Azərbaycan qadını - fədakarlıq və ləyaqət nümunəsi

post-img

Tarixin bütün dövrlərində Azərbaycan qadının fəaliyyəti  bəşəriyyət üçün örnək olub. Olduqca mürəkkəb və ağır situasiyalardan ləyaqətlə çıxaraq qəhrəmanlığı ilə tarix yazan qadınlarımızın şərəfli həyat yolu heyrət doğurub. Qadınlarımız zaman-zaman müqəddəs dəyərlərimizin qorunmasında, yaşadılmasında əvəzsiz xidmətlər göstərərək  parlaq zəkaları ilə insanlığın keşiyində dayanaraq dünya üçün faydalı olmuşlar. 

Ölkəmizdə qadın siyasətinin fundamental əsasını yaradan Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində qadınlarımıza hörmətlə yanaşır, onların istər dövlət, istər ictimai işlərə cəlb olunması istiqamətində uğurlu siyasət yürüdürdu. Keçmiş ittifaq dönəmində
 Ulu öndər qadınlarımızın yüksək vəzifələrdə təmsil olunmasına şərait yaradaraq  onların fəaliyyətinə geniş meydan verdi. Qadınlarımızın bilik, bacarıqlarını, istedadlarının nümayişi üçün əlverişli zəmin yaratdı və Azərbaycan qadınının nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. 

Müstəqil Azərbaycanın rəhbəri kimi də böyük öndər bu prosesi daha da sürətləndirdi və bunun nəticəsi olaraq  qadınlarımızın səsini yüksək tribunalardan eşitdik. Kişilərimizlə yanaşı çiyin-çiyinə mübarizə alovundan keçən qadınlarımız müstəqil Azərbaycan uğrunda fədakarlıq nümunəsinə çevrildilər, cəmiyyətimizin ayrılmaz hissəsi kimi dövlətimizin inkişafına, ictimai, siyasi, mədəni həyatına töhfələrini verdilər. 

Sonrakı illərdə Prezident İlham Əliyev Ulu öndərin ölkəmizin milli sərvəti olan dövlətçilik strategiyasına sadiq qalaraq yeni çağırışlara uyğun olaraq bu nəcib prosesi sürətləndirdi. Azərbaycan qadını dövlətimizin diqqəti və qayğısı ilə tam əhatələndi, idarəçilikdə onların təmsil olunması ölkə üzrə geniş miqyas aldı.

Bununla yanaşı, fəal vətəndaşlıq mövqeyi ilə seçilən xanımlarımız özünəməxsus bir ləyaqətlə milli maraqlarımızın, mənəvi sərvətlərimizin qorunması, unikal dəyərlərin təbligatçıları kimi cəmiyyətimizdə böyük nüfuz sahibi olmağı bacardılar, fəaliyyətləri təqdir olundu. Azərbaycan həqiqətlərini, mədəniyyətini, ölkədən bölgəyə, bölgədən dünyaya daşıdılar. Sülhü təşviq etdilər, humanizm, xeyirxahlıq dolu marafonlar, aksiyalarla bəşəriyyətin və insanlığın keşiyində dayandılar! 

Bu mənada müasir dünyanın lider qadınlarından olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini  xüsusi vurğulamaq lazımdır. İnsanlığın kamillik nümunəsi olan Mehriban xanım dünya qadınlığı üçün xeyirahlıq və şəvqət ünvanıdır. Azərbaycan qadınının bəşəri obrazı olan Mehriban Əliyevanın mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər örnəkdir. Biz zəkası, sədaqəti, mərdliyi ilə hər zaman seçilən qadınlarımızla qürur duyur, onlarla haqlı olaraq fəxr edirik. Xalq olaraq milli mücadiləmizdə həmişə qəhrəman qadınlarımızın dəstəyinin şahidi olmuşuq. 

Şanlı Vətən müharibəsinin qaynar nöqtələrində, arxa cəbhədə ağ xalatlı qadınlarımızın fədakarlığı heç də uzaq tarix deyil. Müstəqilliyimizin ilk illərində Qarabağın azadlığı uğrunda düşmənlə müqəddəs şavaşda şəhid olmuş oğluna deyil, onun məzarı başında işğal olunmuş Vətənə ağı, göz yaşı tökən Azərbaycan qadını 30 il sonra cəbhədə ağır döyüşdə olan övladına “canavar kimi parçala, məhv et onları. Mən cəbhəyə qəhrəman göndərmişəm” sözləri onun sübutu idi ki, analarımız üçün Azərbaycan elə ən əziz övladdır! 

Məhz bu ali tərbiyənin nəticəsi olaraq qəhrəman övladlarımızın canı, qanı bahasına Azərbaycan bütövləşdi və bu gün taleyinin bəxtəvər günlərini Prezident İlham Əliyevin qeyd etdiyi kimi alnıaçıq, qürurla yaşayır!  

Budur, Azərbaycan qadının böyüklüyü, Vətəninə bağlılığı, aliliyi! Azərbaycan qadını zatən ali doğulub və hər zaman ali yaşayıb! Qəhrəmanlıq, döyüşkənlik, ədalət qadınlarımızın həyat tərzi, həyat fəlsəfəsi olub. Döyüş meydanında düşməni məğlub edərək torpaqlarımızı onun KİRli ayaqlarından təmizləyən Tomris ana kimi! 

Əziz qadınlarımız, biz həmişə sevinirik ki, məmləkətimiz, yurdumuz çox gözəldir. Amma Azərbaycanımız, həyatımız sizlərlə daha gözəl. Bayramınız mübarək!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Sosial həyat