Düşmənin vurduğu yaralar sağaldıqca bölgənin gözəlliyi özünə qayıdır
Xudafərin körpüsü xalqımızın mənəviyyatında və tarixində dərin iz buraxan bir məkandır, eyni zamanda milli qürur məsələsidir. Yəqin ki, yaxşı xatırlayırsınız, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da Cəbrayıl rayonuna gedərkən Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdılar.
Təbii ki, bayrağımızın tarixi Xudafərin körpüsündə dalğalanması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. O fakt da yaddaşlara həkk olunub ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzib, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər.
...1980-ci illərin sonları idi... Erməni yaraqlıları Qarabağın bir çox bölgələrinə, eləcə də Cəbrayılın sərhəd kəndlərinə tez-tez basqınlar edirdilər. Kremlin ovaxtkı rəhbərliyi isə ermənilərin separatçılıq hərəkatına gizli dəstək verirdi. Azərbaycan xalqı heç bir əndazəyə sığmayan bu aşkar ədalətsizliklə razılaşa bilməzdi. O günlərdə paytaxtda və bölgələrdə tez-tez keçirilən izdihamlı mitinqlərdə vətənpərvər insanlar “Qarabağ!, Qarabağ!” deyərək xain düşmənlərə nifrət yağdırırdılar.
Xalqımız üçün olduqca həyəcanlı günlərin birində Bakıdan bir qrup şair və yazıçı Cəbrayıl ictimaiyyətinə dəstək məqsədilə bu rayona gəlmişdi.
Bu yazının həmmüəlliflərindən birinin yaxşı yadındadır ki, qonaqların bir neçəsi rayon ərazisində yerləşən Xudafərin körpülərini (o dövrdə hər iki körpü qorunub saxlanılmışdı-red) görmək arzusunda olduğunu bildirdi. Beləcə, bir qrup ziyalı vaxt itirmədən bu tarixi məkana yola düşdü.
Qonaqlar Qumlaq kəndi ərazisində Araz çayının üzərində XI və XIII əsrlərdə inşa edilmiş Xudafərin körpülərini görəndə çox təsirləndilər. Söhbət xalqımızın taleyin acı hökmü ilə ikiyə bölünməsindən, həmçinin bu mövzuda yazan görkəmli şair və yazıçılardan düşdü. Bəziləri elə oradaca Məhəmmədhüseyn Şəhriyardan, Süleyman Rüstəmdən, Söhrab Tahir və başqalarından şeir parçaları da söylədilər.
Ürək ağrısı ilə qeyd etmək lazım gəlir ki, sözügedən görüşdən cəmi bir neçə ay sonra Cəbrayıl rayonu, eləcə də Xudafərin körpülərinin yerləşdiyi Arazqırağı ərazilər erməni qəsbkarlarının əlinə keçdi. Sonrakı 27 il ərzində davam edən bu ağır və dözülməz yara hər birimizin qəlbini ağrıdırdı. Amma Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu işğalçıları doğma torpaqlarımızdan qovdu, yaralarımıza məlhəm qoydu. Beləcə, Qarabağda ilahi ədalət zəfər çaldı.
Bu gün isə Qarabağın başqa növrağı var. Azərbaycan xalqı və dövləti əl-ələ verib müqəddəs torpaqlarımızı yenidən cənnətə çevirir. Cəbrayıl RİH başçısının müavini Şahin Şirinov bizimlə telefon söhbəti zamanı dedi ki, işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da bu gün genişmiqyaslı tikinti-quruculuq, bərpa və abadlıq işləri görülür və bu prosesin miqyası və sürəti günbəgün artır. Yaxın aylar, illər ərzində cəbrayıllılar doğma yurd yerlərinə qayıdacaqlar.
Şahin müəllim onu da xüsusi olaraq vurğuladı ki, Cəbrayıln gələcək inkişaf prioritetləri içərisində bölgədə turizmin inkişafına xüsusi diqqət göstəriləcək. Həmsöhbətim fəxrlə əlavə etdi ki, Cəbrayılın bir çox tarixi məkanlarını, xüsusilə Xudafərin körpülərini ziyarət etmək arzusunda olanların sayı xüsusilə çoxdur.
Cəbrayıl rayonundan olan başqa bir ziyalı, tanınmış şair-publisist Əlirza Xələfli fəxarət hissi ilə bildirdi ki, o, şəxsən zərrə qədər buna şübhə etmir və tamamilə əmindir ki, həqiqətən, gözəl iqlimi, əlvan relyefi, çoxəsrlik tarixi abidələri olan Cəbrayılın, bütövlükdə Qarabağın yaxın gələcəkdə ölkəmizin ən böyük turizm məkanlarından birinə çevrilmək imkanları böyükdür.
Məlumat üçün bildirək ki, əgər xəyalən Xudafərindən qonşu Zəngilan rayonununa getsək, 30-40 kilometr məsafə qət edəndən sonra 1974-cü ildə yaradılmış Bəsitçay Dövlət Təbiət Qoruğuna gəlib çıxacağıq.
Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir. Erməni vandalları qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsini tamamilə məhv etmişdilər. Yaşı bir əsri haqlamış qiymətli Şərq çinarı ağacları kəsilmiş, bu nadir təbiət xəzinəsinin köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və qoruğun inzibati binası dağıdılmışdır.
Amma necə deyərlər, pislik yenə düşmənin özünə qalıb. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Çinar meşəsində yeni pöhrələr boy atıb və ərazi əvvəlki gözəlliyini bərpa etməyə başlayıb.
Yeri gəlmişkən, Qubadlı, Laçın, Kəlbəcər təkcə isti yay aylarında deyil, qışda da çox gözəldir. Əslən Kəlbəcərdən olan jurnalist həmkarımız Şahin Əliyev dedi ki, bu rayonun relyefi elədir ki, burada xizəkçilik idmanı və turizm üçün elə gözəl şərait yaratmaq olar ki, hətta Avropanın mərkəzindəki məşhur Alp qış turizm mərkəzi bizə həsəd apara bilər.
Bu yerdə mütləq xatırlatmaq lazımdır ki, hələ sovet dönəmində Kəlbəcərdə “İstisu” sanatoriyası fəaliyyət göstərirdi. Bura keçmiş ittifaqın ən ucqar guşələrindən də çox sayda turistlər gələr, həm istirahət edər, həm də bu dağların qeyri-adi, füsunkar təbiətinin gözəlliklərindən zövq alardılar. Kəlbəcəri bir dəfə görən “bura mütləq yenə gələcəyəm” deyirdi.
Yeri gəlmişkən, Kəlbəcərdəki “İstisu” sanatoriyası yenidən inşa edilir və yaxın aylar, illər ərzində öz qapılarını pasiyent və turistlərin üzünə açacaq.
Xatırladaq ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2022-ci il iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Təbii ki, Qarabağın turizm imkanlarından söz düşəndə milli mədəniyyətimizin beşiyi olan gözəl və bənzərsiz Şuşadan söz açmamaq sadəcə insafsızlıq olardı. Gözəl şairəmiz Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, muğam sənətinin böyük ustadları Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, əvəzsiz səs tembrinə malik böyük müğənni Bülbülün və digər olduqca dəyərli ziyalılarımızın ruhları bu gün şaddır. Axı, milli mədəniyyətimizin tacı olan Şuşa azaddır.
Turizm sahəsində çalışan mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə Şuşanı ziyarət etmək, buranın qeyri-adi gözəlliklərini seyr etmək istəyənlərin sayı beşqat-onqat artacaq. Müharibələrin tüğyan etdiyi hazırkı dönəmdə bütün dünyanın əvəzsiz “Cıdır düzü”nə, buranın təkrarsız təbiətini seyr etməyə mənəvi ehtiyacı çoxdur. Sülhün, barışığın aşiqi olan Qarabağ hər bir qonağa ruhi rahatlıq bəxş edəcək.
Bir müddət əvvəl qazaxıstanlı şairə-publisist, Qarabağ barədə bir neçə kitabın və saysız-hesabsız məqalələrin müəllifi Nəsiha Kumarqızına da, onun öz sözləri ilə desək, “Şuşanı öz gözləri ilə görmək səadəti nəsib olub”.
Nəsiha xanım qəlbən inanır ki, “Türk dünyasının mədəniyyət mərkəzi” elan edilmiş Şuşa türk xalqları arasında sarsılmaz birlik və həmrəyliyin yaranmasına və qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Qarabağın bu gözəl şəhəri sülh və yurdsevərlik rəmzinə çevrilrək yaxın və uzaq ellərdən təşrif buyuran ziyarətçilərə qucaq açacaq.
Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru, filologiya elmləri doktoru
– İşğaldan azad edilmiş ərazilərimizin son dərəcə böyük turizm potensialı mövcuddur və sevindirici haldır ki, bu istiqamətdə hökumət və özəl qurumlar tərəfindən lazımi addımlar atılır. Bölgənin şanlı tarixi, zəngin mədəniyyəti insanların diqqətini özünə cəlb edir.
Burada həm mədəni, həm də müalicəvi turizmi inkişaf etdirmək olar və lazımdır. Qarabağda turizmin inkişafını sürətləndirmək həm də ona görə vacibdir ki, bu yolla əhalinin yeni iş yerləri ilə təmin olunması üçün münbit şərait yaratmaq olar. Turizmin uğurları, ilk növbədə, rahat yollardan, digər infrastrukturdan başlayır. Xoşbəxtlikdən, son illər ölkəmizin hər yerində, o cümlədən Qarabağda bir-birindən gözəl və rahat yollar inşa edilib və bu istiqamətdə mühüm layihələr icra olunur. Ərazidə ən yüksək standartlara cavab verən hotel və mehmanxanalar da inşa edilir.
Məlumdur ki, dünyanın yüksək inkişaf etmiş ölkələri qış turizminin inkişafına böyük önəm verir. İşğaldan azad edilən ərazilər, xüsusilə Laçın və Kəlbəcərdə qış turizminnin sürətli inkişafı üçün geniş imkanlar var. Bu istiqamətdə özəl sektorun təmsilçiləri, iş adamları, sahibkarlar da toparlanmalıdır. Dövlət onlara hər cür dəstək verməyə hazırdır.
Düşünürəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasından sonra yerli və xarici turistlər bu bölgələrə daha rahat şəkildə gələ biləcəklər. Zəngilan və Füzulidəki beynəlxalq hava limanlarının fəaliyyəti genişləndikcə, regionun turizm potensialının reallaşması mümkün olacaq.
Fəxrlə qeyd etmək istəyirəm ki, uzun illərdir pedaqoq kimi çalışdığım Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Qarabağda açılacaq turizm obyektlərində işləmək arzusundadırlar. Onlar yaxın-uzaq ölkələrdən təşrif buyuran ziyarətçilərə Qarabağın şanlı tarixi, zəngin mədəni irsi və maraqlı adət-ənənələri barədə söz açacaqlar.
Kəmalə ABDİNOVA,
Məsaim ABDULLAYEV,
XQ