Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bölgələrdə vətəndaşlarla görüşüb

post-img

Kənd Təsərrüfatı Nazirliyinin elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdaş rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, görüşdə vətəndaşların müraciətləri əsasən işlə təminat məsələləri ilə bağlı olub. İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüşdən sonra Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.

Daha sonra İ.Süleymanov Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən laboratoriyanın işi ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib.

2019-cu ildən tingçiliklə məşğul olan fermer Namiq Ədilov bu sahənin inkişafı, meyvə tinglərinə olan tələbatın yerli istehsal hesabına təmin edilməsi, calaq prosesi, tinglər və tinglərin keyfiyyətli formada saxlanması barədə məlumat verib. Görüşdə tingçiliyin inkişafı, bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.





Sosial həyat