Özündə lif, vitamin və mineralları, eləcə də orqanizm üçün vacib yağları ehtiva edən qoz son illərdə super qida elan edilib. Tərkibində təxminən 90 qida maddəsi olan bu çərəz müntəzəm istehlak edildikdə immuniteti gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
O, qanda melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malik qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, eyni zamanda bir sıra vitaminlər var.
Qoz qlutensiz pəhriz üçün uyğundur. Vegetarianların və veqanların bir sıra vitamin və mineral çatışmazlığından əziyyət çəkməmələri üçün qoz yemələri məsləhətdir.
O, antioksidanlarla zəngin olduğu üçün yaşlanma ilə bağlı xəstəliklərin, xərçəngin və ürək-damar sistemi problemlərinin qarşısını alır.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterinin (LDL) oksidləşdirici zərərini azaldır. Axşam televizor qarşısında çips və ya şokolad yemək vərdişi olanlar əvəzinə qozu seçə bilərlər. Qoz doyurucu olduğu üçün aclıq hissini və iştahı azaldır.
Arıqlamaq istəyənlər və ya eyni çəkidə qalmaq fikrində olanlar gün ərzində 8 ədəddən çox qoz yeməməlidirlər.
Z.HÜSEYNLİ
XQ