklikdə nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı təqdim etmələri, yəni icbari tibbi müayinədən keçmələri qarşıya mühüm vəzifə kimi qo­yulur. Bununla da nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünya­ya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına əlve­rişli şərait yaradılır. 

Bu istiqamətdə aparılan işlərin dava­mı olaraq Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2020-ci il iyunun 23-də “Gənclər arasında ailənin və nikahın əhə­miyyəti, onun qorunması və möhkəmlən­dirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəti­cələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydada erkən nikahın və qohumlar arasında nikahın izahı verilib. Sənəddə qeyd olunduğu kimi, qohum ni­kahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. 

Adıçəkilən qaydada, həmçinin aidiy­yəti dövlət qurumlarının siyahısı və onla­rın öhdəliyinə düşən vəzifələr açıqlanır. Sənədin əsas məqsədi ölkədə erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində aparılan işlərdə qurumlararası əlaqələndirmənin opera­tivliyinin və effektivliyinin təmin edilmə­sidir. 

Qaydanın müvafiq bəndlərinin icrası istiqamətində hər ilin yanvar ayında ai­diyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülmüş işlərə dair ölkə üzrə hesabat hazırlanır, həmin hesabat ko­mitənin rəsmi saytında dərc edilir və bu barədə Azərbaycan Respublikasının Na­zirlər Kabinetinə məlumat verilir. 

Yeri gəlmişkən, qeyd edilən sənəd­də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası­nın Dövlət Statistika Komitəsinə qohum hesab edilən gənclər arasında bağla­nan nikahların və belə nikahların pozul­ması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılıb. Belə ki, Ədliyyə Nazirliyindən aldığımız məluma­ta əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 min 363, 2022-ci ildə 2 min 542 olub, belə nikahların pozulma­sının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608-ə yüksəlib. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə edilən ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yana­şılması kimi patriarxal düşüncələrin möv­cudluğu belə nikah hallarının baş vermə­sinə səbəb olur. 

Qohumlar arasında nikahın mənfi nə­ticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alı­naraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çin, Cənubi Koreya, Türkiyə, Estoniya, Ukrayna, Tacikistan və Gürcüstanda baba, yaxud nənə ümumi olan şəxslər arasında nikahın bağlanma­sının qadağan edildiyi məlum olmuşdur.

Bununla əlaqədar qohumlar arasın­da bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrə­nilərək baba, yaxud nənə ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.

İctimai müzakirədə yuxarıda qeyd edilən məsələlər, eləcə də qohumlar arasında nikah halları və bunun törətdi­yi fəsadlar barədə ətraflı danışılıb, eyni zamanda, problemin həlli istiqamətində müxtəlif fikirlər səsləndirilib. 

Bahar Muradova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

– Həyatımızın çox hissəsi ailədə ke­çir. Ailə cəmiyyətin, dövlətin çox vacib bir nüvəsidir, əsasıdır. Buradakı atmosfer­dən, münasibətlərdən insanlar arasında, cəmiyyətdə, onun müxtəlif təbəqələri ara­sında, ən əsası, dövlət və onun qarşısına qoyduğu hədəflərə çatmaq istiqamətində çox şey asılıdır. Biz bu ailədə hansı mü­hitə malik oluruqsa, buradakı böyüklər, kiçiklər, 1-ci, 2-ci, 3-cü dərəcəli yerlərdə dayanan insanlar, eynilə bu sosial mü­hitdə əldə etdiklərini cəmiyyətə daşıyır­lar. Qanunlara münasibətdə ona daha çox üstünlük verirlər, öhdəliklərindən, məsuliyyətlərindən daha çox istəklərini, arzularını bu istiqamətdə söyləməyə ça­lışırlar. Düşünürəm ki, bu məsələlər cə­miyyət tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır, həyatımıza mane olan neqa­tiv cəhətlər kimi arxa plana keçməlidir. 

Ailə Məcəlləsi bu məsələləri tənzim­ləyir. Məcəllənin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Təbiidir ki, bu, babası, nənəsi ata-anası eyni olan adamlara aiddir. Bizim menta­litetdə tarixdən gələn ənənə var ki, yaxın qohumlar mütləq şəkildə qohumluğu davam etdirməlidir. Bu qohumluğu öv­ladlarına, nəvələrinə, nəticələrinə ötür­mək istəyirlər. Bununla da, həm genetik, həm də fizioloji olaraq, mənəvi, həm də hüquqi cəhətdən də bütün həyatlarını o adət-ənənəyə tabe etdirmiş olurlar. Dü­şünürəm ki, öz şəxsi həyatını və gələcə­yini, övladlarının fiziki-mənəvi sağlamlığı­nı tamamilə başqa münasibətlərə qurban verən insan cəmiyyətdə də bu və ya di­gər vacib məsələlərdən yan keçə bilər. 

Tanıdığım insanlar arasında da bütün iradəsini bu cür ənənələrə tabe edənlərin qanunla münasibətlərində problem olub. Hər hansı cinayət hadisəsi baş verməsə belə, başqasının əmlakına, şəxsiyyətə, özünə, dövlətə qarşı olmasa belə, hüquq­la problemlərinin yaranmasına gətirib çıxarır. Ona görə düşünürəm ki, bu vacib bir məsələdir, bu istiqamətdə dövlətimi­zin apardığı siyasətin əsas məqsədlərinə çatması üçün qanunvericiliyimizə, bu qanunların icra mexanizmlərinə, onları həyata keçirən dövlət orqanlarının fəaliy­yətinə, ictimaiyyətin bu məsələdə iştirakı­na və mövqeyinə vaxtaşırı baxış etməli, problemlər sərf-nəzər edilərək, onların aradan qaldırılması yolları araşdırılmalı­dır. 

Artıq xeyli müddətdir ki, biz belə, əlaqələndirilmiş bu tip məsələlərin mü­zakirəsi prosesinə daxil olmuşuq. Bu məsələ Ailə, Qadın və Uşaq Problemlə­ri üzrə Dövlət Komitəsinin fəaliyyət is­tiqamətlərinə aid olsa da, ayrı-ayrı dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri, vəzifələri var. Həmin qu­rumların nümayəndələri də bu gün real vəziyyət haqqında öz fikirlərini səslən­dirəcəklər. Biz bundan sonrakı addımları atarkən cəmiyyətin mövqeyini nəzərə al­mış olacağıq. Bu məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə hökumətin tək­lifi ilə Ailə Məcəlləsinə dəyişiklik edilib ki, nikaha daxil olmaq istəyənlər öncə tibbi müayinədən keçsinlər. İlk vaxtlar bundan narazı qalanlar oldu, hansısa çətinlikərin yaranacağını söylədilər. Amma indi hər kəs anlayır ki, bu, ailənin sağlam gələcəyi üçün vacibdir. Bu, bir sıra irsi xəstəliklərin və şikəst uşaqların doğulmasının qarşısı­nın alınmasında gözəl nəticələr verir. 

Bugünkü müzakirələrdə əsas məsələ qanunvericiliyə müvafiq dəyişikliyin edil­məsidir. Mən öz şəxsi fikrimi söyləyə bilərəm ki, qohum nikahların dairəsinin genişlənməsinə qadağalar qoyulmalıdır. Əlbəttə ki, bu, cəmiyyətdə narazılıqlar yaradacaq və bizə də maraqlıdır ki, hansı dərəcədə narazılıqlar yaranacaq. Amma biz bu işə başlamasaq çox ağır nəticələr verə bilər. Ona görə düşünürəm ki, bu formatda müzakirənin keçirilməsi diqqət mərkəzində olacaq. Problemin ictimaiy­yətə çatdırılması öz nəticəsini verəcək. İstəyimiz odur ki, həm erkən nikahlar, həm də qohum nikahlarla bağlı qanun­vericilikdə dəyişikliklər edilsin və hüquqi çərçivə genişləndirilsin.

Zahid Oruc, 
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı:

– Dünya əhalisinin, təxminən, 20 faizi sosial faydalarına görə qohum evliliklə­rinə üstünlük verir. Qohumluq səviyyələri mədəniyyət, coğrafiya, etnik mənsubiy­yət və din də daxil olmaqla bir çox amil­lərin təsiri ilə əhali qrupları daxilində və arasında dəyişə bilər. Qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsız­lıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir. Qohum evliliyinin ən yüksək göstəriciləri Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınır. Pakistan və Hindistanda qo­humluq nisbəti müvafiq olaraq 73 faiz və 60 faiz təşkil edir. 

Üzərindən min illər keçəndən sonra müasir elm adamları Misir fironlarının sülaləsinin məhv olmasının səbəbini qo­humlar arasında evlilik amili ilə əlaqələn­dirirlər. Genetiklər daim qohum nikahların nəsillərində hər cür fizioloji anomaliyala­rın mövcudluğunu sübut edirlər. 

“İslam dini qohumlar arasında nikaha necə yanaşıb?” sualına cavab zamanı Peyğəmbər əleyhissalamın sevimli qızı Fatiməni ata tərəfdən əmisi oğlu Əliyə ərə verilməsi faktı qabardılır. Xatırladım ki, bu evlilikdən sağlam və nəcib övladlar dünyaya gəlib. Əlbəttə, qüsurlu uşaqların doğulmasına səbəb təkcə qohumluq de­yil, ər-arvadın əcdadlarının gen vasitəsilə nəsillərə ötürülən xəstəliyidir. Buna görə bir çox xalqlarda ailə üzvlərinin sağlam­lığı və xəstəliklərinin qeyd edildiyi “ailə ağacları” yaradılır. Əli və Fatimə məsələ­sində isə deyə bilərik ki, Peyğəmbər on­ların əcdadlarının sağlam olduğunu bilirdi və bu evlilik təhlükəli sayılmadı. 

Müasir Azərbaycanda bu məsələdə bir çox amillərlə yanaşı, tayfaçılıq (təc­rid-qapalı nəsil) hələ də cəmiyyətə xasdır və bu, hər şeyi izah edir. Bir çox azərbay­canlı “kənar adamlara” inamsızdırlar, bu da onların qapalı icmasına daxil olmayan hər kəs deməkdir. Məsələn, bizdə çox güclü regionalizm var. Qohum evlilikləri tayfaçılığın elə cəmləşmiş variantıdır ki, öz qohumlarından başqa hamı yad sayı­lır.

Risklərə rəğmən qohum evlilikləri zamanı sabit nikah münasibətləri, ailə­nin maddi problemlərinin azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır. Qohumluq mədəni ötürülmə və mədəni davamlılıq üçün imkanlar təmin edir. İq­tisadi faydalara cehizlərin azaldılması və torpaq sahələrinin saxlanması daxildir. Bəzi dini və siyasi anlayışlar dindarları qohum evliliklərinə cəlb edir. Qohum evli­likləri ailənin genetik tədqiqatlarını asan­laşdırır, çünki populyasiyada genofond tarazlığı sabit qalır. Qohum ailələr əlaqə analizindən istifadə edərək yeni xəstəlik genlərini müəyyənləşdirirlər. 

Ailə kiçik dövlət, dövlət böyük ailədir. Ailə milli varlığın qoruyucusudur. Ailə ins­titutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə tə­sir göstərir. Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu ni­kahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qo­humluğuna əsaslanır və bu, həmin nikah­dan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır. 

Tədqiqatlar göstərir ki, valideyn­lər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncü dərəcəli qohumların genlərinin 12,5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6,25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur.

Haşiyə çıxaraq, qanunvericilikdə qo­hum nikahların dərəcəsi 1 və 2-ci qohum­luğa aid edilsə də, 3-cü və 4-cü qohumlqu dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də dövlət təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyənləşdirilən nikah yaşına çatana qədər artıq faktiki nikah münasi­bətlərinə daxil edilməsinə səbəb olmaq­la bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ilə olan məlumatlara əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilmiş, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, belə sta­tistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər.

Fikrimcə, müzakirə olunan məsələnin doğurduğu neqativ halları aradan qal­dırmaq üçün, ilk növbədə, bu sahədə mövcud beynəlxalq təcrübə nəzərə alın­malıdır. Belə ki, dünyada geniş tətbiq olunan ailənin maliyyə vəziyyətinin yax­şılaşdırılması, bu sahədə ictimaiyyətin tibbi məlumatlandırılması və qadınların ali təhsil almalarının diqqətdə saxlanıl­ması qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən ge­netik pozuntuları müəyyənləşdirmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Həkimlər eşitmə qüsu­ru, talassemiya, kistik fibroz, əqli gerilik və s. kimi qohumlarla əlaqəli xəstəliklərə diqqət yetirməlidirlər. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin olunmalıdır.

Ən vacib addımlardan biri isə qo­humluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilmə­si məlum durumu möhkəmlədib. İndi baxışlar dəyişməlidir. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəz­ləri yaradıla bilər. İnsanlar genetik test nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir.

Əflatun Amaşov,
“Xalq qəzeti”nin Baş redaktoru:

– Biz bura çox ciddi bir problemin ictimai müzakirəsinə toplaşmışıq. Əgər bu dinləmədə iştirak edənlər arasında sorğu keçirilərsə, təqribən, 50 faizə qə­dər şəxsin ailəsində və ya yaxınında öz qohumu ilə evlənənlərin olduğu ortaya çıxar. Deməli, sözügedən məsələ illər­lə narahatlıq yaratsa da, hələ də həllini tapmayıb. Belə bir problem aradan qal­dırılmasa, gələcək nəslin inkişafında, formalaşmasında müəyyən çətinliklərlə üzləşiləcək. Ona görə də gələcəyimizin möhkəm əsasının bununla bağlı olduğu­nu unutmamalı, bu istiqamətdə davamlı tədbirlər həyata keçirməliyik. Bu baxım­dan sözügedən problemin–qohum nikah­larla bağlı məsələnin ictimai müzakirəsi­nin aparılması mühüm önəm daşıyır.

Düzdür, problemin həllini ləngidən, çə­tinləşdirən müəyyən amillər var. Onlardan biri heç bir elmi əsası olmayan düşüncə tərzidir. Məsələn, belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilir. Bax, qohum nikahlarla bağlı söhbət açılanda çox zaman bu fikir səsləndirilir. Amma, necə deyərlər, daşlaşmış bu fikrə bax­mayaraq problemin həllini daim diqqətdə saxlamalı, vəziyyətdən xilas üçün çıxış yolu axtarmalıyıq. Bu baxımdan qohum nikahlarla bağlı indiki ictimai müzakirə­ni yüksək dəyərləndirirəm. Əlbəttə, mü­zakirədə fərqli yanaşmalar olur və bu, sonda təbii ki, yaranan problemin aradan qaldırılmasında oxşar məxrəci şərtləndirir. Fikrimcə, bu məsələdə maarifləndirməyə geniş meydan verilməli, qohum nikahlara rəvac verən valideynlər, gənclərin doğma­ları problemin doğurduğu fəasdlar haqqın­da məlumatlandırılmalıdır. Bundan başqa qanunvericilik mütləq sərtləşdirilməlidir. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi şəkildə alınmalıdır. 

Onu da qeyd edim ki, problemin həl­lində jurnalistlər fəallıq göstərməli, bu yöndə əsl həqiqəti cəmiyyətə çatdırma­lı, beynəlxalq təcrübənin önəmi ilə bağlı materialların dərcini diqqətdə saxlamalı­dırlar. Yeri gəlmişkən, Türkiyədə qohum nikahlarla bağlı bir məqamı xatırlatmaq istərdim. Belə ki, qardaş ölkənin Trak­ya bölgəsində qohumlar arası evliliyə müsbət rəy verilmir. Orada gənclər an­caq yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar. Danimarkada isə həkimlər qohum nikahların qarşısını al­maq üçün qanunların sərtləşdirilməsini istəyirlər.

Rüstəm Qasımov, 
Prezident Administrasiyası Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri: 

– Ailə cəmiyyətin özəyidir və buna görə də dövlətin mühafizəsi altındadır. Bu, bizim Konstitusiyadan gələn prinsi­pimizdir. 

Əlbəttə, ailə həm də cəmiyyətin, ümumilikdə, sağlamlığının göstəricisidir. Məndən öncə çıxış edən şəxslər bu barə­də geniş danışdılar. Biz belə düşünürük ki, bu, bizim üçün strateji problemdir. Nəyə görə strateji promlemdir? İndi Əfla­tun müəllim də qeyd etdi, bu, genofonda təsir edən problemdir. Qohum evlilikləri strateji məsələ olaraq bizim genefondu­muza təsir edir. Cəmiyyət baxımından isə öz gələcəyimizə təsir göstərir. Bu ev­liliklər nəticəsində doğulmuş xəstə, əlil uşaqlar iztirab çəkirlər. Xəstə doğulmuş uşaq, həmçinin ailə üçün həm mənəvi, həm də maddi çətinliyin yaranmasına gətirib çıxarır. Bu, nəinki dövlətin, hər birimizin problemidir. Buna görə də, biz bunu çox ciddi və aktual problem olaraq qəbul edirik. 

Bəs problemin qarşısını almaq üçün nə edə bilərik? Bu zaman ikinci və üçün­cü dərəcəli qohum evliliklərinə qadağa qoyulması məsələsi gündəmə gətirilir. Bu, kifayət qədər yayılmış məsələdir. Ancaq bu məsələnin sosial tərəfi də var. Hər kəs istəyir ki, tanıdığı insanlarla ailə qursun. Hətta bundan fəxrlə danışanlar da var. Bununla bağlı çox danışmaq olar. Məsələ budur ki, əmi, xala uşaqları ara­sında evlilik qadağan edilməlidirmi, ya yox? Çoxluq onun tərəfdarıdır ki, qanun­vericilik səviyyədə qadağan olunmalıdır. Mən, sadəcə, şəxsi fikrimi səsləndirə bilərəm. Dövlət və cəmiyyət arasında münasibət var. Bəzən cəmiyyət önə ke­çib bəzi aktual məsələlərdə addımlarını atır. Bəzi hallarda görünür ki, dövlət önə keçməlidir və cəmiyyəti öz arxasınca aparmalıdır. 

Qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur. Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstə­rir ki, uzun illərdir aparılan maarifləndir­mə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir. 

Araz Poladov, 
Prezident Administrasiyası Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri:

– Ailə cəmiyyətin özəyini təşkil edir və ailədə yetişən sağlam fərdlər sağlam cə­miyyətin təminatıdır. Bunun nəticəsidir ki, Azərbaycanda ailənin dövlət tərəfindən mühafizə olunması Konstitusiyada təsbit olunub. 

Dəyərlərin aşınmaya məruz qal­dığı bir dövrdə ailə dəyərləri qorunub saxlanılıb. Amma ailə dəyərlərinə xələl gətirən faktorlar var və onlardan biri də qohum evlilikləridir. Bu, bizim qədim ailə adət-ənənələrimizdən biridir. Biz adət-ənənələrə hörmət etməliyik, onları qəbul etməliyik və inkişaf etdirməliyik. Lakin yalnız streotiplərə söykənən adətlərdən imtina etməyi bacarmalıyıq. Cəmiyyətin sağlamlığı naminə proqressiv addımlar atmağı bacarmalıyıq. 

Ailə institutunun müqəddəsliyi, va­cibliyi ailə münasibətlərinə dövlətin müdaxiləsinin az olmasını şərtləndirir. Bunun nəticəsidir ki, bizdə ailə qanun­vericiliyində nikahın qadağan olunduğu şəxslər sıyahısına birinci və ikinci dərə­cəli qohumlar daxildir. Dövlət burada minimum tənzimləməni saxlayıb, ikinci dərəcəli qohumları yaxın qohumlar si­yahısına daxil etməyib. Lakin statistika göstərir ki, qanun qadağan etsə də, yaxın qohumlar arasında evliliklər hələ də baş verir. Tədqiqarlar göstərir ki, bunun bö­yük fəsadları var. Təbii ki, bu, sosial prob­lem olsa da, qanunvericilik çərçivəsində həll olunması mümkündür. 

Qohum nikahlarının əsas fəsadı do­ğulan uşaqların irsi, genetik xəstəliklərə tutulması ehtimalıdır. Burada belə bir sual ortaya çıxır ki, bu ehtimal bu məsələlərə dövlət müdaxiləsini şərtləndirir, ya yox? İstənilən halda bununla əlaqədar cəmiy­yətin fikri mütləq nəzərə alınmalıdır. 

Qohum nikahları ilə bağlı xarici ölkələrin təcrübəsi öyrənilib. Avropanın müəyyən ölkələrində, Asiyada, ABŞ-ın 24 ştatında üçüncü və dördüncü dərə­cəli evliliklər də qadağan olunub. Belə praktika var. Bəzi ölkələrdə isə belə bir qadağa yoxdur. Yəqin ki, həmin ölkələr­də qadağanın olmaması orada qohum nikahlarının az baş verməsi ilə bağlıdır. İstənilən halda bu məsələdə ictimai mü­zakirələrin aparılması, ictimai rəyin öyrə­nilməsi vacibdir.

Fazil Mustafa,
Milli Məclisin deputatı: 

– Belə mötəbər audirotiyada bu önəm­li mövzunun müzakirəsi təqdirəlayiq hal­dır. Tarixdə Mustafa Kamal Atatürk örnəyi var. Atatürk göstərdi ki, dövlət heç za­man cəmiyyətin arxasınca sürünməməli­dir. O vaxt cəmiyyət mütərəqqi dəyərlərə sahib olmur. Müəllim də elə etməlidir, sin­fin istəyinə uyğun dərs deməməlidir. Alim də cəmiyyətin arxasınca sürünmür, o, ideyalar, düşüncələr təqdim edir və xalq həmin dəyərləri mənimsəyəndən sonra müəyyən bir irəliləyiş əldə olunur. Ata­türkün o dövrdə atdığı inqilabi addımlar göstərdi ki, bəzən cəmiyyətə rəğmən bu addımların atılması vacibdir. 

İndi dövlət bunu özü üçün strateji təh­lükə olaraq görürsə, çəkinmədən bu ad­dımları atmalıdır. Qadağa qoyulmalıdır­sa, qoyulsun. Amma burada maraqlı olan nədir? Qadağanın alternativi maarifçilik­dir. Azərbaycanda maarifçilik mexanizm­ləri çox aşağı səviyyədədir. KİV vasitəsilə qohum nikahların zərərləri barədə maa­rifləndirmə aparmaq olar. Əslində, biz qohum nikahların nəticələrini müzakirə etməliyik, problemin mahiyyətinin müza­kirəsi insan hüquqları ilə ziddiyyət təşkil edən məsələdir. İnsanın seçim hüququ var, qohumunu seçə bilər. Buna görə də, bu məsələdə müdaxilə insan hüquqları­nın qorunması baxımından doğru deyil. Amma nəticə kontekstindən dövlət bu məsələyə mütləq müdaxilə etməlidir. 

Burada qeyd olundu ki, kənd yerlə­rində bu məsələdə artım səviyyəsi daha çoxdur. Səbəb nədir? Səbəb şəhərə gələnlərdə mədəni sosiallaşma səviy­yənin aşağı olmasındadır. Bu gün mək­təbdə şagirdə bu ideya təbliğ olunmur ki, sənin qohum evliliyindən şikəst övladın dünyaya gələcək. Ona görə də, biz bu məsələni sosiallaşma problem üzərinə gətirməliyik.

Taliyə İbrahimova, 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri:

– Oncə erkən nikahlarla bağlı paralel aparmaq istəyirəm. 10–15 il öncə sta­tistika çox yüksək idi. Ötən illər ərzində kifayət qədər işlər görüldü və komitə ola­raq cəmiyyətin bütün sektorlarında bu məsələyə neqativ münasibəti və yanaş­manı formalaşdırdıq. Bugünkü statistika ürəkaçan olmasa da, ergən nikahların 5–6 dəfə azaldığını görürük. Maariflən­dirmə öz yerində, əsas təsir qanunveri­ciyə edilən dəyişikliklər olub. Qanunve­ricilikdə 2011-ci ildə Ailə Məcəlləsində qızlar üçün minimal nigah yaşı oğlanlarla eyniləşdirildi və 18 yaşa qaldırıldı. Para­lel olaraq Cinayət Məcəlləsində dəyişik­liklər oldu. Erkən nikah qadağan edildi. Buna baxmayaraq, yenə qanunvericilik­də boşluqlar var. 

Qohumlar arasında nikahlar Ailə Mə­cəlləsində qadağan edilir. Nazirlər Ka­binetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” var. İlk dəfə bu iki məsələ– erkən nikah və qohumlar arasında nikah anlayışı o qaydada verildi. Qaydaya görə, baba və nənələri eyni olan gənclər ara­sında bağlanan nigah qohumlar arasında nikah hesab edilir. Qohumlar arasında ni­kah qohum evliliyi deyil, onun statistikası aparılsa çox fərqli rəqəmlər çıxar. 

Qohum evliliklərinin səbəbləri ara­sında bir çox sosial və mədəni amillərin olduğu müşahidə olunur. Dünyadakı ni­kahların təxminən 20 faizi qohum evlilik­ləridir. Belə nikahların nisbəti cəmiyyət­dən cəmiyyətə fərqlidir. Məsələn, ABŞ və Avropa ölkələrində qohum evlilikləri 0,1–0,4 faiz arasında dəyişir. Şimali Afri­ka, Yaxın Şərq və Qərbi Asiya ölkələrində belə nikahlar 50 faizdən çoxdur. Türkiyə­də qohum evliliklərinin nisbəti bölgələrə görə 20–40 faiz arasında dəyişir. MDB ölkələrində qohum nikahlarına daha çox Azərbaycanda və Mərkəzi Asiya dövlət­lərində rast gəlinir. 

Bakı, Ağsu, Astara, Beyləqan, Cəb­rayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobus­tan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Ağdam, Qəbələ rayon və şəhər­lərinin sakinlərinin iştirak etdiyi 1354 respondenti əhatə edən sorğuda 67,4 faiz qadın, 32,6 faiz isə kişilər olub. Qo­hum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı arasında olan nikahla­rın xüsusi çəkisi (37,4 faiz) əmioğlu və əmiqızı (22,1 faiz), xala oğlu və xala qızı (23,2 faiz), eləcə də qohum şəxslərin (əmi, bibi, dayı, xala) nəvələri (17,3 faiz) arasında olan nikahlardan daha çoxdur. 

Respondentlərin fikrincə, qohum evli­liyinin bir sıra səbəbləri var. Onların 16,4 faizi “yaşlı nəslin təkid etməsi, gənclərə seçim haqqının verilməməsi”, 36,4 faizi “nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər”, 14,3 faizi “erkən nikah”, 16,6 faizi “gənclərin təcrübəsizliyi, yetərli qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri”, 8,1 faizi “ailə quran insanların təhsilsizliyi, cahilliyi”, 6,2 faizi “kifayət qədər məlumatın olmaması” cavablarını qeyd ediblər. 

Bir narahatedici məqam Azərbay­canda xəstə doğulan uşaqların statisti­kasıdır. Əliliyini rəsmiləşdirənlərin sayı 70 minə yaxındır. Qohum evliliyinin ən ağır fəsadlarından biri belə nikahlardan doğulan uşaqların sağlamlıq vəziyyətidir. Mütəxəssislər bildirirlər ki, əgər yad in­sanların evliliyi zamanı onların uşaqları­nın qüsurlu olması riski 2–4 faizdirsə, qo­hum evliliklərdə bu göstərici 4–8 faizdir. Yəni, bu risk 2 dəfə artır. Genetik xəstə­liklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada ən­gəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklə­rində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ–sinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemi­ya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılmışdır.

Bu cür ailələr adətən onlara aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Bəzən qız­larının təhlükəsizliyi baxımından qohum­la evlənməsini məsləhət bilirlər. Amma düşünmək lazımdır ki, ailəyə, cəmiyyətə sağlam uşaq lazımdır, yoxsa qızın təh­lükəsizliyini düşünmək?!.

Milli Məclisin deputatı Məlahət İb­rahimova bildirdi ki, qohum nikahlardan doğulan uşaqların xəstəliyi cəmiyyəti ilk növbədə düşündürməlidir. Mentaliteti­mizdə qohum evlilik tarixən var. Sağlam cəmiyyət arzulayırıqsa, qohum evliliyinə qadağa qoyulmalıdır. Deputat Jalə Əh­mədova maarifləndirmənin məktəblər­dən başlamasının tərəfdarı olduğunu dedi. Bildirdi ki, ailələrə müdaxilə edə bilmərik. Amma məktəblər bu işin öhdə­sindən gələr. Qanunvericilikdə sərtləş­mələr olmalıdır. İki qohum arasında sevgi yaransa, onlara cəza da təsir etməyəcək və vətəndaş nikahı ilə ailə quracaqlar. O, bölgələrdə vəziyyətin gərgin olduğunu, gənclərin asudə vaxtlarını keçirmək üçün imkanların olmadığını vuğrğuladı. Onun həmkarı Sevil Mikayılova da qohum ni­kahlarla bağlı qanunvericilikdə dəyişiklik aparılmasını dəstəklədiyini bildirdi. Qeyd etdi ki, insanları maarifləndirmə yolu ilə dəyişə bilməyəndə, hüquqi yola əl atmaq lazım gəlir. Qohum nikahların fəsadları ilə bağlı fikirlər gənclərə uşaqlıqdan aşı­lanmalıdır. Elşad Mirbəşiroğlu da depu­tat həmkarlarının fikirlərini dəstəklədiyini bildirdi. Qeyd etdi ki, qohum nigahların sərt şəkildə qarşısını almaq mümkün olmayacaq. Qanunvericilik bazasını tək­milləşdirmək vacibdir. Maarifləndirmənin rolu böyük olmalıdır.

Elşad Mirbəşiroğlu daha sonra xa­tırlatdı ki, ötən il Azərbaycanda 45 min 500 nəfər ailə qurub, ancaq 20 min nəfər boşanıb. Qohum nikahları ilə bağlı göstə­ricidə isə bu rəqəm 600-700 arası olub. Bu da digər göstəriciyə görə elə də böyük rəqəm deyil. Ailə quran insanlarda gənc­lər arasında hansısa keçilməz hisslər mövcuddursa, onlar tibbi müayinədən də keçə bilərlər. Azərbaycan cəmiyyətində təhlükəli tendensiya müşahidə olunur. Çünki boşanmaların sayı sürətlə çoxalır. Bu, bizi daha çox narahat etməlidir.

Qohum nikahlarının qarşısının sərt şəkildə alınması isə müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki bizim cəmiy­yətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir.

7 saylı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirdi ki, qo­humların nikahla bağlı müraciətləri az de­yil. Onlarla söhbətlər aparırıq. Keçən il 96 maarifləndirmə tədbiri aparmışıq. Ayrılıq­da cütlüklərlə bağlı söhbətlər aparsaq da müsbət nəticəsi olmur. Çünki onlar qərar qəbul edib nigaha ərizə verməyə gəlirlər. Bakı Nikah Evinin müdiri İradə İskən­dərova 2022-ci ildə 10, 2023-cü ildə 6, bu il isə 2 nəfər qohum nikahı qeydə aldığını bildirdi. Vurğuladı ki, məktəblərin yuxarı siniflərində şagirdlərlə söhbətlər aparmışıq. Yaxşı haldır ki, qanuna görə, rəsmi nikah olmayanda dini nikah bağ­lanmır. Ən əsası isə qan müayinələrini göstərən arayış olmadan nikah bağlan­mamalıdır. 

Milli Hematologiya və Transfuzio­logiya Mərkəzinin Talassemiya bölməsi­nin baş həkimi Xuraman Cəfərova qan xəstəliklərinin, həmçinin qüsurlu uşaqla­rın sayının artdığını bildirdi. Qeyd etdi ki, hər iki valideyn talassemiya daşıyıcısı ol­duqda xəstə uşaqların doğulma ehtimalı böyük olur. Burada böyk faiz qohum ni­gahların payına düşür. Mərkəzin tibbi ge­netika həkimi Ağarza Ağayev isə mində, milyonda bir təsadüf edilən nadir xəstə­liklərin məhz qohum evliliklər nəticəsində yarandığını diqqətə çatdırdı. 

Elmi Tədqiqat Mamalıq və Gineko­logiya İnstitutunun mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Kifayət Adı­gözəlova bildirdi ki, onlara erkən və qohum nikahların fəsadı kimi xəstələr müraciət edirlər. Hər insanda DNK-nı for­malaşdıran 23 cüt xromosom var. DNK-nın funksiyalarını müəyyənləşdirən, kod­laşdıran genlərdir. Həmin genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohumla evlənəndə zərərli genlərin qar­şılaşma ehtimalı yüksək olduğundan do­ğulan uşaqların müəyyən xəstəliklərə tu­tulması riski yüksək olur. Qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. Məsələn, akondoplazia (cırtdan boyluluq) xəstəliyi autosomal dominant xəstəlikdir. Hamiləliyin bəlli bir həftəsində perinatoloq ultrasəs müayinə­si ilə sümüklərin qısalığından şübhələnib xəstəliyi genetik diaqnozla təsdiqləyə bilər. Skrininq testi ilə hamiləliyin 11–14-cü həftəsi arasında hər hansı patologiya aşkarlanırsa, ya da ananın yaşı 35-dən çoxdursa, bu zaman Daun, Edwards, Pa­tau sindromu üçün risklər olur. Hamilədə diaqnoz genetik analizlə təsdiqlənsə, bu, ana bətnində müəyyənləşdirilən xəstəlik sayılır. Bəzi xəstəliklər isə uşaqlıq, gənc­lik dövründə aşkarlanır. Hətta 40 yaşla­rında da özünü büruzə verən genetik xəstəlik mövcuddur. Perinatal diaqnos­tikada dölün xəstə olduğu aşkarlananda tibbi əsas və valideynlərin razılığı ilə ha­miləlik yarımçıq dayandırılır. 

Bahar Muradova sonda dedi:

– Hər kəs bu məsələdəki gərginliyi­ni anlayır və məsələnin vacibliyini qəbul edir, bu və ya digər addımların atılmasını da mütləq şəkildə vacib sayır. Və burada fərqli fikirlər oldu. Bu da aydındır ki, bir hədəfə doğru gediriksə, burda müxtəlif fikirlərin olması mümkündür və paralel üsullardan istifadə etməliyik. İnsan dü­şünə bilər ki, mənim silah gəzdirmək kimi bir istəyim, hüququm var. Biz onu tənzim­ləyirik. Yaxud kiminsə narkotik maddələr alıb satmaq istəyi var. Əgər şəxsin istəyi cəmiyyət üçün təhlükə törədirsə, biz onu məhdudlaşdırırıq. Maarifləndirmə isə şəxsin özünün xilası üçün mütləq getmə­lidir. Bunu heç kim inkar və istisna etmir. Aydındır ki, yalnız maarifləndirmə yolu ilə gedəndə hansı nəticələr əldə etmək olar. Amma konkret şəxsin pozulmuş hüququnu bərpa etmək istəyəndə qanu­nun gücündən və hüquqi çərçivələrdən istifadə edilməlidir. Bu çərçivələr olmasa, maarifləndirmə təsir göstərə bilməz. 

*** 

Komitədən aldığımız məlumata əsasən, deyə bilərik ki, Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möh­kəmləndirilməsi məqsədi ilə erkən nika­hın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qayda­sı” təsdiq edilmişdir. Qaydada erkən ni­kahın və qohumlar arasında nikahın izahı verilib. Maarifləndirmə Qaydası­nın icrasına dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nə­ticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən mütə­madi olaraq görüşlər keçirilir, maariflən­dirici vəsaitlər dərc edilir və yayımlanır. “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair keçirilmiş tədqiqa­tın təhlili” adlı kitabça hazırlanıb və çap edilib. “Qan qohumları arasında nikah və onun fəsadları” adlı maarifləndirici vəsait hazırlanaraq komitənin rəsmi saytına və sosial şəbəkə səhifələrində yerləşdirilib, eləcə də çap olunaraq, qeydiyyat şöbələ­rində nikaha daxil olan gənclərə paylan­ması üçün Ədliyyə Nazirliyinə və “ASAN xidmət” Mərkəzinə göndərilib. 

Dövlət tərəfindən bu istiqamətdə lazı­mi tədbirlər görülür. Qanunvericiliyə dəyi­şikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin, buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohum­ların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə sə­bəb olur. 

Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Ta­cikistanda və Gürcüstanda baba və (və ya) nənəəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasıın qadağan edildiyi məlum olmuşdur. 

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsad­larla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.

*** 

Son olaraq qeyd edək ki, Azərbaycan­da genetiklər tərəfindən diaqnozu qoyula bilməyən irsi xəstəlik yoxdur. Müayinələr­lə növündən, mutasiyanın şəklindən asılı olmayaraq, patologiyanın səbəbi aydın­laşdırılır. Amma hər zaman klinik genetik araşdırma üçün ortada səbəb, patologiya və ya xəstə uşaq olmalıdır. İnsanda hər hansı problem yoxdursa, genetikasını araşdırmaq doğru deyil. Dünyanın hər yerində belədir ki, genetikası yoxlanıla­caq insanların əvvəldən yazılı razılığı alı­nır. Nəticələr bəlli olandan sonra həmin şəxslərə genetiklər nəticəni izah edirlər. Tutaq ki, iki nəfər resesiv xəstəlik daşı­yıcılığını öyrənmək üçün analiz verib və nəticələrində hər ikisi daşıyıcı çıxıb. Bu zaman onlara izah edilir ki, sizin hər ha­miləlikdə 25 faiz xəstə, 75 faiz sağlam uşaq sahibi olmaq ehtimalınız var. On­lara, həmçinin hamiləlik zamanı xəstəliyi əvvəldən müəyyənləşdirməyin mümkün­lüyü izah edilir. Sağlam uşaq şansları­nın olduğunu biləndə problem yaranmır. Bütün bunlardan sonra gənclər, eləcə də valideynlər bir şeyi bilməlidirlər ki, ailəyə, eləcə də cəmiyyətə sağlam uşaq bəxş etməyin ən düzgün yolu qohumlarla niga­ha girməməkdir.

Vaqif BAYRAMOV,
Zərifə HÜSEYNOVA,
Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ



















Sosial həyat